Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:00

Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]


Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]

-

Ərəb şahzadələri yenidən Azərbaycana gəliblər. Bu dəfə də rəsmi səfərə yox, ov edib, quş tutub, əylənməyə. Martın 23-dən Azərbaycana gələn şahzadələrin arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var. O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın qohumları və dostları da Azərbaycana təşrif buyurub.

ŞAHZADƏLƏR NAZİRLƏ ŞƏKİL ÇƏKDİRİR...

Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan helikopterlə gediblər. İnstagram səhifələrində şahzadələrin Qız Qalası və Bakının müxtəlif yerlərindən çəkdirdikləri görüntüləri də var. Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.

Şahzədələrin ov üçün Azərbaycanın hansı məkanını seçmələri fotolardan dəqiq aydın olmasa da, buranın Kür-Araz ovalığı olduğu bildirilir.

“NADİR QUŞLARI OVLAYIRLAR”

Hacıqabul sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, şahzadələr rayonun Qarasu kəndi yaxınlığında olan ovalıqda da olublar. Sakinlər deyir ki, onlar əsasən özlərinin xüsusi təlim keçmiş şahinləri ilə adı “Qırmızı kitab”da olan bəzgək quşu ovlayırlarmış. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən kənd sakinlərindən biri deyir ki, bu ovalıq zəngin ot örtüyünə malik olduğu üçün, bəzdək də daxil olmaqla bir çox nadir quşların oylağıdır:

“Bizlərdən biri bu quşlardan ovlamaq istəsə, dərhal ya həbs, ya da cərimə olunarıq. Bu əcnəbi qonaqlar kimdirsə, gözün üstə qaşın var deyən yoxdur. Ona görə də səsimizi çıxara bilmirik, pıçıltı ilə danışırıq bu haqda. Bir neçə ay öncə də gəlmişdilər. O vaxt çadır qurmuşdular. Bu dəfə hava soyuq olduğundan kənddəki villalardan birində qalırdılar. Silahdan istifadə etmirdilər. Yalnız öz şahinləri ilə bəzgək ovlayıb əylənirdilər. Bir neçə gün qalıb çıxıb getdilər”.

Sakinlər bildirir ki, ərəb şahzadələrini Azərbaycanda himayə edənlər olmasaydı, onlar qadağan olunmuş quşları ovlaya bilməzdi.

NAZİRLİK: “ONLAR ARTIQ ÖLKƏNİ TƏRK EDİB”

AzadlıqRadiosu məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, ov etmələri üçün ərəb şahzadələr onlardan icazə almayıb:

"Ərəb şeyxləri ov etməklə bizə rəsmi müraciət etməyiblər və onlara icazə verilməyib. Onların ölkədə oduğu vaxt bayram günlərinə düşüb. Bu barədə mətbuatdan xəbər tutanda nazirlik dərhal araşdirmaya bashlayib və məlum ki, onlar artıq ölkəni tərk ediblər.

Ancaq biz bununla bagli Sərhəd Qoşunlarına müraciət edəcəyik ki, belə halların baş verməməsi üçün ov məqsədilə gələn adamlar, xüsusilə ərəblər barədə bizə operativ məlumat versinlər".

BƏZGƏK OVLAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI CƏRİMƏLƏNİR...

Ərəb şeyxləri və şahzadəlirinin bundan öncə də Azərbaycana ov etmək üçün gəlmələri haqda mətbuatda məlumatlatlar yayılmışdı. Həmin məlumatlarda da onların qadağan olunmuş heyvanları ovlaması qeyd olunurdu.

Bəzgək Azərbaycanda sayı getdikcə azalmaqda olan quş növüdür. Qanunla ovlanması qadağandır. 1960-cı illərdən bəri bu quşun Azərbaycanda yuva qurması haqda məlumat yoxdur. Bəzgək quşları sentyabrda Azərbaycana gəlib, martda geri qayıdır. Bu quş Kür-Araz və Lənkəran ovalıqlarında yayılıb. Bəzgək həm də özünəməxsus ləzzətli dadı ilə də məşhurdur.

Əsasən yarımsəhra və çöllərdə qışlayır. Əkin sahələrinə asanlıqla uyğunlaşır. Ötən ilin fevralında bir qrup Azərbaycan vətəndaşı 20 ədəd bəzgək ovladığına görə “Ovçuluq haqqında” qanuna əsasən cərimələnib.

XS
SM
MD
LG