Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:53

35 yaşım var, heç kiməm. Mən yaşda Napoleon general di...


"Mexaniki piano üçün tamamlanmamış pyes" filmindən kadr
"Mexaniki piano üçün tamamlanmamış pyes" filmindən kadr

-

Gerçəkdən bu filmin Mixalkovun yaradıcılığında yeri özəldir.

Bu filmi çəkən rejissorun ürəyi, beyni, istedadı hələ siyasət, ictimai maraqlar altında gizlənmiş biznes, Kreml intriqaları ilə dolmamışdı. İstedadı pak, qərəzsiz, işıqlı idi...

Baxılmalı filmlər

Əli İsa Cabbarov

SINMIŞLARIN NƏĞMƏKARI

Çoxları “Mexaniki piano üçün tamamlanmamış pyes” filmini Nikita Mikhalkovun yaradıcılığının zirvəsi sayır.

Onu hətta Venesiya Film Festivalının baş mükafatını almış “Urqa-eşq ərazisi” və Amerika Kino Akademiyasının “Oskar” mükafatını qazanmış “Günəşdən usanmışlar” filmlərindən də üstün tuturlar.

Gerçəkdən bu filmin Mixalkovun yaradıcılığında yeri özəldir. Bu filmi çəkən rejissorun ürəyi, beyni, istedadı hələ siyasət, ictimai maraqlar altında gizlənmiş biznes, Kreml intriqaları ilə dolmamışdı. İstedadı pak, qərəzsiz, işıqlı idi.

Sovet kinosunun yazılmamış qanunlarından biri - klassik əsərlərin ekranlaşdırılması üçün rejissorları ciddi seçimdən keçməsi idi.

Klassikanın ekranlaşdırılmasını Kremlin ideoloqları ümdə əhəmiyyətli hesab edib, hər rejissora etibar etmirdilər.

Rus klassik ədəbiyyatı kimi vacib siyasi ideolji silahı kommunistlər əllərindən verə bilməzdilər.

Anton Chekhov
Anton Chekhov

Mixalkov artıq iki tammetrajlı filmin rejissoru idi, amma Çexovun məşhur pyeslərini ekranlaşdırmağa icazə verməyə bilərdilər.

Çexov bir müəllif kimi, dünyagörüşü etibarilə 20-ci əsrin 70-ci illərinin Mixalkovuna çox yaxın idi.

Onun uşaqlığı tipik Çexov qəhrəmanlarınn arasında keçmişdi. Sovet kino bosslarının maneələrini aşmaq üçün Mixalkov klassikin məşhur əsərlərini yox, müəllifin gimnaziyada oxuduğu zaman yazdığı ilk pyesini –“Platonov”u seçir.

Bunun bir üstünlüyü də vardı. Mixalkov rejissor olaraq traktovka azadlığı qazanırdı.

Klassik əsərlərin ekranlaşdırılması rejissorlar üçün bir qayda olaraq məğlubiyyəti proqlamlaşdırılmış bir oyun olurdu. Çünki rejissor bir qayda olaraq, Şekspirə, Puşkinə, Dostoyevskiyə uduzurdu.

Mixalkovun tapdığı ədəbi əsərin ekranlaşdırma konsepsiyası rejissoru hiyləgərcəsinə məğlubiyyətdən qurtarır: əsəri yox, müəllifi ekranlaşdırmaq. Müəllifin dünyasını, fəlsəfəsini, ürəyini filmə gətirmək. Bu konsepsiya Mixalkovu dünya kinosunda ən uğurlu Çexov ekranlaşdırlmasına gətirib çıxarır.

“Urqa - eşq ərazisi” –Mixalkovun başqa bir şedevrinin adı belə idi. 70-lərin Mixalkovu üçün yaradıcılıq gerçəkdən eşq ərazisi idi. Bir filmi ərsəyə gətirmək üçün yığışan adamların bir-birinə sevgisi , bu sevgidən yaranan enerji və o enerjinin vizual obrazlara çevrilməsini Mixalkov filmin uğurlu alınmasının əsas şərti sayırdı.

Rusiya prezidenti Dmitry Medvedev və Nikita Mikhalkov, 2010
Rusiya prezidenti Dmitry Medvedev və Nikita Mikhalkov, 2010

Siyasiləşməmiş, kommersiyalaşmamış, mediada bütə çevrilməmiş Mixalkovun yaradıcılığının xüsusi erotizmi, cəlbediciliyi məhz bu energetikada idi.

Eşqdən yoğrulmuş bu energetika ilk uğurlu həllini məhz “Mexaniki piano üçün tamamlanmamış pyes” filmində tapdı, “İlya İliç Oblomovun həyatındanbir neçə günü”ndə kamilləşdi və “Urqa-eşq ərazisi”ndə zirvəsinə çatdı.

Bu dövrün Mixalkovu üçün film təkcə peşəkar mizan, montaj və musiqidən ibarət deyildi, həm də filmə hopmuş energetika idi. Film təkcə peşəkarlıq və istedad deyil, həm də bunların fövqündə duran, sözlə izah edilə bilməyəcək energetik gücdür.

Mixalkovun “İskustvo kino” jurnalının 70 illiyi münasibəti ilə nəşr edilən, dərgininfəaliyyəti zamanı ən yaxşı materiallarından ibarət nömrəsinə əlavə edilmiş master-klassının mətni belə də adlanır“Duyula biləcək enerji”.

Mətndə “Mexaniki piano üçün tamamlanmamış pyes” filminin hazırlıq mərhələsində baş vermiş yarımistik hadisəni də xatırlayır. Filmdə Sofya Voynitseva roluna Mixalkov Yelena Soloveyi cəkmək istəyirdi. Yenicə ana olmuş aktrisa isə uzunmüddətli ekspedisiyaya getməyi mümkünsüz sayırdı.

Başqa aktrisa - Natalya Lebleni təsdiq olunur. Kostyumlar tikilir, çəkilişlər başlayır. Rejissorla aktrisanın kontaktı alınmır. İlk baxışda aktrisanın oyununa hec bir etiraz ola bilməzdi, sadəcə rejissorla aktrisa arasında energetik bağlılıq alınmırdı.

Çəkilmiş materialın ilk partiyasına baxanda ağlagəlməz hadisə baş verir. Məlum olur ki, Yelena Soloveyin əvəzinə təsdiq olunmuş aktrisa olan kadrlarda plyonka brakı var. Bütün epizod normaldır, aktrisa kadra daxil olan andan plyonkada texniki braklar başlayır.

Təsadüf sayıb çəkilişlərə davam edirlər. Aktrisa ilə iş çox ağır gedir və Mixalkov Yelena Soloveyin dalınca assistentini göndərir. Aktrisanın uşağı üçün dayə tutulacağı, onlara hər cür şərait yaradılacağına söz verir. Köməkçi şad xəbərlə zəng edib, Soloveyin razı olduğunu bildirən zaman yaradıcı heyət rejissor otagında məşq edirdi.

Çexiya - Mikhalkov Karlovy Vary Film Festivalında
Çexiya - Mikhalkov Karlovy Vary Film Festivalında

Mixalkov telefonda bu şad xəbəri alanda fikir verir ki, otaqdakılar hamısı Natalyanın divardakı fotosuna baxırlar. Divardan asılmış foto aşağı tərəfdən qalxaraq bir neçə an otağın döşəməsinə paralel dayanır. Mixalkov mühazirəsində bu yarımistik əhvalatı enerjinin duyula biləcək qədər real və xüsusən yaradıcılıqda vacibliyini göstərmək üçün danışır.

“Mexaniki piano üçün tamamlanmamış pyes”i energetikanın reallığına , materialistliyinə inanan rejissor çəkib. Meydançada Çexov atmosferini yaratmaq üçün aktyorlar fasilə günlərində də, çəkilişlərdə də 19-cu əsr zadəgan malikənəsində yaşayır, rus klassikasını oxuyur, qəhrəmanlarının həyatını duymağa çalışırlar.

“Mənim 35 yaşım var, hər çey batdı, hər şey.

Mən sıfıram, heç nəyəm, mənimsə 35 yaşım var.

Mənim yaşda Lermontov 8 il idi ki, qəbirdə idi. Napoleon general idi. Mənsə lənətə gəlmiş həyatda heç nə etmədim, heç nə. Siz mənim həyatımı məhv etdiz, mən sizə görə heçnəyəm.

Nə günə qalmışam. Şikəst və istedadsız. Hanı gücüm, ağlım? Hamısını tirdim”.

Filmin baş qəhrəmanı Mixail Platonovunbu harayı filmin finalındadır. Buna qədər isə hər şey öz qaydası ilə gedirdi. General Voynitsevin dul qadını öz qonaqlarını qəbul edir. Oğulluğu Sergey öz xanımı Sofya ilə gəlir. Qonşuları Mixail Platonov həyat yoldaşı Saşa ilə gələndə isə hadisələr gözlənilməz istiqamət alır. Platonov Sofyanı tanıyır.Ürəyinin tamamlanmamış pyesini unutmamışdı:

“Sevrdim səni, səni həyatda hər şeydən çox sevirdim. Əzizim, bilirsən həyatda heç nəyin “sonrası” olmur. O sənə elə gəlir ki, hələ hər şey qabaqdadı, həyat uzun və xoşbəxtdi. İndi məhz belə yaşamaq lazımdı, “sonra” düzəldərəm deyib bir qaralama kimi yaşayırsan. O “sonra” heç vaxt gəlib çıxmır, heç vaxt. Əgər mən onda bilsəydim, əgər mən onda axırıncı qatarın arxasınca baxanda bilsəydim... Mən gənc və xoşbəxt idim, uzun və xoşbəxt həyata inanırdım. Mən “sonraya” inanırdım...” Bunları Platonov sonra söyləyəcək.

Daha əvvəl isə malikanənin qonaqları: Generalın dul arvadının kreditoru cənab Petrin, qonşuları Pavel Petroviç Şerbuk öz qızları ilə, həkim Triletski, Sofya öz nadan və infantil əri ilə və Platonov filmdə təsvir olunan 1 gün ərzində , əsasən də şam yeməyindəhər şeydən və heç nədən danışdılar: Şerbuk qara camaatı süfrəmizə buraxmamalı, onları özümüzə tay etməməliyik - dedi.

Petrin isə , mən zadəgan deyiləm, amma bu saat yediyiniz yemək, yeməyi çəkdiyiniz qablar, lampanı yandırdığınız kerosin də mənim puluma alınıb – söylədi.

Sonra həkim Triletski özünə qarşı şit zarafatlara dözməyib göz yaşları ilə dünyanın bu ucqarında darıxdığını, hər gün diareya və vəba haqda düşünmək, hər gün ancaq vəba haqda oxumaq,vəba xəbərini gözləməkdən bezdiyini deyir:

“Üstəlik də, həm xəstəliklərə , həm də xəstələrə tam biganə olasan.İlahi, hər şeyin mənasızlığını bildiyin halda rahat yeyib icmək nə qədər utanc verir. Özü dəbilirsən ki, artlq heç nəyidəyişmək mümkün deyl.”

Sonra isə Platonov başlayır, Sofya ilə eşq macərasını nə vaxtsa oxuduğu bir hekayə kimi qonaqlara danışır . Xüsusilə son ayrılıqlarını:

“Sevgilisi iki günə qayıdacağını vəd verərək ondan ayrılır və bir daha qayıtmır. Aşiq tələbə hər gün gələn qatarları qarşılayır , sevgilsi isə gəlmir ki, gəlmir. Sonra isə, tələbə sakitləşir, ağlını başına yığır və adi, lap adi bir adam olur”.

Sonrasını isə siz bilirsiz, Platonov məhrəm yerdə Sofyanı qucaqlayaraq: “Sevirdim səni, səni həyatda hər şeydən çox sevirdim...”deyir.

Bir az sonra isə Platonov həyatının vacib kəşfini edib, özü-özünə pıçıldayır: “İlahi, mən artıq bilirəm, bilirəm ki, bircə dəfə xəyanət etdinsə, inandığın və sevdiyin insanı aldatdınsa,xəyanətlər bataqlığından çıxmaq mümkünsüz olur.”

Və keçmişi qaytarmağın mümkünsüzlüyünü dərk edəndən sonra malikanənin sakinlərini gecənin şirin yuxusundan qəfil oyadan Platonovun naləsi: “Mənim 35 yaşım var, hər çey batdı, hər şey. Mən sıfıram, heç nəyəm, mənimsə 35 yaşım var. Mənim yaşda Lermontov 8 il idi ki, qəbirdə idi. Napoleon general idi”...

Və o özünə qəsd edir.

Amma Çexov Şekspir deyil. O, sınmışların, alnına uğursuzluqyazılmışların nəğməkarıdır. Platonov cayın dayaz yerində azca islanır. Amma mərhəmət də var Çexovda. İroniya altında gizlənmiş, işıq dolu mərhəmət. Film boyu infantil ailəcanlığı ilə yüngül ironiya doğuran Platonovun arvadı Saşa uğursuz intihar cəhdindən sonra yarını bağrına basaraq:

“Mişenka, sən sağsan. Deməli, mən də yaşıyıram. Səni çox sevirəm, nə olursan ol, sevirəm. Heç nədən qorxmuram, hər şeyə dözə bilərəm. Çünki heç kim səni mən sevən kimi sevə bilməz. Mişenka, sən yorulmusan, sən dincələrsən. Biz yenə də xoşbəxt olacağıq, çox, lap çox yaşayacağıq. Bəxtimiz də gətirəcək, yeni, təmiz , işıqlı həyatı, bizi anlayıb bağışlayacaq gözəl insanları görəcəyik . Bircə sevmək lazımdı, sevmək, Mişenka. Nə qədər ki, sevirik, çox, lap çox xoşbəxt yaşayacağıq .”

Və bütün bunlar gözəl aktyor ansamblının ifasında, operator Lebeşevin həddən artıq emosional təsvirində, Donisettinin“Eşq dərmanı” operasından “Gizlin göz yaşları” ariyası altında və Mixalkovun filmin bütün komponentlərini cilalayan sevgisi ilə...

XS
SM
MD
LG