Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:34

“Əli və Nino” filminə üç baxış


.

“Əli və Nino” film olacaq. Təzə xəbər deyil...

Filmin az qala bütün yaradıcı heyəti, baş rolların ifaçıları əcnəbilərdir. Elə bu da təzə xəbər deyil...

Ancaq icraçı prodüserin - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın məhz əcnəbi heyətə üstünlük verməsi, deyəsən, Azərbaycanda bəzi kino mütəxəssislərinin könlüncə deyil.

Düzdür, bu haqda AzadlıqRadiosuna danışanlar da oldu, sözünü ürəyində saxlayıb bu şəkildə - səssiz etiraz edənlər də.

Rejissor Rövşən Almuradlı
Rejissor Rövşən Almuradlı

“AZƏRBAYCANLI REJİSSORLAR “ƏLİ VƏ NİNO”NU ÇƏKƏ BİLMƏZLƏR?”

Rejissor Rövşən Almuradlı deyir: “Deməli, belə düşünürlər ki, Azərbaycanda bu filmi çəkəcək adam yoxdur, Azərbaycan kadrları, rejissorları səviyyəsiz, imkansızdır? “Əli və Nino” kimi bir əsəri çəkə bilməzlər? Elədirsə, yenə eybi yox, heç olmasa indi çəkməsinlər. Onda bu çəkilişləri saxlamaq lazımıydı. 10-15 ildən sonra çəkmək olardı. Gürcülər indiyə kimi Shota Rustaveli-nin “Pələng dərisi geymiş pəhləvan”ını çəkməyiblər. Neçə dəfə istəyiblər, amma çəkməyiblər. Hökmdür ki, indi çəkilsin bu?”

Rejissor Rövşən Almuradlı təxminən 10-15 ilə Azərbaycanda yaxşı kino mütəxəssislərinin yetişəcəyinə əmindir: “Qısır millət deyilik. Heç kimin ağlına gəlmədiyi bir vaxtda bir rejissor yetişə bilər və əsəri də o ekranlaşdıra bilər”.

Bəs, az qala ulduz qalaktikası olan bu heyətin (Heyətlə ətraflı burada tanış ol) ərsəyə gətirəcəyi filmdən gözlənti nədir?

Rejissor hesab edir ki, film ərsəyə gələndən sonra qiymət vermək olar:

“İndidən nə deyim? “Əli və Nino” Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Onun ekranlaşdırılması vacibdir, lazımdır. Belə qərara gəliblər ki, bunu tamam başqaları çəksin, olsun. Bu da onların haqqıdır. Amma orda elə məqamlar var ki…

Əli Şirvanşir Qarabağ atını çapa-çapa gedəndə içində bir qurd ulartısı yaranır, ömründə xəncər atmayan adam onu rəqibinin düz ürəyindən vurur. Bunu çatdırmaq lazımdır. Və ya o vaxtkı siyasi vəziyyət, Müsavat dövrü, döyüşlər, Gəncə qiyamı… Bunlar filmdə olacaqmı, olmayacaqmı bilmirəm. Elə şey var onda uduzmaq olmaz”.

Tənqidçi Aygün Aslanlı
Tənqidçi Aygün Aslanlı

“AZƏRBAYCAN KİNOSU NƏ VAXT PÜXTƏLƏŞƏCƏK?”

Kinoşünas Aygün Aslanlı Rövşən Almuradlının fikirlərini qəbul etmir: “Azərbaycan kinosunun 100-dən çox yaxşı var, bu kino nə vaxt püxtələşəcək? İkincisi də, püxtələşmə iş gedəndə baş verir, iş olmayanda peşəkarlıq da olmayacaq”.

O ki qaldı, filmin əcnəbilərə həvalə edilməsinə, Aygün Aslanlının yanaşması yenə fərqlidir:

“Xaricilərin bizimkilərdən üstünlüyü odur ki, onlar peşəkarlığa önəm verirlər. Onları daha çox görəcəkləri işi yetərincə səviyyəli şəkildə yerinə yetirmək, aldıqları pulun qarşılığını vermək maraqlandırır. Ona görə düşünürəm ki, onlar ortaya keyfiyyətli iş qoya bilərlər.

Bir də, dünyada belə müştərək film çəkmək praktikası çoxdan var. Burda təəccüblü, milli, qeyri-milli bir şey yoxdur. “Əli və Nino” da PR-a hesablanmış filmdir, dünya səviyyəsinə çıxarmağı düşünürlər. Yəqin ki, filmi əcnəbilərlə çəkmək azərbaycanlı rejissorlara güvənməməyin nəticəsidir. Bu iş hər hansı rejissora tapşırılsaydı, tutalım, Eldar Quliyev çəksəydi, nə olacaqdı?

Bizimkliləri Biləcəridən o tərəfə tanımırlar. Ona görə də bunun xaricdə nümayişi daha çətin olacaqdı, nəinki avropalı rejissorun, hər hansı mükafatı olan, bəzi dairələrdə tanınan rejissorun işini təqdim etmək”.

“EYNƏN “KÖÇƏRİLƏR” KİMİ…”

Aygün Aslanlı ümid etmək istəyir ki, film uğurlu alınacaq. Amma onun sənət əsəri, şedevr olacağına inanmır. “Bu filmdən yüksək sənət gözləntisi olsaydı, rollara aktyor seçimi ilə bağlı müsabiqə keçirilərdi, peşəkarlar dəvət olunardı. Amma iki modelin dəvəti bunun kommersiya xarakterli film olduğunu göstərir” - deyir kinoşünas.

Eynən Qazaxıstanın bir neçə ilə çəkdiyi, ssenarisini Rüstəm İbrahimbəyovun yazdığı “Köçərilər” kimi?

Aygün Aslanlıı deyir ki, bəli “Köçərilər” kimi. Amma bir nüansa dərhal diqqət çəkir: “O filmə ayrılan məbləğin bir miqdarı da Qazaxıstan kinostudiyasının yenidən qurulmasına, avadanlıqlar alınmasına sərf edildi. “Əli və Nino” isə sırf müstəqil layihədir, prodüserlik Leyla Əliyevanındır. Layihə sahibi kimi istədiyini etməyə ixtiyarı var”.

Rejissor Əli İSa Cabbarlı
Rejissor Əli İSa Cabbarlı

“GÜC DRAMATURGİYAYA VERİLİB, ULDUZLARA YOX”

Rejissor Əli İsa Cabbarlı “Əli və Nino” filminin prodüsser işinin “savadlı qurulmasına” əmindir. O deyir: “Layihədə əsas bənd ssenarist götürülüb və ssenarist seçimi idealdı. O, həm ədəbi əsərlərin ekranlaşdırılmasında bir nömrədir, həm də Misir və ya Mərakeşdə böyümüş bir ingilisdir, yəni Şərqi bilir”.

Rejissor ikinci uğur kimi filmin büdcəsini göstərir: “Əli və Nino”nun büdcəsi milli kinomuzun budcəsindən ayrıdır. Yəni bu cür bahalı layihə daxili kino istehsalına mane olmayıb. Bundan başqa, eşitdiyimə görə, tələbələri periodik çəkilişlərə dəvət edirlər, bu da yaxşıdır.

İkinci rollara azərbaycanlı aktyorların cəlb olunması da müsbət haldır. “Mahmud və Məryəm”in ekranlaşması ilə müqayisədə layihənin uğurlu alınacağına şübhə etmirəm. Çünki prodüsser konsepsiyası uğurlu qurulub – güc dramaturgiyaya verilib, bir nömrəli ulduzlara yox”.

Əli İsa Cabbarlı baş rollarda yerli yox, əcnəbi aktyorların çəkilməsini də normal sayır: “Baş rollarda oynayanın millətini önə çəkmək əyalət yanaşmasıdır. Dünyada belə yanaşma yoxdur”.

Sonda Əli İsa Cabbarlı da eyni fikri vurğulayır ki, “Əli və Nino” Azərbaycanın xaricdə təbliğinə hesablanıb və bu bir PR aksiyasıdır. Ona görə “Köçərilər” filmi kimi burda da tanınan simaların olması lazımdır.

Filmin ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, Oscar mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri, Ninonu Maria Vilverde canlandıracaq.

XS
SM
MD
LG