Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Xədicə İsmayıl: «Elə yaxşı qız olduğuma görə həbsdəyəm»


Arxiv fotosu. Xədicə İsmayıl Bakıda etiraz aksiyalarından birində saxlanmazdan az öncə, Bakı 2013
Arxiv fotosu. Xədicə İsmayıl Bakıda etiraz aksiyalarından birində saxlanmazdan az öncə, Bakı 2013

-

Nəsimi rayon Məhkəməsi araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib.

Qapalı proses mayın 15-də keçirilib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin dediyinə görə, prosesdə Xədicə İsmayılın özü də iştirak edib.

PROKUROR DEYİB Kİ, JURNALİSTİN DAİMİ YAŞAYIŞ YERİ YOXDUR

Dövlət ittihamçısı vəsatətin təmin olunmaması istəyini belə əsaslandırıb ki, Xədicə İsmayılın istintaq idarəsinə ifadəsində də dediyi kimi, daimi yaşayış yeri yoxdur, ona görə də onu tapmaq çətindir. Bundan başqa prokuror onun nüfuzundan istifadə edərək şahidlərə təsir etmə imkanında da olduğunu deyib. Bildirib ki, Xədicə İsmayılın təşəbbüsü ilə bir neçə şəxs işə götürülüb və həmin şəxslərə təsir imkanına malikdir.

Xədicə İsmayıl isə prokuroru yalan danışmaqda günahlandırıb. Deyib ki, onun daimi yaşayış yeri var və prokurorluq orqanları da bundan xəbərdardır. Jurnalist onu da söyləyib ki, istintaq başlayan andan o, xarici səfərləri barədə də həmişə əvvəlcədən istintaqa məlumat verib. Xədicə İsmayıl heç kəsə təsir etmək imkanında olmadığını da vurğulayıb. Ölkədə və xaricdə tanınmasına gəlincə, deyib ki, «məni yaxşı qız kimi tanıyırlar, elə yaxşı qız olduğuma görə də həbs olunmuşam. Xarici dil bildiyimə, xaricdə dostlarım olduğuna, nüfuzuma görə həbs olunmuşam».

Fariz Namazlı məhkəmənın qərarından apellyasiya şikayəti verəcəklərini deyir.

Xədicə İsmayıl ötən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

XS
SM
MD
LG