Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:00

Rəsul Cəfərov: «Saxta ittihamlar əsasında siyasi sifarişli hökmdür»


Rəsul Cəfərov aksiyaların birisində saxlanılan zaman (2013)
Rəsul Cəfərov aksiyaların birisində saxlanılan zaman (2013)

-

Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovu 6,6 il azadlıqdan məhrum etdi.

Zalda tam sakitlikdir, eşidilən təkcə hakim Eldar İsmayılovun səsidir. Rəsul Cəfərovla bağlı hökm oxuyur – aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində.

Təxminən 50 səhifəlik hökm sürətlə oxunduğundan qeydlər aparmaq mümkün olmur, sadəcə bunları eşidirsən – dövlət qeydiyyatına alınmadan qeyri-qanuni fəaliyyət, pulların təyinatı üzrə xərclənməməsi, mənimsəmə, qanunsuz sahibkarlıq , vergidən yayınma, səlahiyyətlərdən sui-istifadə və s...

«ƏGƏR HƏBS OLUNSAM...»​

Rəsul Cəfərov bir neçə dəfə hakimdən hökmün yalnız nəticə hissəsini elan etməyi xahiş etsə də, hakim razılaşmır, prosessual qayda gərəki hökmü cümlə-cümlə oxumaqda davam edir.

Yalnız hakimlərdən birinin özünü yaxşı hiss etməməsi Eldar İsmayılovu məcbur edir ki, 5 dəqiqəlik fasilə elan etsin.

Əgər həbs qərarı çıxarılarsa, bunu birmənalı şəkildə siyasi sifariş hesab edirəm. Yox əgər şərti cəza verilərsə, ədalətin qismən bərpa olunduğunu deyəcəm...

Fasilədən yararlanmağa çalışırıq, Rəsul Cəfərovdan fikirlərini soruşuruq:
«Əgər həbs qərarı çıxarılarsa, bunu birmənalı şəkildə siyasi sifariş hesab edirəm. Yox əgər şərti cəza verilərsə, ədalətin qismən bərpa olunduğunu deyəcəm».

Ondan bugünədək olan prosesi dəyərləndirməsini istəyirik:

«Gözləyirdim ki, həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təmin olunacaq. Çünki, mənim heç yerə qaçmayacağım hər kəsə bəllidir. Amma bu vəsatəti təmin etmədilər. Bununla belə təmin olunan vəsatətlərimiz də oldu, məsələn, sənədlərlə bağlı. Bunu müsbət dəyərləndirirəm».

«AXI TƏQSİRİ NƏ İDİ Kİ...»​

Fasilə bitir və hakim hökmü oxumaqda davam edir. Yenə eşidilən odur ki, cinayəti törətdiyi tam təsdiq olunur, törətdiyi əməllər düzgün təsnif olunub, cəzasını ağırlaşdıran hallar müəyyənləşdirilməyib və s.

Nəhayət nəticə elan olunur: 3 il müddətinə dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutması qadağan olunmaqla 6 il 6 ay həbs cəzası. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Məhkəmə binasının qarşısı
Məhkəmə binasının qarşısı

Zaldan alqışlar, Rəsul Cəfərova dəstək sözləri eşidilir. Rəsul Cəfərov isə hökmü «saxta ittihamlarla siyasi sifariş» adlandırır.

«Bu, ancaq haqsızlıqdır. İnanırdım ki, buraxacaqlar, axı təqsiri nə idi ki, buraxmasınlar. Çox pis təsir etdi mənə».

Bunu hökmü zalda olsa da, hakimin dilindən yox, Rəsulun qardaşı Sənanın dilindən eşidən 85 yaşlı Rəsul baba deyir – Rəsul Cəfərovun adını daşıdığı babası. 85 yaşı olsa da, nəvəsinin demək olar ki, bir prosesini də buraxmayıb. Ağır eşidir, zalda hakimin nə dediyini sonradan ona deyirlər. Gəlməkdə əsas məqsədi sevimli ilk nəvəsi Rəsulu görməkdir.

«NƏSƏ DEYƏRƏM MƏNİ DƏ APARARLAR»​

Jurnalistlərin «məhkəməyə, dövlətə demək istədiyiniz varmı?» sualına da babanın cavabı belə oldu:

«Heç nə, nə deyə bilərəm ki? Nəsə deyərəm, məni də apararlar, canım da yoxdur ora getməyə».

Günay İsmayılova
Günay İsmayılova

Prosesləri ilk gündən izləyən, həm də məhkəmənin bu işlə bağlı şahid kimi dindirdiyi hüquqşünas Günay İsmayılava da hesab edir ki, bu, cinayət prosessual qanunvericiliyin pozulması ilə çıxarılan hökmdür:

«Qərar ədalətsiz qərardır. Çünki müdafiə tərəfi Rəsul Cəfərovun təqsirsiz olması ilə bağlı bütün sübutları məhkəməyə təqdim etdiyi halda, məhkəmə bunları saxta hesab etdi. Bu, yanlış idi. Zərərçəkmiş deyir ki, «biz zərərçəkmiş deyilik», amma məhkəmə deyir ki, «yox, onlar zərərçəkmişdir». Yəni hesab edirəm ki, hökm cinayət prosessual qanunvericiliyin pozulması ilə çıxarılan hökmdür. Rəsulun özü də hesab edir ki, bu, siyasi sifarişdir»​

«​MƏHKƏMƏ BİZİM SÜBUTLARA DÜZGÜN QİYMƏT VERMƏDİ»​

Rəsul Cəfərovun vəkili Fariz Namazlı qərara münasibətlə yanaşı atılacaq addımlardan da danışır:

Biz bundan apelyasiya şikayəti verəcəyik...

«Biz bu hökmü tamamilə əsassız və qanunsuz hesab edirik. Biz kifayət qədər sübutlar təqdim etmişdik məhkəməyə ki, Rəsul Cəfərovun heç bir təqsiri yoxdur. Hətta zərərçəkənlər də özləri dəfələrlə məhkəmədə bildirdilər ki, onların heç bir şikayəti yoxdur. Təəssüf ki, məhkəmə bizim təqdim etdiyimiz sübutlara düzgün qiymət vermədi, ancaq ittiham orqanının topladığı sübutları əsas götürdü. Bunun da əsasında ittiham hökmü çıxardı. Biz bundan apelyasiya şikayəti verəcəyik».

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunub. Sonradan pul mənimsəməkdə və saxtakarlıqda da ittiham olunub.
Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty International» Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG