Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:16

Deputat: «26 dəfə Həcc ziyarətində olmuşam»


Millət vəkili Qalib Salahzadə
Millət vəkili Qalib Salahzadə

-

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymətlər bahalaşıb.

Belə ki, indi VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq.

«​MƏKKƏDƏ HOTELLƏR BAHALAŞIB»

Məsələ ilə bağlı «Yeni Müsavat»a müsahibə verən parlamentin üzvü, deputat Hacı Qalib Salahzadə bildirib ki, bu il qiymətlər 500-550 dollar arasında artıb:

«Bu da onunla əlaqədardır ki, Məkkədə hotellər bahalaşıb. Ancaq bu bahalaşma cüzidir, elə də ciddi problem deyil».

Qalib Salahzadə bildirib ki, bahalaşma manatın ucuzlaşması ilə əlaqədar deyil:

«Yox, ona görə deyil. Məkkədə böyük abadlıq işləri gedir axı. Bahalaşma da bununla əlaqədardır».

Azərbaycandan Həcc ziyarətinin digər ölkələrlə müqayisədə baha olması barədə sualı cavablandıran deputat bildirib ki, bu əslində belə deyil:

«Ona görə ki, mən Həcc ziyarətində görmüşəm. Demək olar ki, Azərbaycan ən ucuz ölkələrdən biridir. Mən 26 dəfə Həcc ziyarətində olmuşam, bilirəm də nə var, nə yox. 90-cı ildən Həccə gedirəm. İndi sayın da , hər il Həcc ziyarətində olmuşam».

Qismət olsa bu il də Həcc ziyarətinə gedəcəyini vurğulayan deputat bildirib ki, əslində Həccə bir dəfə getdinsə, qurtardı:

Arxiv fotosu
Arxiv fotosu

«Ancaq mən hətta Kəbə evinin içərisində də olmuşam, Kəbənin yuyulmasında iştirak etmişəm. Bu, 2010-cu ilin 21 dekabrında olub. Həmişə Həcc ziyarətinə gedəndə birinci Azərbaycan xalqı üçün dua edirəm, ikinci də Allahımdan istəyirəm ki, qismət elə, gələn Həcc ziyarətində yenə gəlim, Kəbə evində iki rükət namaz qılım. Allah da bunu qəbul edir. Yoxsa Həcc ziyarəti elədir ki, birinin xəstəsi olar, başqasının vacib işi olar, yaxud kiminsə yaxını rəhmətə gedər və ziyarətə gedə bilməz. Mən çox adam görmüşəm ki, pullarını da verib, hazırlaşıb ki, “Həccə gedirik”, ancaq gedən ərəfədə başına bir iş gəlib, yaxud ailəsində problem olub. Hətta onu da görmüşəm ki, avtobusdan enib ki, “evdə nəsə olub, ziyarətə getmirəm”. Bunu Allah belə istəyir. Allahdan başqa kim məni Allahın evinə buraxa bilər? Heç bir pulla Kəbə evinin içərisinə girmək olmaz. Hətta milyardları olan adamlar da Kəbə evinə girə bilməz».

Deputat həmçinin qeyd edib ki, 500-dən yuxarı adamı şəxsi pulu ilə Həccə göndərib.

Arxiv fotosu
Arxiv fotosu

«Həcc ziyarəti elədir ki, həmin adamı Allah çağırır. Kiməsə yaxşılıq etmək, əl tutmaq insanın öz əməlidir. Mən əlimdən gələni, bacardığımı etmişəm. İmkanım daxilində çalışıram ki, ən azı heç kəsi narazı salmayım».

BANKDAN PUL GÖTÜRƏN ADAMLAR...

Ölkə əhalisinin banklara olan kredit borcundan danışan deputat Qalib Salahzadə qeyd edib ki, bankdan pul götürən adamların 99,99 faizi gedib iş görüblər, pul qazanıblar.

«Ağılsız adam gedib bankdan pul götürər, maşın alar. Get «Mercedes» alma, «KİA» al. Qaldı ki, bank faizlərinə, dövlət neyləsin, şərait yaradıb ki, gedin iş görün. Ancaq iş görmək əvəzinə gedib bankdan pul götürüb özü üçün xərcləyib. Şərait yaradılıb, get müəssisə yarat, şadlıq sarayı, xəstəxana, məktəb tik. Yoxsa götürüb xərcləyir, sonra da dövləti günahlandırır».

XS
SM
MD
LG