Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:37

“Azerbaijani breakfast” brendi hazırlanır


Arxiv fotosu: İstanbulda otellərdən birinin səhər yeməyi
Arxiv fotosu: İstanbulda otellərdən birinin səhər yeməyi

-

Gözlə

No media source currently available

0:00 0:04:51 0:00
Direct-ə keçid


Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dünya mətbəxinə “Azerbaijani breakfast”i - milli səhər yeməyini təqdim etməyə hazırlaşır.

“ENGLİSH” vs. “AZERBAİJANİ BREAKFAST”

Nazirlik Birinci Avropa Oyunlarına qədər otellər üçün menyunu hazırlamağa çalışır.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, dünya təcrübəsində “English breakfast” kimi nümunələr var: “Biz də istəyirik ki, bu layihəmiz dünya miqyasına çıxsın və Azərbaycan mətbəxinin özəlliyi səhər yeməyi formasında təqdim olunsun”.

Vüqar Şıxməmmədov deyir ki, hazırda layihə üzərində iş gedir və onlar bunu Bakıdakı iri otel sahibləri ilə birgə müzakirə edəcəklər: “Xahiş edirəm, bunu xüsusi qeyd edin ki, layihə məcburi yox, tövsiyə xarakterlidir. Yəni, otel sahibləri özləri qərar verəcəklər ki, bu layihədən istifadə etsinlər, ya yox”.

Şöbə müdirinin sözlərinə görə, layihənin ictimai müzakirəsinə ehtiyac görməyiblər, çünki onun üzərində mütəxəssislər çalışır.

Hərçənd aprelin 2-də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, milli mətbəxin təbliğini gücləndirmək üçün bəzi tədbirlər planlaşdırıblar. O, milli mətbəxə aid yeni brendin hazırlandığını və onun Birinci Avropa Oyunları zamanı bəzi otellərdə təqdim ediləcəyini deyib.

BAL, QATIQ, POMİDOR-YUMURTA

APA yazır ki, nazir bu brendin birinci mərhələdə bəzi otellərdə, sonra isə bütün otellərdə tətbiq ediləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, milli mətbəx ənənələrini özündə birləşdirən brend həm də otellərdə xidmət səviyyəsinə təsir göstərəcək.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Azerbaijani breakfast” qərarını Eurasianet.org saytı “Azərbaycan iddia edir ki, onlar səhər yeməyini patentləşdiriblər” (“Azerbaijan Claims It Has Patented Breakfast”) adlı yazıda şərh edib. Məqalə müəllifi nazirliyin qərarını “qastronomik azadlıqları məhdudlaşdırmaq cəhdi” kimi dəyərləndirib.

Müəllif yazır ki, ideya cəlbedicidir, ancaq o, şübhə edir ki, Azərbaycanın səhər yeməyi regionun digər ölkələrindən nəyləsə fərqlənə bilər: “Ümumiyyətə, menyuya qoyun pendiri, bal, qatıq, müxtəlif meyvələr, pomidor-yumurta, yağ və çay…. daxil ola bilər. Bu isə regionun digər ölkələrinin menyusu ilə eynidir”.

3 ULDUZLU OTEL BİR NÖV QAYMAQ VERƏCƏK

Hazırda “Azərbaijani breakfast” layihəsi üzərində çalışan Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova bununla razı deyil, deyir ki, milli mətbəxdə səhər yeməyi bir cür deyil, çeşid-çeşiddir: “Məsələn, Gəncə qaymağı bir başqadır, hər bölgənin bir pendir növü var. Şirvan tərəfdə şor, süzmə verilir”.

Hələlik menyunun üzərində iş getdiyindən Ceyran Əsgərova onun tərkibini söyləmir, ancaq deyir ki, səhər yeməyi öz zənginliyini və kaloriliyini qoruyacaq: “Səhər yeməyi elə bir şeydir ki, orda çörək, süd məmulatları, həm şirin məhsulları, həm yumurta və ondan hazırlanan yeməklər, həm şirniyyat məmulatları, o cümlədən, içkilər olmalıdır”.

O inanır ki, Azərbaycan səhər yeməyi ilə bağlı öz brendini yarada biləcək: “Pendir-çörəyimiz, nəhrə yağımız, motal pendirimiz, quymağımız elə brenddir də. Xarici ölkələrin “breakfast”ı bizim səhər yeməyinə heç yaxın da düşə bilməz”.

Ceyran Əsgərova bildirir ki, menyu bir olsa da, ulduzundan asılı olaraq, otellərin onun tərkibini seçmək imkanları olacaq. Məsələn, 5 ulduzlu həm Gəncə, həm də məşhur olan digər bölgələrin qaymağını səhər yeməyinə daxil etməlidir, 3 ulduzlu otel isə yalnız bir növ qaymaq verəcək.

Yeni brend Birinci Avropa Oyunlarına qədər ictimaiyyətə təqdim olunacaq.

XS
SM
MD
LG