Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:23

İqlim dəyişikliyi Qlobal İqtisadi Depressiya yarada bilər


Dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir
Dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir

İqlim dəyişikliyi nəzarətsiz qalsa, qlobal istiləşmənin qarşısı alınmasa, 1930-cu illərin Böyük Depressiyasına bənzər iqtisadi fəlakət yarana bilər. Dünya iqtisadiyyatına 3.68 trilyon funt sterlinqdən çox ziyan dəyə bilər. Oktyabrın 30-da yayılmış İqlim Dəyişikliyinin İqtisadiyyatı adlı «Stern» İcmalında belə deyilir.


İcmalı Birləşmiş Krallığın Maliyyə Nazirliyinin tanınmış iqtisadçısı Nikolas Stern hazırlayıb. Məqsəd iqlim dəyişikliyinin iqtisadi fəsadlarını dərindən araşdırmaq və bu fəsadların qarşısını almaq üçün çıxış yolları təklif etməkdir.


Hesabatda deyilənlər Kyoto Protokolunun əleyhinə olanların, məsələn, ABŞ prezidenti Corc Buşun arqumentlərinə ziddir

Hesabata görə, əgər iyirmi ilə bir iş görülməsə, orta qlobal temperatur 5 dərəcə arta bilər. Nikolas Stern deyir ki, iqlimdə belə bir dəyişiklik heç vaxt qeydə alınmayıb və bu sonuncu Buz Dövrüylə müqayisə oluna bilər: «Sonuncu Buz Dövründə temperatur indikindən beş dərəcə az idi. Belə fərqlər dəyişdirilə bilir. Fiziki coğrafiyanı yenidən çəkmək insan coğrafiyasını dəyişmək deməkdir».


Ser Nikolas Sternin 700 səhifəlik hesabatının rəsmi təqdimatında baş nazir Toni Bler də iştirak edib: «Temperaturun 2-3 dərəcə artması o deməkdir ki, buzlaqlar əriyəcək və bir milyarddan çox adamın su ehtiyatı azalacaq, dənizlərin səviyyəsinin qalxması 200 milyon adamı evsiz-eşiksiz qoyacaq. Məhsulun azalması xüsusilə Afrikaya aclıq və ölüm gətirəcək. Malyariya kimi xəstəliklər yayılacaq, 40-adək heyvan və bitki növünün kökü kəsilə bilər».


Nikolas Stern təklif edir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dərhal qlobal Ümumi Daxili Məhsuoun 1 faizi-təxminən 184 milyard funt sterlinq vəsait ayrılmalıdır. Əgər bu pul indi ayrılmasa, sonda məbləğ 20 dəfə çox ola bilər.


Hesabatın əhəmiyyətinə gəldikdə isə, bu xəbərdarlığı ekoloq deyil, tanınmış iqtisadçı edir. Üstəlik hesabatda deyilənlər Kyoto Protokolunun əleyhinə olanların, məsələn, ABŞ prezidenti Corc Buşun arqumentlərinə ziddir. Sonuncunun fikrincə, dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir.


XS
SM
MD
LG