Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Zərdüşt Əlizadə: «İlham Əliyev Avropa üçün sevilən, bəyənilən, hörmətli biridir»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

-

Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının altkomitəsində Azərbaycanla bağlı dinləmələr keçirilməlidir. Politoloq Zərdüşt Əlizadə ilə bu haqda danışırıq.

– Belə dinləmələrin əhəmiyyəti mövzu haqda konqresmenlərin, senatorların biliklərini genişləndirməkdir. Konqresdə vaxtaşırı belə dinləmələr keçirilir. Bir əsas məruzəçi çıxış edəcək, sonra müzakirələr olacaq. Məqsəd də odur ki, oradakı amerikalı qardaşlarımızın Azərbaycandakı vəziyyətlə bağlı yaxşı məlumatları olsun.

– Bu dinləmələrin gələcəkdə Konqresin Azərbaycanla bağlı qərarlarına, addımlarına təsiri ola bilərmi?

– Amerika Konqresi Azərbaycan haqda hansı qərarı qəbul edə bilər? O ki qaldı Amerikanın Azərbaycana yönəlik siyasətinə, məncə, bu siyasətin əsas parametrləri bəllidir də. Amerika hökuməti, dövləti çalışır ki, Azərbaycanla normal münasibətlər qursun, bunun əsasında da ABŞ-ın iqtisadi maraqlarını təmin etsin.

–Zərdüşt bəy, bir müddət öncə ABŞ-da qeyri-hökumət təşkilatları səviyyəsində Azərbaycanla bağlı dinləmələr keçirildi. Bununardınca Azərbaycan eyni addımı atdı, ABŞ-la bağlı dinləmələr təşkil etdi. Bu dəfə də bunun bənzəri ilə rastlaşa bilərikmi? ABŞ-la bağlı rəsmi dinləmələr ola bilərmi?

– O əsəbi reaksiyanın səbəbi sovet dövründən qalma təsəvvürlərlə bağlıdır. Moskvada Mərkəzi SovKP-nin hansısa şöbəsində Azərbaycan Kommunist Partiyasında işlərin yarıtmaz getməsi haqqında danışırdılarsa, bu çox ciddi siqnal idi, deməli, kimisə cəzalandıra, işdən çıxara bilərdilər. ABŞ böyük dövlətdir, şübhəsiz. Amma Konqres neyləyə bilər, nə qərar verə bilər Azərbaycanla bağlı? İlham Əliyevi işdən çıxarma haqda qərar çıxara bilər? Yox.

– Amma Bakını qıcıqlandıran, deyəsən, qeyri-rəsmi səviyyədə də olsa, Azərbaycana sanksiya tətbiqi ilə bağlı çağırışların səslənməsi idi.

– Sanksiyanı onlar ozaman tətbiq edirlər ki, siyasi və ya iqtisadi maraqları ciddi zədələnmiş olsun. Azərbaycan hökuməti isə onların iqtisadi və siyasi maraqlarını əsla zədələməyib! Nəinki ciddi, heç zədələməyib. Bizim mətbuat yazır ki, bu gün-sabah Azərbaycana sanksiyalar tətbiq edəcəklər, ona görə ki, Əli Kərimliyə pasport vermirlər,Rəsul Cəfərovu, Xədicə İsmayılı, İlqar Məmmədovu, Tofiq Məmmədlini həbs ediblər, qəzetləri sıxırlar-boğurlar və s. Hökumətin vətəndaş cəmiyyətinə, müxalifətə, fəal vətəndaşlara qarşı törətdiyi cinayətlərin sayı-hesabı yoxdur, düzdür. Ancaq sizi inandırıram ki, Amerika hökuməti Azərbaycan hökumətinin bu əməllərini bilsə də, sanksiyalarla cavab verməyəcək. Çünki hesab edir ki, bu, ABŞ-ın siyasi-iqtisadi maraqlarına zərbə vurmur.

Prezident İlham Əliyev Praqada «Şərq Tərəfdaşlığı» sammitində - 2014
Prezident İlham Əliyev Praqada «Şərq Tərəfdaşlığı» sammitində - 2014

- Siz dönə-dönə deyirsiniz ki, ABŞ-ın Azərbaycanda siyasi-iqtisadi maraqlarına zərbə dəyməyib. Amma son günlər hamı iki ölkə arasındakı münasibətlərin gərginliyindən danışır. Səbəb nədir bu gərginliyə? Təhlil etmisiniz bunu?

- Bu, zahiri gərginlikdir. Bilirsiniz, bu bizim özünü «müstəqil» adlandıran, ya hökumətyönlü mətbuatda şərh yazanlar ya savadsızlıqdan, ya da qərəzdən olmayan şeyi qələmə verir, böyük bir hadisə kimi təqdim edirlər.Bu gün yazırlar məsələn: «Hakimiyyətdən Avropa Parlamentinə hücum». Görəsən, hakimiyyət Avropa Parlamentinə necə hücum edə bilər? Hakimiyyət Azərbaycanda kimdir? Azərbaycanda hakimiyyət İlham Əliyevdir. O, Avropa Parlamentinə hücum edir? Əsla! O, çox mehriban gülür, neftdən danışır, özünü əsl demokrat, avropalı kimi göstərməyə çalışır, ingilis dilində danışır, göstərir ki, «mən də sizlərdən biriyəm». Avropanın xoşuna gəlməkdən ötrü hamının cibinə girib, milyardlar xərcləyir, Avropa Oyunları, «Avroviziya» keçirir və s... Qərbin ictimai rəyini formalaşdıran məmurlar, diplomatlar, ekspertlər İlham Əliyevə xoş baxırlar ki, «qanan adamdır, nə deyirik edir». Buna görə də, İlham Əliyev Avropa üçün sevilən, bəyənilən, hörmətli biridir. Bir az insan haqlarını bilən məmurlar İlham Əliyevi yumşaq şəkildə tənqid edirlər ki, «bəsdir də mətbuatı şərlədin, tutdun, işgəncə verdin, cibinə girdin, torpağını aldın»... O da bu qulağından alır, o birindən verir. Avropada siyasəti, ab-havanı insan haqları üzrə diplomatlar yox, başqaları - geosiyasətlə, iqtisadiyyatla məşğul olanlar müəyyənləşdirir, onlar üçün də İlham Əliyev gülməşəkərdir.

– ABŞ-ın burda bir sıra təsisatları bağlanıb. Bu addımı atmaqda Azərbaycan nəyə nail olmaq istəyir? Və sizcə, ABŞ buna görə narahatlıq keçirirmi?

– Bağlanıb bağlanıb da. Birləşmiş Ştatların xarici siyasətini əsasən Dövlət Departamenti həyata keçirir. O da öz yerində oturub cağbacağ işləyir. Onlar baxır ki, IREX, ya başqa qurumlar bağlanıb bağlanıb da, düşünürlər ki, «deməli, Azərbaycan hakimiyyəti savadsız hakimiyyətdir, orta əsr, feodal təfəkkürü ilə yaşayır». Buna anlaqlı yanaşırlar və düşünürlər ki, sağalmaları üçün, onların hökumətinin səmərəli işləməsi, inkişafı üçün zaman lazımdır. Neyləsinlər ey onlar? Dünyada o qədər belə dövlət var ki. Xüsusən də Afrikada, Asiyada... Onların düzəlməsi üçün, sadəcə, zaman lazımdır.

XS
SM
MD
LG