Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:59

Ekspert: «Kiçik sahibkarlar sıradan çıxa bilər»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Vergilər Nazirliyi borclarını ödəməkdən yayınmağa çalışan 100 nəfər vergiödəyicisinin ölkədən çıxmaq hüququnu məhdudlaşdırıb. Bu haqda məlumat aprelin 9-da nazirliyin saytında yayılıb. Məlumatda bildirilir ki, aprelin 1-dən qüvvədə olan bu qərar Vergi Məcəlləsinə əsasən məhkəmələr tərəfindən çıxarılıb. Nazirlik ölkədən çıxışına qadağa qoyulan ödəyicilərin adlarını da öz saytında dərc edib. Bu şəxslər arasında Bakı şəhərində vergi qeydiyyatında olanlar çoxluq təşkil edir – 30 nəfər. Qadağa qoyulanlar arasında Bərdə, Yevlax, Gəncə qeydiyyatında olanlar da çoxdur. Ölkədən çıxışına məhdudiyyət qoyulanların siyahısında ödəyici kimi Bakıda qeydiyyatda olan 3 əcnəbi də var.

ÖTƏN İL 39 ÖDƏYİCİNİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULUB

Vergidən yayınan ödəyicilərin ölkədən çıxışına kütləvi qadağanın qoyulmasına ötən ildən başlanıb. 2014-cü ildə 39 ödəyiciyə bu qadağa tətbiq olunmuşdu. Ödəyicilərdən 6 nəfəri borclarını ödədikdən sonra onların üzərindən bu qadağa götürülmüşdü.

Bəzi mütəxəssislər hesab edir ki, son dövrlər vergi ödəmələri ilə bağlı qaydaların icrasının sərtləşməsi Azərbaycana gələn neft gəlirlərinin azalması ilə bağlıdır. Onlar qeyd edir ki, məqsəd indiyə kimi əsasən Neft Fondunun hesabına formalaşan büdcəni vergiödəyicilərinin hesabına doldurmaqdır.

Bir qrup mütəxəssislər isə xarici ölkələrlə müqayisədə Azərbaycandakı vergi qanunlarının xeyli yumşaq olduğu fikrindədir.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

«İRİ HOLDİNQLƏR VERGİ ÖDƏMİR...»

İqtisadçı ekspert Məhəmməd Talıblı da hesab edir ki, son dövrlər vergi ödəmələri ilə bağlı qanunların sərtləşdirilməsi büdcə kəsirlərini doldurmağa hesablanıb:

«Son dövrlərə kimi neft gəlirləri artdığından qeyri-neft sektoru haqqında çox da dərindən düşünülməyib. İndiyə kimi büdcə gəlirləri Neft Fondu hesabına formalaşıb. Hazırda Neft Fondundan büdcəyə olan transferlər sürətlə azalmaqdadır. Belə olan halda qeyri-neft sektorundan büdcəyə daxilolmaları artırmaq üçün bir sıra sərt inzibati tədbirlər həyata keçirilir. Biznes sahəsinin sürətlə vergi öhdəliklərini yerinə yetirilməsi prosesinə start verilib. Dövlətin 10 iri vergiödəyicisi var ki, onlar öz öhdəliklərini yerinə yetirmək istəmir. Bu holdinqləri vergiyə cəlb etməkdənsə, orta və kiçik sahibkarlığa inzibati tədbirlər sərtləşdirilir. Bu da bir müddət sonra həmin sahənin sıradan çıxmasına gətirib çıxara bilər».

Rəsmi məlumata görə, bu ilin mart ayında 6 minə yaxın şəxs vergi qanununu pozub. Bunlardan 181-i vergi orqanlarında qeydiyyata durmadan fəaliyyət göstərib. 684 ödəyicinin isə lisensiyasız fəaliyyət göstərdiyi aşkarlanıb.

Son 1 ildə bir neçə tanınmış hüquq müdafiəçisi vergidən yayınma ittihamı ilə həbs olunub. Həbs olunanlar ittihamları qondarma sayır və bunu fəaliyyətləri ilə bağlayırlar. Bəzi yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları da hesab edir ki, hüquq müdafiəçiləri hakimiyyətə qarşı sərt mövqelərinə görə həbs olunublar. Hakimiyyət nümayəndələri bu iddiaları rədd edərək, onların qanunvericiliyi pozduqlarına görə həbs olunduqlarını bildirirlər.

XS
SM
MD
LG