Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:05

Sənan Cəfərov: «Müstəqil məhkəmə, ədalətli hakimlər olsaydı...»


Sənan Cəfərov
Sənan Cəfərov

-

«Əvvəldən yazılmış bir hökm elan olundu».

Hüquq müdafiəçisi Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov bu fikirdədir. Məhkəmənin Rəsulla bağlı 6 il yarım həbs cəzasından sonra qardaşı Sənan Cəfərov AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:

- Sənan bəy, hökmlə bağlı fikriniz nədir?

- Hamı bilir ki, bu, əvvəldən yazılmış bir hökmdür. Sadəcə, 6 il yarım gözləmirdim. Daha az olacağını düşünürdüm.

- Bəs ittihamlara və bunların əsasında 2 aydan çoxdur davam edən proseslərə münasibətiniz necədir?

- Vəkil Əlibaba Rzayev müdafiə nitqində 5 ittihamın hər biri ilə bağlı sübutlarla danışdı. Oradan da bəlli oldu ki, hamısı qanunsuz olaraq Rəsulun üzərinə yazılmış ittihamlardır. Müstəqil məhkəmə, ədalətli hakimlər olsaydı, başqa qərar gözləmək olardı.

- Rəsul Cəfərovun saxlandığı ilk gündən bugünədək keçən dövr ərzində qardaşınızda bu vaxtadək görmədiyiniz, hiss etmədiyiniz nəsə kəşf etdinizmi? Sanki bugünədək onu o baxımdan tanımamısınız deyə düşündünüzmü?

- Yox, elə bir şey olmadı. Həmişəki kimi gülərüz, pozitivdir. Həmişə olduğu kimi, indi də sözünü deyir. Amma Rəsul özü çox şeylər kəşf edir. Özü də deyir ki, məni həbs etməklə bir tərəfdən yaxşılıq ediblər. Soruşanda niyə, deyir ki, «hüquq müdafiəçisi kimi içəridə olanları görmək mənim üçün müsbətdir».

- Bu müddət ərzində ətrafınızdan, tanışlarınızdan daha çox dəstək görmüsünüz, yoxsa qınaq?

- Yarıbayarı deyərdim. Yəni həm qınaq olub, həm dəstək. Ən çox qınağı da ailə üzvlərindən gördüm. Nəticə çıxarmışam ki, qınayanlar ailəyə o qədər də yaxın adamlar deyilmiş. Bir məktəb oldu mənim üçün, bildim ki, dost kimdir, düşmən kim. Bir şey də var ki, Rəsul tutulmasaydı, bir vəzifə sahibi olsaydı, indi qınayanlar deyəcəkdilər ki, nə yaxşı ki, Rəsul bu yoldadır.

Rəsul Cəfərovun babası
Rəsul Cəfərovun babası

- Ananız bu proseslərdən bir qədər kənar adamdır, yəni nə siyasi fəaldır, nə də ictimai fəal. Bu baş verənlərə onun münasibəti necədir?

- Rəsul həbs olunanda baş verənləri ona izah etmək bir az çətin oldu. Sonradan istər-istəməz hər şey göz qabağındadır deyə, özü də düzgün qiymətləndirməyə başladı. Mətbuatı izləyirdi, mən də izah edirdim. Rəsulun anası olmaqdan savayı həm də bir vətəndaş kimi görürdü ki, haqsızlıqlar var. Ona görə istər-istəməz özü-özünü hazırlamışdı bu günə. Bu gün hökmdən sonra onunla əlaqə saxladım, bircə onu dedi ki, fəxr edirəm ki, Rəsul kimi oğlum var. Rəsulun seçdiyi yolla bağlı heç bir peşmançılıq hissi keçirmir.

- Məhkəmə prosesləri həm də sizin yaşlı babanızla yadda qaldı. Eşitmə problemi olsa da, hər prosesdə gəldi, səssizcə oturdu və getdi. O babaya baş verənləri izah etmək çətin olmadı ki, heç qınadımı Rəsulu?

- Xeyr, qınamadı Rəsulu, əksinə, ən böyük dəstəklərdən birini elə o göstərdi. Babanın 85 yaşı olsa da, hər prosesdə iştirak etdi. Amma Rəsulun elə tanışları var ki, cavan və bekar ola-ola gəlmədi məhkəməyə. Baba isə məhkəməyə gəlməklə dəstəyini göstərdi və bundan sonra nə qədər ömrü varsa dəstəkləyəcək. Rəsul onun həm adını daşıyır, həm də ilk nəvəsidir.

- Bundan sonra hansı addımları atmağı düşünürsünüz?

- Vəkillər 3 gün sonra hökmün surətini alacaqlar və apellyasiya şikayəti veriləcək. Ondan sonra proseslər hansı addımı tələb edərsə, elə də edərik.

- İndi Rəsula nə demək istərdiniz?

- Rəsula demək istərdim ki, möhkəm olsun. Hamımız onu dəstəkləyirik.

XS
SM
MD
LG