Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:54

Olimpiya rəsmilərinə daha bir «məhbus» çağırışı gəldi


İlham Əliyev Avropa Oyunları məşəlinin yandırılması mərasimində - 26 aprel 2015
İlham Əliyev Avropa Oyunları məşəlinin yandırılması mərasimində - 26 aprel 2015

-

Avropa Olimpiya Komitələrinin (AOK) rəhbərliyi israr etməlidir ki, Azərbaycan hökuməti Avropa Oyunları qabağı jurnalistləri və fəalları azadlığa buraxsın.

Bu bəyanatla mayın 14-də «Human Rights Watch» və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çıxış edib. İyunun 12-dən 28-dək Bakıda 6 min atletin iştirakıyla idman tədbiri keçiriləcək.

NƏFƏSLİK BAĞLANMAMIŞ...

«Prezident İlham Əliyevin ilk Avropa Oyunlarına hazırlığını tez-tələsik tərifləsə də, AOK rəhbərliyi Azərbaycan hökumətinin öz tənqidçilərinə qarşı ciddi pozuntuları və repressiyasına rəğmən açıq şəkildə susub», - bunu «Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan deyib.

«Oyunlardan öncə yekun söz demək nəfəsliyi tezliklə bağlanır, ancaq AOK-un hələ də Olimpiya dəyərlərini müdafiə etmək, birmənalı şəkildə məhbusların buraxılmasına çağırmaq şansı qalır».

Bu oyunları 50 milli olimpiya komitəsindən ibarət AOK idarə edir. Qurumun İcraiyyə Komitəsi mayın 14-də Türkiyənin Antalya şəhərində, Avropa Oyunlarından öncə son toplantıya qatılırlar. Komitəyə 17 milli olimpiya komitəsi daxildir.

Mayın 12-də «Human Rights Watch» və Jurnalistləri Müdafiə Komitəsi həmin 17 üzvə məktub yollayıb. Üzvlərə mesaj budur ki, Azərbaycanda hökuməti siyasi motivlərlə həbs olunmuş jurnalistləri, insan haqları müdafiəçilərini buraxmağa, tənqidi səslərə təzyiqlərə son qoymağa çağırsınlar.

AOK SİYASƏTƏ QARIŞMIR

AOK və üzvləri Olimpiya Hərəkatının bir hissəsidir və Olimpiya xartiyası ilə idarə olunur. Bu xartiya mətbuat azadlığına açıq təminat verir, vurğulayır ki, idman insan ləyaqətini təşviq edir.

«Azərbaycan hakimiyyəti dəfələrlə nümayiş etdirib ki, tənqidə dözümlü deyil, müstəqil səsləri susdurmaq üçün qorxutma, qısnama, siyasi motivli təqib, həbs və fiziki hücumlardan yararlanır», - bunu isə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyir. «Avropa Oyunlarını tam və azad şəkildə işıqlandıracaq jurnalistlər həbsdə yatdığı bir vaxtda AOK rəhbərliyi susmamalıdır».

AOK-un vitse-prezidenti Janez Kocijancic mayın 6-da Avropa Parlamentində dinləmə zamanı bildirib ki, AOK Azərbaycanda insan haqları məsələlərinə qarışa bilməz. Onun fikrincə, AOK siyasi fəaliyyəti qəbul edə bilməz, ancaq onu da söyləyib ki, AOK «bu cəmiyyətin daha yaxşı və açıq olması naminə bütün təsirindən istifadə edəcək».

BELƏ DAVAM ETSƏ...

«AOK Bakı-2015 ərəfəsində Azərbaycana nadir təzyiq imkanından yararlanmalı, mətbuat azadlığı və insan ləyaqətinin müdafiəsinə qalxmalıdır», - Ognianova deyib. «Azərbaycan da bu universal dəyərləri əməl etməyə könüllü boyun olub».

«Ciddi insan haqları pozuntularına baxmayaraq, AOK susmaqda davam etsə, oyunlar həmişəlik pozuntularla və dəyişiklik gücündə olanların səhlənkarlığı ilə ləkələnəcək», - Jane​ Buchanan belə deyib.

AOK insan haqları qurumlarının çağırışlarına bu yaxınlarda belə cavab verib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.

XS
SM
MD
LG