Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:08

Əli İnsanova pul ödənib, amma azadlığa buraxılmır...


Əli İnsanov məhkəmə zalında, 17 yanvar 2014
Əli İnsanov məhkəmə zalında, 17 yanvar 2014

.

Martın 10-da həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyin rəhbəri Malena Mard ilə görüşüb. Görüş Əli İnsanovun müdafiəçilərinin təşəbbüsü ilə baş tutub.

Toğrul Babayev həm keçirdiyi görüş, həm də Əli İnsanovun işinin hazırkı durumu ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

- Toğrul bəy, görüşdə əsasən nələri müzakirə etdiniz?

- Bildiyiniz kimi 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi onun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Bu da onun azadlığa çıxması deməkdi. Lakin, həmin qərar hələ də icra olunmayıb. Görüşdə bununla bağlı məslə qaldırdıq, bizi dinlədilər. İradlarımızı bildirdik. Daha sonra yazılı müraciət etdik. Onlar da iradlarımıza baxacaqlarına söz verdilər.

- Əli İnsanovun hazırkı vəziyyətinə. Sonuncu dəfə nə vaxt görüşmüsüz, səhhəti necədir?

- Sonuncu dəfə martın 10-da görüşmüşük. Əvvəlki kimi 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Səhhətindən və saxlanma şəraitindən narazılığı yoxdur. Sadəcə Avropa Məhkəməsinin qərarının icra olunamamsından narazıdır.

Bununla bağlı o, dəfələrlə qurumun Qərarların İcrasına Nəzarət Komitəsinə şikayət eləyib. Ötən ilin iyununda bu məsələ müzakirə olunmaq üçün Avropa Şurası Nazirlər Kabinetinin gündəliyinə salınmışdı. İyunun 5-6-da bu məsələ müzakirə olunmalı idi. Qurumun rəsmi internet saytında da bu haqda məlumat qoyulmuşdu. Lakin, sonradan bu məsələ bizə məlum olmayan səbəblərdən gündəlikdən çıxarıldı.

Daha sonra Avropa Şurasının baş katibi mətbuata müsahibəsində bildirmişdi ki, Əli İnsanovun məsələsi nəzarətdədir və yaxın günlərdə bu məsələ öz həllini tapacaq. Lakin, bu günə qədər bu qərar icra olunmayıb.

- Azərbaycan rəsmiləri adətən Avropa Məhkəməsinin çıxardığı qərarlarının məcburi yox, tövsiyyə xarakter daşıdığını bidirirlər. Əli İnsanovun işində Azərbaycan tərəfi qərarın konkret olaraq hansı hissəsinə əməl etməyib və buna etməyə məcbur idimi?

- AİHM-nin qərarında yazır ki, Əli İnsanov barəsində Konvesiyanın ədalətsiz məhkəmə və onun müdafiə hüquqi pozulub. Bu hüquq da birinci instansiya məhkəməsində pozulub. Prosedura uyğun da Ali Məhkəmənin Pleniumu bütün məhkəmə qərarlarını ləğv edib, Əli İnsanovu azadlığa buraxmlı idi.

Lakin, Azərbaycan hakimiyyəti məsələdən yayınmaq, onu azad etməmək üçün işi Apelyasiya Məhkəməsinə göndərdilər. Bununla da qərar birtərəfli icra olunmuş sayılır. AİHM-in özündə də göstərilir ki, qərarlar birmənalı icra olunmalıdır. Bizim Avropa qurumlarına dəfələrlə etdiyimiz müraciətlər də hələlik nəticə vermir. Əslində onlar qərarın icra olunmasına sona kimi nəzarət etməlidirlər. Niyə etmirlər, bizə bəlli deyil.

- Əli İnsanov özü nə düşünür bu haqda?

- Narazıdır bundan. O özü də bir neçə dəfə Avropa Şurası Nazirlər Komitəsinə, Şuraya üzv olan ölkələrin Baş nazirlərinə müraciət edib. Sonuncu dəfə martın 6-da müraciət edib. Biz də çalışırıq ki, qərarın icrasına nail olaq.

Əli İnsanov siyasi məhbusdur. Onunla mühakimə olunanların hamısı çoxdan azadlığa buraxılıb. Baxmayaraq ki, onlar haqda Avropa Məhkəməsinin qərarı yox idi. Əli İnsanov haqda belə qərarın olmasına baxmayaraq, hələ də azadlığa buraxılmayıb. Qərar icra olunana, Əli İnsanov azadlığa buraxılana qədər şikayətlərimizi davam etdirəcəyik.

- AHİM-nin qərarında Əli İnsanova təzminat ödənilməsi ilə bağlı hissə var idimi?

- Bəli, 10 min avro ödənilməsi ilə bağlı qərar var idi. Həmin pulu problemsiz ödədilər. Nədənsə, digər qərarları ödəmək istəmirlər.

- Siz özünüz nə gözləyirsiz, onun azadlığa buraxılmasına ümidiniz varmı?

- Əli İnsanovun həbs müddətini bitməsinə təxminən il yarım vaxt qalır. Biz çalışırıq ki, bu vaxta kimi Avropa Məhkəməsinin qərarı icra olunsun, o azadlğa çıxsın. Bunun üçün əlimizdən gələni edirik.

- Əli İnsanova əfv ərizəsi yazmaqla bağlı müraciət olunubmu?

- Bu barədə özü mənə heç nə deməyib.

Keçmiş Səhiyyə naziri, hakim Yeni Azərbaycan Partiyasının rəhbərlərindən biri olmuş Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il cəza alıb. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi onun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov haqqındakı 11 illik həbs qərarını qüvvədə saxlayıb.

XS
SM
MD
LG