Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:07

R.Kauzlarich: «Səfirin gəlişi imkan yaradıb, amma təşəbbüs Azərbaycandan gəlməlidir»


Richard Kauzlarich
Richard Kauzlarich

-

ABŞ-ın sabiq səfiri Richard Kauzlarich-lə ekszklüziv müsahibə
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00
Direct-ə keçid

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-97), hazırda ABŞ-ın Corc Meyson Universitetində Terrorçuluq, Transmilli cinayətlər və Korrupsiya üzrə Mərkəzin direktor müavini vəzifəsində çalışan Richard Kauzlarich AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

- Siz 1994-1997-ci illərdə Azərbaycanda səfir kimi çalışmısız. Həmin vaxtlar ölkədə vəziyyət fərqli idi. O Azərbaycanı necə xatırlayırsınız? İki ölkə arasında münasibətlər o illərdə necə idi? Son 20 il ərzində çox şey dəyişibmi?

- Siz tamamilə haqlısız. İndi bir çox şeylər dəyişib və çalışıram ki, Azərbaycanı müşahidə edəndə dəyişiklikləri təkcə öz təcrübəmə əsaslanıb analiz etməyim. O zamankı dönəm fərqli idi. Azərbaycan ikinci müstəqilliyinin başlanğıcında idi, mən ilk müstəqillik deyəndə 1918-ci il dövrünü nəzərdə tuturam.

Mənim səfirlik dövrüm elə bir dönəmə düşür ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş kimi mühüm məsələlərlə bağlı fikir ayrılıqları olsa da, Bakı və Vaşinqton birgə işləmək niyyəti sərgiləyirdilər, çünki biz birgə maraqlarımızın olduğunu görürdük və istəyirdik ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlayaq.

Sovet İttifaqından qopandan sonra dirçəlməyə başlayan Azərbaycan ABŞ-ın dəstəyini istəyirdi. Bu o demək deyil ki, biz bütün məsələlərdə razılığa gəlmişdik. İnsan haqları və seçkilərin necə keçirilməsi razılaşmadığımız məqamlar idi, amma bunlarla yanaşı əməkdaşlıq edə biləcəyimiz sahələr də var idi və biz bu əməkdaşlığı edirdik.

Həmin əməkdaşlıq dövrü Ramiz Mehdiyevin dekabrın (2014-cü il-red.) əvvəlində yazdığı sənədlə (Mən bu haqda Brooking İnstitutunun bloqunda yazmışam) başa çatdı və indiki fikir ayrılıqları eyni müstəvidə birgə işləməyə cəhdə qarşı kimi görünür.

- Bu cür təzyiqlərin olduğu bir zamanda yeni səfirin gəlişini necə qiymətləndirirsiz?

- Səfirin olması həmişə olmamağından daha yaxşıdır. Səfir ABŞ prezidentinin nümayəndəsidir.

Dünən mən Bakıda işə başlayacaq yeni səfir Robert Cekuta-nın andiçmə mərasimində ikən Dövlət Departamentinin Konsulu bildirdi ki, səfirin titulunu tam anlamaq vacibdir. O, fövqəladə və səlahiyyətli səfirdir. O, səlahiyyətlidir, çünki ABŞ prezidentini təmsil edir. Odur ki, bu məqam olduqca vacibdir. Səfir Cekuta aydın bəyan etdi ki, o, Azərbaycan cəmiyyətinin bütün təmsilçiləri ilə mümkün qədər geniş əlaqələr qurmağa, o cümlədən, bütün səfirlərin etdikləri kimi siyasi liderlik etməyə çalışacaq.

Yuxarıda qeyd etdiyim kimi mühitin dəyişməsi səbəbindən indi onun üzərinə çətin iş düşür. Amma bu həm də bir imkandır: əgər rəsmi Bakı hadisələri pozitiv istiqamətdə yönləndirmək istəyirsə, onun üçün imkan yaranıb. Hərçənd, mən doğrudan da hesab edirəm ki, təşəbbüslər Azərbaycan tərəfdən gəlməlidir, nəinki onlar addımı səfir tərəfdən gözləməlidirlər.

- Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının altkomitəsində" Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik, insan haqları maraqları" mövzusunda dinləmələr olacaq. Siz həmin tədbirdə şahid qismində iştirak edəcəksiz. Tədbirdən əvvəl bizimlə paylaşmaq istədiyiniz məqamlar varmı? Hansısa müsbət nəticə gözləyəkmi bu dinləmələrdən?

- Mən o tədbirdə Cənubi Qafqazda və Azərbaycanla bağlı 20 ildən artıq təcrübəsi olan adam kimi iştirak edəcəm və öz təcrübəmdən başqa heç kimi təmsil etmirəm.

Mənim üçün ən mühüm olan odur ki, Konqresin üzvləri bu dinləmələrə necə yanaşırlar. Adamlar bilir ki, mən özüm və həmkarlarım Azərbaycan haqda yazmışıq. Bunu hamı bilir. Mənim rəsmi şahidlik çıxışımda yeni, təəccüblü bir şey olmayacaq.

Məncə, əsl vacib məsələ bu tədbirin keçirilməsi və Konqres üzvlərinin soruşduğu suallardır. Komitənin bu dinləməni keçirməsi təqdirəlayiqdir. Alt komitənin sədri Konqresmen Rohrabacher’in dinləmələrin elanında onu maraqlandıran AzadlıqRadiosunun Bakı ofisinin bağlanması, insan haqları məsələləri ilə yanaşı, enerji təhlükəsizliyi məsələsini də qeyd etməsi çox vacibdir.

Məncə, burda daha vacib olan Konqres üzvlərinin soruşacağı suallardır və Azərbaycana marağın artdığı dövrdə hansı addımların atıla biləcəyidir. Bütün bunlar yeri gəlmişkən yaxşılığa doğrudur.

Dinləmələri keçirmək müsbət nəticədir, amma əvvəlcədən bilə bilmərəm ki, konqresmenlər nə deyəcəklər.

- Maqnestki aktı və dərin narahatlıq ifadə edən bəyanatlar, o cümlədən, Konqresmen Rohrabacher’in qeyd etdiyi “konstruktiv ilgilənmə” . Bu bəyanatlar nə dərəcədə effektlidir?

- Məncə, effeklidir. Keçmiş həmkarım David Kramer ilə birlikdə qərara gəldik ki, indi elə məqam yetişib ki, vəziyyət daha da pisləşib və biz işlərə ənənəvi diplomatiyadan daha çox qarışmalıyıq. Biz ədalətsiz olaraq saxlanan və ya əslində həbs olunan şəxslərin azadlığa çıxarılmasına fokuslanmalıyıq. Və bu müəyyən sanksiyalar formasında ola bilər.

Önəmli deyil ki, bu sanksiyalar hansısa mövcud olan xüsusi qanunvericiliklə bağlı olsun, ya da administrasiyanın özünün, qanuni müdaxilə olmadan edə biləcəyi bir şeydir. Amma bu halda bizim fokusumuz bu olmamalıdır ki, görülən tədbirlər nəticəsində adamlara cəza verilsin, ya da situasiya pisləşsin. Məqsəd odur ki, həbsdə olanlar azadlığa çıxsınlar.

Amma bu, yeganə yol olmaya bilər. Əgər kiminsə başqa ideyası varsa, buyursun. Çünki sanksiyalar heç də ilk addım deyil: “Azadlığa Dəstək Akt”na 907-ci düzəlişi təcrübəmizdən öyrəndik ki, sanksiyalar gözlənilən nəticəni vermədi.

Sanksiyaların tətbiqi ciddi addımdır. Bununla belə, münasibətlərdə irəliləyiş hiss olunmur və bir daha qeyd edirəm ki, dekabrın əvvəlindən bəri göstərilən aydın mövqe bundan ibarətdir ki, irəlidə normal diplomatiyanın fəaliyyət göstərə biləcəyi mühit görünmür.

- Keçən ilin oktyabrında yazdığınız məqalədə siz Xədicənin həbsi ehtimalından danışmışdınız. İki ay keçdi və o tutuldu. Onun həbsi təəccüb doğurmadımı? Daha sonra AzadlıqRadiosunun ofisinə reyd keçirildi və ofis qapadıldı. Bu, gözlənilən idimi? Bəs, bundan sonra üçün gözlənti nədir?

- Bəli, gözlənilən idi. Əgər biz son iki ilə nəzər salsaq görərik ki, hakimiyyət insanları dalbadal həbs edir, institutların qapadır, qapadılmağa məcbur edilir və ya maliyyə itkiləri ucbatından işi dayandırılmalı olur. Sonra növbə sonuncu səslərə - Xədicə və ümümiyyətlə AzadlıqRadiosuna çatdı və mənə elə görünmürdü ki, hadisələr müsbətə doğru dəyişir, növbəti həbslər yolun davamı kimi görünürdü. Rəsmi Bakı ölkədə demokratiya və insan haqlarının vəziyyətinə qarşı çıxanalara və nəzarət edə bilmədiyi istənilən medianı boğmağa çalışacaqdı.

Bəs, biz bundan sonrakı hadisələrlə bağlı nəyi bilirik? Yaxşı sualdır.

Məsələnin bir tərəfi bu ola bilər ki, yeni səfir danışıqları fərqli məcrada apara bilər.

Səfirin göndərilməsi və onun hadisələrin hansı məqamda olduğunu anlaması, o cümlədən, bundan sonra edilə biləcək məqamlarla bağlı qənaətə gəlməsi ilk addımdır.

Burda hər kəsin qənaəti belədir ki, AzadlıqRadiosu, IREX, NDI kimi ABŞ təşkilatlarına, həbs olunanlara, onların ailə üzvlərinə qarşı atılan addımların analoqu yoxdur və bunlar ABŞ-la Azərbaycanın istədiyi xoş münasibətlərdən xəbər vermir.

- Siz özünüz necə, hansısa hücumlara hədəf olmusunuzmu?

- Siz bu barədə narahat olmayın. Mən kim olduğumu və nə etmiş olduğumu bilirəm. Əgər adamlar bunu etmək istəyirlərsə, bu, onların öz seçimidir. Təəssüf ki, rejimdəki bəzi şəxslərin mənim kimi adamlar haqqında uydurmalarından sonra onlara inanmaq çətin olacaq.

Mən sadəcə olaraq keçmiş səfir kimi öz mövqeyimi ifadə edirəm. Əgər onlar belə narahatlıq keçirirlərsə, mən narahat oluram ki, onlar öz vətəndaşları ilə bağlı nə edirlər?! Əgər onlar bu cür davranmaq qərarına gəliblərsə, bu da onların öz seçimidir.

- Keçən yay siz AzadlıqRadiosuna müsahibənizdə bildirmişdiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nikbin deyilsiniz. Bu, Vaşinqtondakı qərar qəbul edənlərin gəldikləri qənaətdirmi?

Müzakirələr faydasızdırmı? ATƏT-in Minsk Qrupu faydasızdırmı?

- Minsk qrupunun missiyası həmişə vasitəçilik olub, onlar heç vaxt həll yolu tapmağa və bu həll yolunu tərəflərə qəbul etdirməyə çalışmayıblar. Bu baxımdan yanaşanda ki, vasitəçi olmaq Bakının və Yerevanın sülhə gəlməsi üçün ideyalar və mexanizmlər təqdim etməkdir, demək olar ki, Minsk Qrupunun işi uğurlu olub.

Münaqişənin sülh yolu ilə həllinin tapılması ancaq Azərbaycan və Ermənistan rəhbərlərinin və siyasətçilərinin əlindədir.

Yerevan və Bakı rəhbərliyinin nizamlanma ilə bağlı razılığa gələ bilməməsinə görə Minsk Qrupunun həmsədrləni günahlandırmaq sadəcə olaraq qəbuledilməzdir. Vaxt uzandıqca bunun Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə çevrilməsi riski artır.

Biz bir neçə ay ərzində kifayət qədər toqquşma gördük və silahlı münaqişə real görünür. Bilmirəm ki, bu münaqişə nə vaxt başlayacaq və necə başlayacaq, amma ABŞ üçün insan haqları ilə yanaşı Ermənistan və Azərbaycan arasında münaqişənin bərpa olunması da vacib məsələ olmalıdır, çünki bu, heç bir tərəfin marağında deyil.

Başqalarının bu haqda nə düşünməsinə gəlincə, mənim bu haqda Dövlət Departamentində, ya başqa bir yerdə heç bir söhbətim olmayıb. Səfir Warlick və başqalarının Ermənistanı və Azərbaycanı bir araya gətirməklə bağlı davamlı çağırışlarını diqqətlə oxuyuram.

Ümid edirəm ki, bir araya gəlmə baş verir, amma amma iki tərəf arasında ritorika yaxşı səslənmir. Münaqişə zonasında faciələr baş verir: həm hərbçilərin, həm də mülkilərin həyatlarını itirməsi heç də yaxşı hal deyil.

İndiyə qədər elə bir ictimai mühit olmayıb ki, orda insanlar münaqişəni ekstrimdən uzaq dillə müzakirə etsinlər.

Amma indiki məqamda ictimaiyyətin hansı güzəştlərin vacib və niyə vacib olduğunu anlaması üçün müzakirələr necə keçirilir, bunun keçirilməsi üçün imkan varmı?!

Yenə deyirəm, məncə, Minks qrupu bunu edə bilməz. Bu, doğrudan da Bakı və Yerevanın işidir.

XS
SM
MD
LG