Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:22

Həbsxanada nikahdankənar ana olan qadının məsələsi parlamentdə


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

-

Təxminən 10 il əvvəl qətldə günahlandırılan və həbsxanada ana olan Lamiyə Quliyeva barədə mətbuatda yazılanlar Mili Məclisin də müzakirəsinə çıxdı.

apa-nın məlumatına görə, deputat Zahid Oruc bildirib ki, L.Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır:

«Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir. Nəzərə alaq ki, bu məsələ dövlətə xəyanətdə ittiham olunan bəzi QHT rəhbərlərinin həbsi ərəfəsində gündəmə gətirilib. Bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır. Bu qadının ətrafında baş verən məhkəmə qərarı olayları kompleks olaraq bizim ədliyyə sisteminə ləkə gətirir».

«KİMİN CİNAYƏTİNİ PƏRDƏLƏYİRLƏR?»

İqbal Ağazadə qeyd edib ki, bütün hallarda həbsxanada cinayət baş verib və bir qadının üzərində qaranlıq oyun getdiyi ortadadır:

«Penitensiar Xidmətlə bağlı qanunvericiliyə əsasən, rəsmi nikahı olmayan istənilən məhkum içəridə yaxın münasibətdə ola bilməz. Artıq burada nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib. Üstəlik, o qadının dilindən hələ bir müraciət də yayırlar. İndi bir ana və körpənin üzərində oyun gedir. Bu məsələyə aydınlıq gətirilməlidir. Üstəlik, o qadının cəzası hansısa nəzarətçiyə qarşı kobudluq etməsi faktına görə 6 il uzadılıb. Bu, nə dərəcədə ədalətli məhkəmə qərarıdır? Mən xahiş edirəm ki, Milli Məclis, xüsusilə qadın həmkarlarım o qadının hüquqlarının müdafiəsi istiqamətində fəal olsunlar və müvafiq qurumlar bu oyunun qarşısını alsın».

Deputat daha sonra Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun ölümündə günahlandırılan Lamiyə Quliyevanın 10 illik cəzasının üstünə daha 6 illik cəzanın verilməsini də «dəhşətli addım» adlandırıb:

«Daha dəhşətlisi odur ki, həbsxanada həmin qadına ərizə yazdırırlar ki, öz xoşu ilə uşaq doğduğunu desin. Bu gün onun içəridən videosunu yaydırırlar ki, «öz xoşumla uşaq dünyaya gətirmişəm». Kimin cinayətini pərdələyirlər? Ora dövlətin nəzarətində olan yerdir. Buna görə kim cəzalandırılmalıdır?».

İ.Ağazadə həmin qətldə günahlandırılanların bütün yaxın ətrafına qarşı basqıları sadalayıb: «Bu, nə qisasçılıq əməliyyatıdır? Yoxsa, feodal dövrünə qayıdırıq?».

Deputat daha sonra deyib ki, hökumətin hesabatına qədər Penitensiar Sistem bu məsələyə aydınlıq gətirməlidir. İ.Ağazadə xanım deputatlara müraciət edərək, həmin xanımın hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara təsir etməyə çağırıb:

«Bir məsələ var ki, məhkəmə Azərbaycan vətəndaşının güvənmədiyi, ədalət gözləmədiyi yerdir».

BAHAR MURADOVA GÜNAHKARIN CƏZALANMASINI İSTƏYİR

Milli Məclisin sədr müavini Bahar Muradova Z.Orucun fikirlərinə şərik çıxdığını vurğulayıb:

«On il əvvəl olmuş məsələnin indi bu şəkildə gündəmə gəlməsi Azərbaycanın məhkəmə sistemi ilə bağlı arzuolunmaz fikir yaratmaq istəyidir. Bu baxımdan məsələ araşdırılmalı, kim günahkardırsa, haqqında qərar verməlidir. Çünki Azərbaycan məhkəməsi obyektiv və ədalətlidir, ona ləkə gətirmək olmaz».

Lamiyə Quliyeva Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib 10 illik həbsə məhkum edilib. Cəza müddəti bitənə yaxın o, nəzarətçiyə kobud davranışına görə yenidən 6 il müddətinə azadlıqdan məhrum olunub. Lamiyə Quliyeva həbsxanada ana olub.

Müvafiq qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir. Buna görə də Lamiyə Quliyeva ilə bağlı məsələ mətbuatın gündəminə gəlib.

XS
SM
MD
LG