Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:55

Suvenir satanlar Avropa Oyunlarından yaxşı satış gözləmirlər


Milli suvenirlər
Milli suvenirlər

-

İçərişəhərin elə künc-bucağı yoxdur ki, orda əl işləri, milli suvenirlər satılmasın. Alıcı oldu-olmadı, dükanı olan dükanını açır, olmayan da elə açıq havadakı piştaxta arxasında müştəri gözləyir. Yerli alıcılardan çox tək-tük gözədəyən əcnəbilərə daha həvəslə yanaşırlar. Suvenirləri göstərir, qiymətini deyir, hazırlanması, hətta hansı ustanın əlindən çıxması haqqında bilgi verirlər. Ancaq alıcı heç nə almayıb uzaqlaşanda, əvvəlki həvəsləri yox olur.

QİYMƏT DƏYİŞMƏYİB, ANCAQ ALICI YOXDUR

Satıcı Anar Əliyev deyir ki, satdıqlarını onlara əsasən rəssamlar, bu işin ustaları verir. Ancaq bir əldən aldıqları da olur:

«Ustalar gətirirlər, rəssamlar verir. Baxın, bu, nar formasında olan vazadır. Rəssam üstündə işləyib, əl işidir. Bu böyük 25 manatdır, ortaboylu olan 16 manat, kiçik də 8 manat».

Anarın qənaətinə görə, baxmayaraq ki, qiymətlər əvvəlkidir, satış yox dərəcəsindədir. Çünki əsas alıcıları turistlər olur, onlar da gözə az dəyirlər:

«Satış bizim üçün ən əsas olan şeydir. Ancaq ən dərdli yerimiz də elə satışdır. Satmaq üçün kimsə almalıdır. O da yoxdur. Qiymət də keçən il necəydisə, indi də elədir. Bu maqnitli suvenirlər 1 manat 50 qəpik, üstündə Azərbaycan yazılmış qolbaqlar 2 manatdır. Qalan suvenirlərin də qiyməti keçən ildəki kimidir».

««EUROVISION» VAXTI DA ELƏ BİLİRDİK QAZANCIMIZ BAŞIMIZDAN AŞACAQ»

Çoban papaqları, araqçın, kiçik suvenirlər satan Vidadi Əmirovun başına xeyli gənc yığışmışdı. Papaqlardan başlarına qoyub şəkil çəkdirirdilər. Satıcı yarızarafat, yarıgerçək deyir ki, günümüzü bu şəkil çəkdirənlərlə başa vururuq:

Suvenir dükanı
Suvenir dükanı

«Çünki turist-zad yoxdur. Qiymət də əvvəlkidir. Bu çoban papağı 35 manatdır. Ancaq kimdir alan. Tək-tük alan olur, hamı şəkil çəkdirir».

Vidadi deyir ki, 3 il əvvəl Bakıda «Eurovision» Mahnı Müsabiqəsi keçirilən vaxt o qədər təbliğat aparılmışdı ki, satıcılar da elə bilirmiş turist əlindən tərpənmək olmayacaq, adi gündə qazandıqlarının beş-on qatını qazanacaqlar. Ancaq elə olmayıb, satış adi günlərdə necə olubsa, həmin vaxt da elə olubmuş:

«Adi gündə 50-60 manat qazanırdıq, onda da zəif oldu, 100 manat -filan olurdu. Nə qədər olmasa onda, az da olsa, turist vardı, ancaq satış zəif oldu».

Vidadi Əmirov deyir ki, «ona görə də indi Avropa Oyunlarına görə yaxşı qazanacağıq deyib xam xəyallara düşmürəm».

5 MİN MANATA DÖYÜŞÇÜ PALTARI, 10 MİN MANATA SAMOVAR

Bu, açıq havada, piştaxtada alver edən satıcıların durumu idi. Daha təmtəraqlı iri suvenir dükanlarında da satış eynidir. Satıcılar belə deyir. Ancaq bu dükanlarda qiyməti daha baha, özü isə daha sanballı əl işləri satılır. Belə dükanlardan birinin qarşısına sini nar qoyulmuşdu.

Süni narlar
Süni narlar

Narlara baxan iki qadın mübahisə edirdi. Biri deyirdi ki, «əsl nardır, sadəcə rəngləyiblər», o biri deyirdi, «yox, əsl deyil»:

- Mən elə bildim, yeməlidir, dedim birini götürüm yeyim. Bu düzəltmədir? Düzəltmə deyil axı.

- Düzəltmədir, ancaq canlıya oxşayır.

- Yox, bu, əsl nardır, deyəsən rəngləyiblər.

Satıcı deyir ki, təbii nar deyil, rəssamın əl işidir. Bu narların biri 25 manatdır. Mağazada 100 manata gümüş qolbaqlar, 150-250 manata sinəbəndlər, 5 min manata qədim cəngavər geyimi satılır. Lahıc ustalarının əl işi olan samovarın qiyməti isə düz 10 min manatdır. Bu cür mağazaların satıcıları da satışın çox zəif olduğunu deyir. Satıcı Zaur deyir ki, onların alıcıları daha çox əcnəbilərdir. Onlar da keçən illə müqayisədə azalıb:

«İndikinə baxanda bir il əvvəl daha çox əcnəbi alıcımız vardı. İndi isə yoxdur».

Zaur da deyir ki, «Avropa Oyunları qabağı çox alıcı olacaq, çox satışımız olacaq» fikirlərinə də inanmır:

10 min manata samovar
10 min manata samovar

«Ona görə ki, «Eurovision» qabağı da gözləyirdik. Həmin vaxt fikirləşirdik ki, yaxşı satış olar. Ancaq adi günlərdə necə olurdusa, onda da elə oldu. Çünki heç turist yox idi axı. O vaxt gözlənilən nəticəni almadıq deyə, indi daha gözləmirik».

Hələ satışda nardan başqa Avropa Oyunlarını əks etdirən suvenirlər yoxdur. Satıcılar deyir ki, həmin suvenirlər ayın sonunda satışa çıxarılacaq.

SUVENİRLƏR ÜÇÜN BAZAR QİYMƏTLƏRİ FORMALAŞDIRILIR

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirdilər ki, qoruq ərazisində suvenirlərin satışı ilə bağlı bazar qiyməti formalaşdırılır. Avropa Oyunlarına görə satışa çıxarılan suvenirlərin sayı da artırılacaq.

Bundan başqa, İçərişəhərin tarixi ilə tanış olmaq üçün turistlər üçün 20-yə yaxın məlumat məntəqəsi yaradılıb. Həmin məntəqələrdə audiobələdçilər də var. Bu bələdçilərə Azərbaycan, rus, ingilis, fransız və ispan dillərində məlumatlar daxil edilib.

İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Xarici qonaqlara yardımçı olmaq üçün Avropa Oyunları zamanı burda könüllü tərcüməçilər də olacaq.

XS
SM
MD
LG