Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:12

«Anonimka»lara hüquqi qüvvə verilir


Foto: Arxiv
Foto: Arxiv

-

«Azadlıq» qəzeti 11 fevral tarixli sayında yazır ki, Milli Məclis «Vətəndaşların müraciətləri haqqında» yeni qanun qəbul edəcək. Bu qanunda isə anonim müraciətlərə baxılacaq:

«İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, bu sahədə mövcud qanun dövrün tələblərinə cavab vermir və yeni qanunun qəbulunu məqbul edir. Onun dediyinə görə, qanuna hazırda qüvvədə olan müraciət formasından başqa elektron, şifahi, yazılı, telefon, anonim, kollektiv müraciət, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Komitə sədri vurğulayıb ki, qanun qüvvəyə mindikdən sonra bütün aidiyyəti qurumlar sadalanan müraciətlərin cavablandırılması üçün məsuliyyət daşıyacaq və qanunun pozulması Cinayət Məcəlləsi, həmçinin İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır».

«Azadlıq» qəzeti yazır ki, bir vaxtlar mövcud olan anonim müraciətlərdən sovet hökuməti belə imtina edibsə, bu cür müraciət formasına təkrar qayıdışa ehtiyac varmı?

«SƏNAYE MƏHƏLLƏLƏRİ SƏNAYENİN İNKİŞAFINA TƏKAN VERƏCƏK»

«Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb». Bunu Milli Məclisin deputatı Tahir Rzayev yap.org.az-a verdiyi müsahibəsində deyir. Onun fikrincə, hazırda dünyada neftin ucuzlaşması, iqtisadi böhran Azərbaycana elə də ciddi təsir etməyib:

«Dünyada baş verən kataklizmlərin fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi səciyyələnməsi bir sıra obyektiv amillərlə bağlıdır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb. Zamanında həyata keçirilən preventiv tədbirlər, islahatlar kursu, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi respublikamızın güclü iqtisadi dayaqlarını formalaşdırıb».

Tahir Rzayev
Tahir Rzayev

Tahir Rzayev deyir ki, Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur:

«Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, sənaye sahəsinin inkişafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq».

İŞ YERLƏRİNDƏ ELMİ-TƏDQİQATLA MƏŞĞUL OLMAQ TƏLƏB EDİLİR?

«Bizim yol» qəzetinin 11 fevral tarixli sayında çap etdiyi «Hazırlıq kurslarının ümidinə qalan təhsilimiz» sərlövhəli yazısında ölkə təhsilinin vəziyyətindən söz açılır.

Yazı müəllifi Nadir İsrafilov yazır ki, iş tapmaq məqamında bakalavrlara yox, magistratura təhsili olanlara üstünlük verilməsi ayrı-seçkilikdir:

«Bakalavriat təhsili başa çatmış ali təhsildirsə, bakalavriatı bitirən məzunlara bakalavr ali peşə ixtisas dərəcəsi verilirsə, bu məzunların əmək fəaliyyəti elmi sektor istisna olmaqla, bütün digər sahələri əhatə edirsə, nədən magistratura pilləsini dəbə mindirib, bakalavrlara qıyqacı-qıyqacı baxırıq, magistratura bitirənlərə, əlavə hazırlıq kurslarından sertifikat alanlara üstünlük veririk?».
Müəllif yazır ki, məqsəd təkcə alim ordusu yetişdirməkdir, yoxsa bütün iş yerlərində elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tələb olunur?

Bakıda mənzillər
Bakıda mənzillər

MƏNZİL BAZARINDA VERGİ ŞOKU

«Yeni Müsavat» qəzeti «Mənzil bazarında vergi şoku» adlı məqaləsində yazır ki, ev alqı-satqısına qoyulan vergi ev bazarını çaşdırıb. İqtisadçı-ekspert Ramil Osmanlı deyib ki, söhbət təkcə ƏDV-dən yox, başqa gəlir vergilərindən də gedir. Onun bildirdiyinə görə, ən aktualı gəlir vergisidir ki, bu da 14 faizlik bir rəqəmdir:

«3 il müddətində təkrar dövriyyədə olan daşınmaz əmlakdan bu vergi tutulmalıdır».

Ekspert bu dəyişikliyin ev bazarına vuracağı zərbədən də danışdı. Dedi ki, bundan sonra satıcı mənzilini satarkən vergi xərclərini nəzərə almaqla əmlakın müvafiq dəyərinin üzərinə gələcək:

«Rəsmiləşdirilən bütün icarə müqavilələrinə görə icarədarın üzərinə qoyulmalı vergi icarə alanın üzərinə qoyulur. İndi də alqı-satqıda fiziki şəxslərin 100 min manat dəyərindəki əmlakda 14 min manat vergi ödəməsi ciddi rəqəm deməkdir. Satıcı bu məsələləri kompensasiya etmək üçün ödəyəcəyi vergiləri də satış qiymətinin üzərinə əlavə edəcək. Bu, nə dərəcədə effekt verəcək?».

XS
SM
MD
LG