Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:04

Bazarda daha çox kartof alınır


Foto: Arxiv
Foto: Arxiv

-

«Min əziyyətlə rayondan mal gətirirəm ki, 5 manat çörəkpulu qazanım, evdəki acları doyurum. Ancaq qazanc bir yana, indi rayona getməyə yolpulum yoxdur. Camaatda pul yoxdur ki, gəlib alver eləsin, biz də nəsə qazanaq. Səhərdən bir tikə çörək də yeməmişəm. Quru çörəyi özümə qıymıram ki, evə gedib çıxa bilmərəm».

Köhnə şalına bürünüb donmuş əllərini ovxalayan Telli Kərimova bazarın içində var-gəl edir. Deyir, onsuz da alver çox aşağıdır, bir yerdə dayananda isə soyuqdan donur. Səhərdən 5-10 dəstə göyərti, bir kilo da pendir satıb. Bu ağbirçək qadın həftədə bir dəfə rayondan göy-göyərti, pendir-qatıq gətirib satır. Deyir, evdə onu iki işsiz oğlu, səhərdən axşamadək dörd nəvəsini doyurmaq üçün çarpışan iki gəlini, bir də əlil qızı gözləyir. O isə zar-zor qazandığı pulun xeyli hissəsini bazarın yaxınlığında kirayələdiyi evə verir. Hava qaraldığı üçün Telli Kərimova göyərti torbalarını, pendir qablarını arxasınca sürüyüb bazardan uzaqlaşır.

BOLLUQDUR, ANCAQ ALICI AZDIR

Başqa satıcılar da deyir ki, bazarda bolluq olsa da, alıcılar azdır.

Kartof kisəsinin arxasından boylanan Kərim Məmmədovun üzü gülür. Deyir, alveri pis getmir, çünki camaat daha çox kartof alır:

«Camaatın ən çox aldığı kartofdur. Kartoflar da cürbəcürdür. Bir manata da var, 1 manat 20 qəpiyə də. 80 qəpiyə də var. Ümumilikdə keçən ilə baxanda, qiymətlər yarıbayarı qalxıb».

Digər satıcılar isə müştəri qıtlığından şikayətlənir:

«Bazarda mal ucuz olanda, alan da çox olur, indi bahaçılıqdır deyə, alıcı da azdır».

«Kartof 80-70 qəpiyədir. 1 manata olanı da var. Soğan da 55-60 qəpikdir».

«Bolluqdur, çünki mallar Rusiyaya getmir. Ancaq yenə də müştərilərimiz azdır. 1 manat 50 qəpiyə portağal, 1 manata xurma satıram. 1 manat 50 qəpiyə heyva satıram. Elə də baha deyil, ancaq müştərilərin pulu azdı deyə, onlara baha görünür».

MÜŞTƏRİ GİLEYLİDİR

Satıcılar demiş, cibində pulu az olan alıcılarsa narazı-narazı «bahalıqdır» deyirlər.

«Həmişə bu bazara gəlirəm. Keçən illə müqayisə eləyəndə, görürəm ki, meyvələrin qiymətində 50 qəpik artım var. Keçən il mandarini 1 manata alırdım, indi 1 manat 50 qəpikdir».

«Hər şey bahadır, almaq olmur».

«Bu ölkədə meyvə-tərəvəz yetişir, ancaq hər şey bahadır. Meyvəni alverçilər alır, gətirib baha satırlar».

«Çox bahaçılıqdır. 150 manat pensiya alıram, heç dərman puluma çatmır».

«Əvvəlki illərə baxanda, bahadır. Keçən il almanı 50 qəpiyə alırdımsa, indi 1 manata alıram».

«Biz kasıb adamlarıq. İmkan olanda alırıq, olmayanda yox».

«Bizi niyə bu günə qoyublar? Bizə nə qədər maaş verirlər ki? Bazar bir yana, çayı 80 qəpiyə alırdım. İndi həmişə aldığım marketdən 1 manat 5 qəpiyə aldım. Yəqin deyirlər ki, «yıxılın ölün də». Mağazanın qabağından keçə bilmirəm. Hər şey bahalaşıb. Əl açıb dilənməliyik?».

STATİSTİKA DA «BAHALANIB» DEYİR

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında keçən ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0.4 faiz bahalaşıb.

Məlumatda deyilir ki, ay ərzində mal, qoyun və toyuq əti, yumurta, qarğıdalı yağı, balıq məhsulları, limon, portağal, banan, göyərti, çuğundur, kökü ucuzlaşıb. Düyü, buğda unu, qarabaşaq yarması, kolbasa məmulatları, bir sıra yağlar, (zeytun yağı, süfrə marqarini) meyvə-tərəvəz (alma, armud, heyva, nar, xurma, üzüm, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kartof, soğan, sarımsaq) , çay, şəkər, duz isə bahalaşıb.

XS
SM
MD
LG