Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:38

Rəsul Cəfərov: «Əsas narahatlıq ittihamlarla bağlıdır»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Martın 12-də hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti prosesi keçirilib. Prosesdə şahidlər dindirilib.

Şahid Rüfət Ələsgərov ifadəsində bildirib ki, Rəsul Cəfərovu şəxsən tanımır. Layihə çərçivəsində Rüfət Ələsgərovun rəhbərlik etdiyi «Jazz center»də tədbir keçirilib. Rüfət Ələsgərov bildirib ki, bu tədbirə görə onlara 2500 manat vəsait ödənilib. Həmin məbləğ mədaxil qəbzində də əks olunub. Rüfət Ələsgərov tərəflər arasında heç bir problemin olmadığını, ödəmənin də düzgün və problemsiz həyata keçirildiyini qeyd edib.

«İŞİMİ GÖRÜB, PULUMU ALMIŞAM»

Digər şahid Cavid Qurbanov Rəsul Cəfərovla layihələrdən biri çərçivəsində əməkdaşlıq etdiyini deyib. Əsasən animasiyalar hazırlayan Cavid Qurbanov gördüyü işin müqabilində mədaxil qəbzinə imza ataraq 1720 manat əməkhaqqı aldığını bildirib:

«Layihə seçki ilə bağlı olub. İşimi görüb nağd şəkildə pulumu almışam. Eyni məbləğ mədaxil qəbzində də göstərilib».

Pərviz Əzizov şahid kimi ifadəsində layihələrdən birində tərcüməçi kimi fəaliyyət göstərdiyini qeyd edib. O da mədaxil qəbzinə imza atmaqla əməkhaqqı aldığını, ortada heç bir problemin olmadığını vurğulayıb.

Hakim artıq məhkəmənin bütün zərərçəkənləri dindirdiyini qeyd edib. Şahidlərdən isə yalnız Rəşad Şirinov məhkəməyə gəlməyib, buna da səbəb onun ölkə xaricində olmasıdır.

Növbəti proses martın 31-nə təyin olunub.

AŞPA HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ

Məhkəmə başlamazdan öncə Rəsul Cəfərov jurnalistlərə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşü barədə də məlumat verib. Bildirib ki, Tadeusz Iwiński və Pedro Agramunt onunla həbsxanada martın 3-də görüşüblər:

«Əsasən səhhətim və saxlanma şəraitim ilə maraqlandılar. Onlara bu məsələlərlə bağlı problemimin olmamasını bildirdim. Dedim ki, əsas narahatçılıq ittihamlarla bağlıdır. Onlardan xahiş etdim ki, rəsmilərlə görüşlərdə bu məsələni qaldırsınlar».

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG