Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Burunsuz adam


Azad Qaradərəli
Azad Qaradərəli

-

Qəfil atılan top səsindən heykəlin ayaqaltısı da, özü də titrədi. Burunsuz adam “lajis!” deyib yerə yatdı.

Uzunla Gödək də yerə uzanmışdılar – gurultunun top səsi deyil, göydə oynaşan fişəng səsi olduğunu bilsələr də...

Azad Qaradərəli

BURUNSUZ ADAM

(hekayə)

Qəsəbənin ən böyük parkına aparan yol basırıq idi. Həm maşınlar tıxac yaratmışdı, həm də piyadalar bir-birinin üstündə idilər.

Parkın ortasında adamboyu postamentin üstünə qoyulmuş nəhəng heykəl ağappaq humayın ağından olan (bu tərəflərdə belə deyirdilər, amma niyəsini bilmirdi) parça ilə bürünmüşdü.

Heykəllə üzbəüz on metr uzununa, beş metr eninə tribuna quraşdırılmışdı. Tribunanın üstünə xalçalar döşənmişdi.

Lap baş tərəfdə, ən görünən yerdə, iri hərflərlə yazılan bu sözlər adamın gözünə girirdi: “Millət öz qəhrəmanlarını tanımalıdır!”

Tribunanın sağında isə belə bir şüar vardı:”Keçmişə tapançadan atəş açsan, gələcək səni topa tutacaq!” Sol küncdə “Elin igid oğlu Polad Məmmədə eşq olsun!” cümləsini oxuyanda öyüdü, səhər zorla içdiyi bir stəkan acı çay mədəsindən qaynayıb ağzına gəldi; turşmu, acımı tamdan qorunmaq üçün əli ilə ağzını qapayıb gül kollarının arasına soxdu başını və “öööh” eləyib ağzına gəlmiş acı suyu güllərin dibinə çağıltı ilə tökdü, özünə gəldi. Cibindən əl yaylığı çixardıb ağzını sildi, yaşarmış gözlərini döyə-döyə dəsmalı burnuna apardı... Burun da dedim... olmadı.

Gərək bu adamı ayrıca təsvir edək: görkəmcə eləydi ki, baxmağa qorxurdun. Gözlərinin ağı qan rəngindəydi, burnu elə bil yox kimiydi; amma diqqətlə baxanda görmək olurdu ki, əvvəl olub burnu, sadəcə sonralar nə olubsa, bu vacib bədən üzvünün yarısı yoxa çıxıb - yerində ikicə deşik və bir az da burun əvəzi ət parçası qalıb. Bir də yeriyəndə bir az yemsəyirdi – qıçının birini yüngülcə çəkirdi.

-Ə, bu Poladdı, dəmirdi, nədi, bə özü hanı?

-Nədi, ə?! Saa poladmı lazımdı? Haahaaa...

İki, biri uzun, o biri qısa boylu, 40 yaşlarında kişi hırıldaya-hırıldaya, atmaca ata-ata onun qarşısından ötdülər. Biri, boyca qısa olanı elə bil adam deyildi, maketdi. Sanki sifəti par-par parıldayan bu adamı ağ mərmərdən yonmuş, sonra əyninə paltar geyindirib boğazına qalstuk taxmışdılar. Ayaqlarını da elə atırdı ki, elə bil təzə sünnət olunmuşdu. O birisi - uzun boylu, dördbucaqlı başı bədəninə yapışan, qapqara sifətindən bir təkəbbür yağan adam əlini belinə qoyub ağa bürünmüş heykəli süzə-süzə həyəcanla dedi:

-Əlimdə əlacım olsa, çəkici götürüb hələ açılışı olmayan bu heykəli qırıb tökərəm, sındırıb dağıdaram, ağzına daşş...ı qoyaram oğraşın!.. Yoxsa belə alçağa – vətən xaininə hələ bir heykəl də qoyurlar...

Gödək adam mərmər sifətini ona çevirib eyni həyəcanla:

-Eto tebe nada? Düz deyirlər ki, idmançıların başı olmur... Səni o vaxt hansı ağılla icra başçısının müavini qoymuşdular, anlamıram?! Əzizim, zaman bu gün belə istəyir, sən də ol zamanın qulu, necə ki neçə illərdir olmuşuq... Biz icra hakimiyyətinin işçisiyik, dövlət qulluqçusuyuq... Öl öl, qal qal! Vsyo!- dedi və üzünü Burunsuz adamın sifətinə zilləyib həmkarının böyrünü basdı:

-Ə, ə, buna bax, ə! Bu cin-şəyətinə oxşayan hardan çıxdı? Bunun burnu hanı, ə?!

Uzun Gödəyin əlini itələyib göstərdiyi səmtə baxdl, heç təəccüblənmədən:

-Nə tupoy adamsan, ə! Yaxşı maa lağ eliyəsən!.. Mənim bədən tərbiyəsini bitirməyimə lağ eləyincə, özüun dəmiryol instututunun Rastov filialını on iki ilə qurtarmağınnan danış... Bəs səni nə ağılnan o boyda snabjeniyanın rəisi qoymuşdular?! Hıy? Allah Bəyə rəhmət eləsin, sənin kimilər yıxdı onu... Nəysə, bil və agah ol: bura gələnlərin əksəriyyəti Polad Məmmədin döyüşçü dostlarıdır... Onların hamısı bu gündədir... Ancaq biz ikimiz onunla bir batalyonda döyüşdüyümüzü gərək gizlədək... Neyləyək, bu günnən sabaha etibarmı var? Toşnu bu oğraş ölməsəydi, vraq narod olacaqdı... – Deyib üz-gözünü əydi, iyrənirmiş kimi çimçəşdi. – Veterandı də bunnar.

Burunsuz adam onların gözündən yayınıb izdihama qarışdı.

O yavaş-yavaş parkı dolduran adamlarda bir şeyi müşahidə etdi: hamı bir boyda, bir biçimdə idi. Adamlar hamısı bir-birinə elə oxşayırdılar ki, elə bil əkiz idilır. Yox, canım, əkizlər hətta nə iləsə bir-birlərindən fərqlənirlər. Bunlar hamısı bir adamın klonu kimi idilər. Ağız, burun, (burun onun yaralı yeriydi deyin, oralarına daha çox diqqət etmişdi) göz, (allah, allah, hamının gözü boz-bulanıq, heç bir məna ifadə etməyən şüşə idi sanki) çənə, hətta dişlərinəcən eyniydi. Qəribədir ki, adamların dişləri də sanılı qoz kimi yerindəydi, hamısının ağzlnda par-par parıldayırdı, bircəciyinə də qurd-zad dəyməmişdi.

Bir azdan rayonun Kişi icra başçısı və onun Qadın müavini, arxalarıncan da prokuror, polis rəisi, hərbi komissar, (onun vəzifəsi həmənkiydi, adını dəyişmişdilər, onu da düzgün yadında saxlaya bilməmişdi) təhsil şöbəsinin müdiri, maliyə şöbəsinin müdiri... və həkaza parka daxil oldular. Təkcə rayonun “Şən həyat” qəzetinin baş redaktoru gözə dəymirdi - adamların pıçhapıçla danışıqlarından başa düşmək olurdu ki, deyəsən o, qırmızı xətti keçib, Kişi başçıdan icazəsiz dişsiz bir tənqid yazlb təhsildə süpürgəpulu haqda. Ona görə onu qovmuşdular və yerinə Kişi başçınln həmyerlisi Nadir Masislini qoymuşdular. O da əlində diktafon, yanında fotoqraf sərçə kimi Kişi başçının sağına-soluna pırlaya-pırlaya nələrsə etməyə çalışırdı.

Burunsuz adam bu mənzərəni seyr edə-edə qəfil gördü ki, parka toplaşan bu bir boyda, bir biçimdə adamlar əslində elə Kişi başçıyla onun Qadın müavininə oxşayırmışıar. Sanki başçı ata, müavin anadır və bu parkdakılar da onların törəmələri...

-Möhtərəm tədbir iştirakçıları! Əziz xalqım! Sevimli qonaqlar, - deyə Kişi başçı sözə başlayanda Burunsuz adamın dalağı sancdı – “Əziz xalqım” dolayısıyla mənim balalarım demək idi əslində...

O, rayonun inkişafından, mədəni quruculuqdan ağızdolusu danışdı və sonda bunu da dedi:

-Bəzi ağzıgöyçəklər iddia edirlər ki, bizim ölkəmizdə həyat səviyyəsi aşağıdır. Maaşlar azdır və sair. Əvvəla, bu belə deyil. Bizdə maaşlar və pensiyalar dinamik templə artır. İkincisi də lap belədir! Başa düşmək lazımdır: keçid dövrüdür, müharibə şəraitidir! Sual edirəm: biz bura niyə yığışmışıq? Ona görə ki, bir xalq qəhrəmanının, bir vətən oğlunun xatirəsini yad edək... – O kövrəldi, bir az qəhərlənib toplaşanları da qəhərləndirib sözünə davam etdi. – Biz əslində Poladın büstünü qoymaq barədə düşünürdük. Adının çəkilməsini istəməyən bir iş adamı bizə müraciət edərək onun heykəlinin ucaldılması üçün yardım etmək istədiyini bildirdi. Bəlkə də o indi burada, sizin içərinizdədir. Eşq olsun belə oğullara!!!

İzdaham eyni bir ahənglə bağırdı:”Eşq olsun!!!”

-İndi isə düz 17 il əvvəl Vətən torpaqları uğrunda canından keçmiş Mamed Mamedovun – Polad Mamedin döyüş dostlarına söz verilir.

İzdiham yenə uğuldadı, çəpik sədalarından heykəlin ayaqlığı titrədi və tribunaya eynən buradakı adamlara oxşayan bir klon çıxdı və xalis Kişi başçının səsiylə (allah, allah səs səsə necə oxşayarmış!) danışmağa başladı:

-Mən Poladın sağ əliydim. Biz düşmənlə cəng eliyəndə elə-belə cəng eləmerdik ha! Keçiedik dalına, orda hər cür zad qayırerdıq...

İzdiham bir uğuldadı, bir uğuldadı, elə bil Şuşa qalası alınan gün idi. Burnu yox adam ha baxdısa Kişi başçıyla onun Qadın müavininin bu gözəl övladını tanıya bilmədi. Bu adamdan hər iyi gəlirdi, təkcə müharibə iyindən başqa.

– Biz bir dəfə Sərsəngin üstündə bir erməni tutmuşduq, ajınnan ölerdi deyən, qaçıb keçmişdi bizim tərəfə... Hə, vallah ajdıxdı orda, ölellər ajınnan köpəy uşağı. Polad Məmməd onun biləyini nə təhər sıxdısa, qolu şaqq ellədi. Dedi, a Məmməd, ömrua qurvan olum, öldümə məni, nə sirrim var, verəjəm saa... Verdi də. Bə nədi, elə onnan sonra biz hüjuma keçif Yerevanacan... yox e, İravana qədər ala-ala getdik... hə elə gedirdik ki...

İzdiham yenə şappıldatdı, Kişi başçı gülümsəyib döyüşçünün sözünü kəsdi, onu bağrına basıb dedi:

-Niyətin hara, mənzilin ora! İnşallah gələn dəfə ora da gedərsiniz!

-Şap-şap-şap! – izdiham başladı şappıldatmağa.

-Söz verilir Mamed Mamedovun qəhrəman həyat yoldaşı Mədinə xanıma!

Vay-bay! Bu dəfəki şappıltıdan qulaqlar kar ola bilərdi. Burunsuz adam qalxıb bir kötüyün üstünə çıxdı və maraqla qadına baxmağa başladı. Maşallah, maşallah! Qadın nə qadın! Elə bil moda yarışmasına qatılan maneken idi. Saçını refle eləmişdi, qaşını qırxıb yerinə tuşla qaş çəkmişdi. Dodaqlarını şişirtmişdi…

-Mən... mən sizə Poladımdan, igidimdən nə danışa bilərəm ki? O həm qəhrəman idi, həm də gözəl ailə başçısıydı. Müharibənin ağır vaxtlarında belə o, ailəsini unutmadı, bizi pulsuz-parasız qoymadı... O sirri-xudaydı. Özü gör neçə ildir şəhid olub, amma hələ də bizə onun adınnan aybaay məvacib gəlir... O bu tərəflərdə ad çıxardan qəhrəman idi... Hələ sovet ordusu ölkəmizdən çıxmayan vaxtlardı. Bir gecə gəldi ki, qəsəbədə dislokasiya olunan sovet batalyonuna hücum edəcəyik, silahlarını ələ keçirəcəyik. Mənimlə, balaları ilə halallaşdı, yola düşdü. Səhər eşitdik ki, sovet əsgərlərinin hamısının qollarını bağlayıb yan-yana yıxıblar, silahlarını götürüb birbaş Şuşaya aparıblar... Onun igidliyi hökümətimiz tərəfindən yüksək qiymətləndirildi. O özü şəhid olsa da, heykələ dönüb geri qayıtdı... Hökümətimiz, icra Başçımız - atamız var olsun!

Burunsuz adam hönkürüb ağlamamaq üçün əlini ağzına soxmuşdu...

***

...Qəsəbənin ayağında açıq havada böyük qonaqlıq idi. Kişi başçı, onun Qadın müavini, paytaxtdan gələn qonaqlar, Polad Məmmədin döyüş dostları, arvadı, uşaqları da qonaqlıqda idi. Kişi başçıya və onun Qadın müavininə oxşayan hamısı bir boyda adamlardan da məclisdə vardı. Süfrədə aşdan kababa, soyutma ətdən dana basdırmasına, salatlaracan hər şey vardı. Növbənöv rus araqları, şərablar, pivələr və mineral sular adama gəl-gəl deyirdi. Məclisin lap qırağında oturmuş Uzunla Gödək Burunsuz adama qulluq edir, boşalmış qədəhinə rus arağı süzür, ləziz yeməklərdən təklif edirdilər. Gödək artıq beşincimi, ya altıncımı qədəhi başına çəkən Burunsuz adamdan qəfil soruşdu:

-Siz Polad Məmmədlə hankı səmtdə döyüşmüsünüz? Ağdərədəmi, Murovdamı, ya...

Burunsuz adam deyəsən himə bəndmiş: başına çəkdiyi qədəhi yerə qoyan kimi bir parça kələm turşusunu ağzına atıb gəvələdi, hardansa oxuduğu – səmavi kitablara aid olduğu deyilən bir cümləni dilinin altında dolandırdı, (o cümlə beləydi: “Qadir tanrım, dodaqlarımı aralamağa kömək ol ki, Sənə dua edə bilim”) və burnunu çəkib ( “burnunu çəkib” doğru deyil, burnu yoxdu axı ) qəhərli səslə astadan dedi:

-Biz Sərsəng su anbarı səmtdə vuruşurduq. Mən beş adamla hər cür silah-sursat götürərək düşmənin arxasına keçmişdim. Hərəmiz bir səmtdən müxtəlif silahlarla düşmənin mövqelərini atəşə tutub onları çaşdırmalı, diqqətlərini öz üzərimizə çəkməliydik. Əsas qüvvələrimiz bundan istifadə edib düşmənin üzərinə atılmalıydı...

Gödəyin ağzına apardığı toyuq budu əlində qalmışdı: qolunu mötərizə kimi tutmuşdu və Burunsuz adamın dediklərini anlamağa çalışırdı. O isə həvəslə danışırdı:

-Danışdığımız kimi səhər saat beş tamamda işarə üçün fişəng atdıq. Sonra bir-birimizdən yüz metr aralıda mövqe tutaraq avtomat, pulemyot və qranatamyotdan atəş açmağa başladıq. Üstünmüzə bütöv bir batalyon gəlirdi. Biz isə vur-tut altı adam idik. Amma müxtəlif yerlərdən (tez-tez yerimizi dəyişirdik) və müxtəlif silahlardan atəş atəş açmağımız onları çaşdırmışdı. Ona görə tam sürətlə üstümüzə yerimir, sadəcə bizi iri çaplı silahlardan atəşə tuturdular... Hə... Tezliklə, kiçik dəstəmizin üzvlərinin ikisi öldü, biri qəfil yoxa çıxdı, qaldıq üç nəfər... Mən nisbətən gənc olan üzvümüzə bir yana çəkilib ratsiya ilə bizimkilərlə əlaqə saxlamağı tapşırdım. Qaldıq ikimiz: Qaçaq Kərim və mən. (Bu Qaçaq Kərim quş kimi uçurdu. Ayağını yerə vuranda on mert irəli, yaxud dikinə tullana bilirdi. O, sonuncu qranatı qranatamyota qoyub atdı və dedi:

-Qardaşım, bitdi. Bizimkilər indi gərək buralarda olaydı... Neyləyək?

Avtomatımın darağındakı son güllələri tək-tək ata-ata bağırdım:

-Son gülləmizəcən vuruşacağıq!..

Onda gördüm Kərim ayağını yerə vurub on metr geri, sonra irəli tullandı və bu vaxt atılan qrad qəlpəsi üzümə çırpıldı... Day nə oldu, nə olmadı, bunnan xəbərim olmayıb... Ayılanda bildim ki, burnumu qəlpə bıçaq pendiri kəsən kimi kəsib atıb...

-Bəs sonra? Ordan nə təhər qurtuldunuz?

Bu dəfə Burunsuz adam özü-özünə araq süzdü, başına çəkib eşqırdı, eşqırdı və dedi:

-Mən axı bir dəfə onların komandirlərindən olan Banonu bizə əsir düşən zaman bizim böyüklərdən gizlincə buraxmışdım... Ona görə ki, biz onunla xəlvətcə görüşür, əsirlərimizi, meyitlərimizi qarşılıqlı şəkildə dəyişirdik... Onun mənə bir can borcu vardı. Gecəynən yaramı sarıtdırdı, əli ilə gətirib sərhəddən buraxdı məni...

...Hamı getmişdi. Uzun stolun ayağında yalnız üç adam vardı. Tökür, içir və danışırdılar. Daha doğrusu, danışan Burunsuz adam idi, dinləyən Uzun və Gödək.

...-Bizim tərəfə keçəndə öyrəndim ki, “özbaşına əməliyyat hazırladığıma görə” mənə ölümümdən sonra cinayət işi açılıb... Amma allah şahiddir ki, polk komandiri ilə bu əməliyyatı birgə hazırlamışdıq, hətta korpus komandirinin də xəbəri vardı.

-Bəs?! – Uzun sözünün dalını gətirə bilmədi. Gödək isə ağzıayrıq halda əzvay-əzvay dedi: - Polad Məmməd də altı nəfərin içindəydi?

Burunsuz başını bulayıb mızıldandı:

-Görmədim onu... Bir yadımda o qalıb ki, Qaçaq Kərim ayağını yerə vurub uçdu göyə... kenquru kimi tullandı, çəyirtkə kimi pırladı... Məni də qəlpə tutdu... Bir adamda bir az pulum vardı – bir varlı adamın oğlunun meyitini dəyişəndə Bano ilə yarıya bölmüşdük... Pulun bir hissəsini evə göndərdim ki, arvad-uşaq ac qalmasın. Qalanı da ki, indiki pulnan babat məbləğ idi. O pulun hesabına dostlar məni uçağa mindirib İstanbula ötürdülər... İstanbulun Pendik deyilən sahəsində, Yüz yıl xəstəxanasında yatdım... üzümün dərisini bərpa etdilər, burnumu da ancaq bu şəkildə düzəldə bildilər... Neçə illərdir elə ordayam: əlimdəki mayanı xırda biznesə qoydum. Bir türk abim var. Sağ olsun, əl-ələ verib babat qazanc yeri yaratmışıq... Başçınızın dediyi büstü heykələ çevirən də bizim adsız hesabdan göndərdiyimiz para idi...

-Bəs sənin adın nədi? – Gödək canını dişinə tutub soruşdu.

Burunsuz adam dönüb bu mərmərdən tökülmüş tösmərək adamı qəzəblə süzdü və əslində ona səssizcə bağırdı sanki: ”Sən nə qanmaz adamsan, ə!”

Gödək bir az da gödəldi. Uzun içini çəkib yazıq-yazıq onun selik axan burun deşiklərinə baxır və əsməcəli adamlar kimi titrəyirdi.

Gödək şalvarını islatmışdı.

Burunsuz adam isə onların varlığını unutmuş kimiydi. Süfrədən qalxandan bəri heykəlin qabağında dayanıb altdan-yuxarı ona baxır, elə bil nəyi isə götür-qoy edirdi.

Bir-birinə oxşayan adamlar dəstə ilə gəldikləri kimi, dəstə ilə də çıxıb getmişdilər. Uzun və Gödək heykəlin qabağında dayanmış Burunsuz adama baxa-baxa qalmışdılar. Nə qoyub gedə bilirdilər, nə da yaxınlaşa – onun o səssiz bağırtısı ikisinin də zəhrini yarmışdı. Artıq büründüyü humayın ağından xilas olmuş heykəl bir əlində qumbara, o birində avtomat (belə bir heykəl hardasa görmüşdü sovetin vaxtında – heykəltaraş süjeti çırpışdırmışdı) ayaqlarını aralı qoyaraq harasa şığıyırdı sanki.

Qəfil atılan top səsindən heykəlin ayaqaltısı da, özü də titrədi. Burunsuz adam “lajis!” deyib yerə yatdı. Uzunla Gödək də yerə uzanmışdılar – gurultunun top səsi deyil, göydə oynaşan fişəng səsi olduğunu bilsələr də...

Hardasa uzaqdan “urrra” sədaları eşidilirdi.

8 fevral, İstanbul - 1 mart, Bakı, 2015

XS
SM
MD
LG