Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:13

AXCP fəalının atası: «9 gündür oğlumu görmürəm, bəlkə də işgəncə verirlər»


Fuad Əhmədli
Fuad Əhmədli

-

«Hər gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə oğlum üçün «peredaça» aparıram. Özünü görmək, səsini eşitmək imkanım olmayıb. Bilmirəm necədir, bəlkə işgəncə verilib. İki gün əvvəl hansı paltarda aparmışdılarsa, həmin paltarları qaytardılar. Xəstə anası, bacısı ağlaya-ağlaya həmin paltarlara baxır ki, bəlkə bir qan izi, cırıq olar».

Bunu AzadlıqRadiosuna artıq 9 gündür oğlu Fuad Əhmədlini görməyən, səsini belə eşitməyən ata Zəfər Əhmədov deyir.

DEDİLƏR «GƏRƏK UŞAĞI TƏRBİYƏ EDƏNDƏ DÜŞÜNƏRDİNİZ»

Zəfər Əhmədov danışır ki, oğlu aprelin 28-də gecə saatlarında işdən evə gələrkən oğurlanıb:

«Oğlum işdən gecə saat 1-in yarısı ofisin maşınında gəlib. Anası həyət qapısını açanda görüb ki, onu qapıda dayanan «10-TK-473» dövlət nömrə nişanlı «Nissan Sunny» markalı avtomobilə mindirib aparıblar. Gecə ikən 102-yə zəng elədim, Xətai polis idarəsinə getdim. Uzun axtarışlardan sonra, aprelin 29-u axşam bildim ki, oğlum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Aprelin 30-u getdim idarəyə, Elman adlı mülkigeyimli bir nəfər mənə dedi ki, Fuada xırda xuliqanlıq və polisin qanuni tələbini yerinə yetirmədiyinə görə 25 sutka cəza verilib. Xırda xuliqanlığın nədən ibarət olduğunu, buna görə niyə məhz bu idarəyə gətirildiyini mənə demədi. Məhkəmənin qərarını istədim, onu da vermədilər. Həmin şəxs bircə onu dedi ki, «öz günahınızdır, bunu gərək uşağı tərbiyə edəndə düşünərdiniz».

Zəfər Əhmədov oğlu üçün vəkil tutduğunu, amma vəkilin də onunla görüşə buraxılmadığını deyir. O, düşünür ki, oğlu siyasi fəaliyyətinə görə saxlanıb.

Fuad Əhmədli AXCP Gənclər Komitəsinin üzvüdür. Partiyanın, Milli Şuranın mitinqlərində təşkilatçılıq fəaliyyəti ilə məşğul olub. Atanın dediyinə görə, baxmayaraq ki, oğlu son mitinqlərə də qatılıb, səhhətinə görə son zamanlar elə də fəallıq göstərə bilməyib.

«ƏMƏLİYYATDAN TƏZƏCƏ ÇIXIB, İŞDƏN DƏ QOVULDU»

Fuad Əhmədli bir neçə dəfə cərrahi əməliyyat olunub. Zəfər Əhmədlinin dediyinə görə, sonuncu əməliyyat aprelin 9-da olub və oğlu hələ də ağrılardan əziyyət çəkirmiş. Bu azmış kimi, bu hadisə onun işdən çıxarılmasına səbəb olub. İndi ailənin evə yeganə qazanc gətirən oğlu həm də işsizdir.

AXCP lideri Əli Kərimli də Fuad Əhmədlinin həbsini siyasi və sosial şəbəkələrdəki aktivliyi ilə bağlayır. Partiya rəhbəri öz «facebook» səhifəsində Fuadın səhhətinə görə hakimiyyətin məsuliyyət daşıdığını yazır:

Əli Kərimli
Əli Kərimli

«AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli artıq dördüncü gündür ki, «banditizm» idarəsi tərəfindən oğurlanıb. Haqqında formal da olsa, məhkəmə qərarı yoxdur. Tam qanunsuz, girov kimi saxlanılır. Vəkili ilə görüşünə belə imkan verilmir. Nədə ittiham olunduğu barədə heç ailə üzvlərinə də məlumat verilmir».

«BƏLKƏ DƏ ZƏDƏSİ VAR DEYƏ...»

Ailənin vəkil tutduğu, amma Fuad Əhmədli ilə görüşə nail ola bilməyən Vüqar Məmmədov AzadlıqRadiosuna Fuadın işgəncəyə məruz qalması ehtimalından danışıb:

«Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə orden təqdim etsəm də, qəbul etmədilər. İki dəfə getmişəm, ancaq mühafizəçiləri görə bilmişəm, onlar da mənimlə kobud davranıblar. Uşağı rəsmən oğurlayıblar, mənə də deyirlər ki, vəkildən imtina edir. İmtina etsə belə, məni dərhal onunla görüşə buraxmalıdırlar, qoy sonra desin ki, məndən imtina edir, bu da onun haqqıdır. Amma məni yaxın buraxmadılar. Yəqin ki, ona nəsə zədə vurublar ki, görməyimi istəmirlər».

Vəkil Vüqar Məmmədov baş verənlərlə bağlı baş prokurora və ombudsmana şikayət edəcəyini deyir.

Fuad Əhmədlinin saxlanması ilə bağlı rəsmi orqanlar hələ ki, heç bir məlumat yaymayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidməti AzadlıqRadiosunun bununla bağlı sualına yalnız «məsələni araşdırandan sonra mətbuata məlumat verəcəyik» deməklə kifayətləndi.

Partiyanın məlumatına görə, ötən ilin sonundan – noyabrdan AXCP-nin 17 üzvü bu cür həbslərlə üz-üzə qalıb. Onlardan 11 nəfəri 20-30 sutka inzibati həbs cəzası alıb, 6 nəfərə cinayət işi açılıb.

XS
SM
MD
LG