Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:59

Ayıb sualdır...


Günel Mövlud
Günel Mövlud

-

"Milli identifiklik barədə sual artıq sualdır, ayıb sualdır, lazımsız sualdır."

"- Bura bir azərbaycanlı gəlib. Noutbukunu oğurlayıblar..."

"Milli identifiklik məsələsində Azərbaycanın Gürcüstandan bir addım irəlidə olduğunu qəbul etməliyik..."

Günel Mövlud

MİLLƏT VƏ VƏTƏNDAŞLIQ

Almaniyada bir xanım tanışımız vardı. Özü sarışın, ağbəniz xanım olmasına rəğmən, dörd yaşlı oğlu qarayanız və qıvırcıq saçlı idi.

Bir dəfə ondan uşağının atası barədə soruşduq. Xanım dedi ki, oğlumun atası almandır.

Bir müddət sonra xanımın oğlunun atası ilə tanış olmaq fürsətimiz oldu. Bu, afroamerikalı zahiri göstəriciləri olan bir adamdı.

Danışırdı ki, atası Keniyadan gəlib. Polşada bir qızla, yəni onun anası ilə sevişib, bu sevgidən də o dünyaya gəlib. Polşalı qızın katolik atası nikahsız birlikdəliyi qəbul etməyib, gənclərin evlənməsini tələb edəndə Keniyalı gəncin artıq evli olduğu məlum olub.

Katolik baba qızı və nəvəsini öz himayəsinə götürüb və Keniyalı gənci qovub. Daha sonra ailə Almaniyaya köçüb, Keniya-Polşa sevgisinin meyvəsi Almaniya vətəndaşlığı alıb.

Və anası kimi, o da öz barəsində danışanda özünü alman kimi qələmə verirdi. O, “Mən keniyalıyam, “Mən polyakam”, ya da “yarıkeniyalı-yarıpolyakam” demirdi. “Mən almanam” deyirdi.

Daha sonra bu halı ata-anası türk olan, amma özü Almaniyada doğulan, Almaniya vətəndaşlığına sahib, türkcə pis, almanca əla danışan Sibel adlı bir qızda müşahidə elədim. O, özünü alman kimi təqdim edirdi.

İctimai müəssisələrdə isə diqqətimi daima hicablı bir qız gülümsəyən sosial reklam plakatı cəlb edirdi. Hicablı bir müsəlman qız gülümsəyərək deyirdi: mən Almaniya vətəndaşıyam. Mən almanam. Berlin mənim şəhərimdir.

Sonra öyrəndim ki, Almaniyada milli diskriminasiya ilə mübarizə aparmaq üçün milli identifikasiya barədə suallar, cavablar, söhbətlər olduqca politkorrekt yanaşma tələb edir.

Bir qayda olaraq, belə qəbul olunub: sən Almaniya vətəndaşı olan gündən alman hesab olunursan. Sənin valideynlərinin milliyyəti, özünün milliyətin, hardan gəlməyinin fərqi yoxdur.

Milli identifiklik barədə sual artıq sualdır, ayıb sualdır, lazımsız sualdır. Sən vətəndaşı olduğun ölkəyə məxsussan. Heç kimin sənin damarında axan qanla maraqlanmaq kimi bir ixtiyarı yoxdur.

O qanın özəlliyi, dəyəri, mənbəyi, tarixi ancaq və ancaq sənin özünə maraqlı ola bilər. Özün bilərsən, istəyirsən o qanla maraqlan, uca tut, o qanı öy, tərif yağdır, amma bunlar başqa heç kimə maraqlı deyil.

Bu ölkə sənə öz vətəndaşlığı ilə birlikdə alman hesab olunma, özünü alman kimi təqdim etmə haqqı da verir. Hər bir kəs kimi. Bu ölkədə alman - damarında alman qanı axanlar deyil, Almaniya vətəndaşı olandır.

Gürcüstanda çox gözəl münasibətlərdə olduğum bir dostumuz var. Gürcüstan vətəndaşıdır. Milliyyətcə azərbaycanlıdır. Bir gün onun noutbuku oğurlanır. O, polisə gedir və şikayət ərizəsi yazır.

Onun işi ilə maraqlanan polis digər polisə deyir:

- Bura bir azərbaycanlı gəlib. Noutbukunu oğurlayıblar.

Dostumuz bərk hiddətlənir. Polisə irad tutur ki, sizə mənim milliyyətimdən nə var? Mən Gürcüstan vətəndaşıyam.

Cavabında isə onun üzünə sadəcə kinayə ilə gülümsəyirlər.

Hadisə bircə bu deyil. Gücüstanda yaşayan azərbaycanlılarla söhbət zamanı onların necə çətinliklərlə üz-üzə qaldığını görürük. Onlar özlərini gürcü hesab etmirlər. Gürcüstan hökuməti və gürcü xalqı onları gürcü hüsab etmir.

Milli identifiklik məsələsi hər addımda özünü göstərir, problemlər yaranır. Azərbaycanlılar öz identifikliyini hər addımda gözə soxur, vətəndaş kimi onlara göstərilməli xidmətləri, haqları tələb etmək əvəzinə, beşəlli öz milli kimliklərindən yapışır, bununla da özlərini cəmiyyətin əsas hissəsindən təcrid edirlər.

Gürcüstan höküməti və cəmiyyəti isə gürcü dilini bilməyən, özlərini gürcüstanlı hesab etməyən adamları ögey kimi qəbul edirlər.

Milli identifiklik məsələsində Azərbaycanın Gürcüstandan bir addım irəlidə olduğunu qəbul etməliyik. Azərbaycanda talış, ləzgi, inqiloy, kürd, saxur rahatca “mən azərbaycanlıyam” deyir və doğrudan da cəmiyyət onu azərbaycanlı kimi qəbul edir.

Millətçilik Azərbaycanda siyasi al-ver, siyasi ticarətlə məşğul olanların işidir sadəcə, Azərbaycan xalqı, sadə xalq isə millətçi deyil. Sadə azərbaycanlı yaxşı anlamda biri barədə “öz azərbaycanlımızdır” deyəndə, bunu milli deyil, regional anlamda deyir və onun üçün talış da, kürd də, saxur da, ləzgi də azərbaycanlıdır.

O ki qaldı, Azərbaycanda insanların bir-biri ilə “talış”, “kürd”, “ləzgi” zarafatlarına, bu tipli zarafatlar milli zəmindən daha çox regional zəmində var. Məsələn, bizim kəndin adamları qonşu kəndin adamları barədə danışanda hökmən “filan kənd” zarafatı edirlər.

Bakılı, qarabağlı, qazaxlı zarafatları daima olub, indi buna görə durub onları regional faşizmdə ittiham etməli deyilik ki?

İlk baxışdan o qədər də ciddi görünməyən milli identifiklik məsələsi, əslində, çox ciddi fəsadları ola biləcək problemdir. Böyük imperiyalar müstəmləkə xalqların arasında nifağı ilk növbədə milli zəmində yaradır.

Milli identifikliyin arxa deyil, ön planlarda olduğu ölkələrdə hər an nasizm təhlükəsi əsir. Gün gələr, situasiyadan asılı olaraq, damarında axan qana görə, ya qurban, ya cəllad roluna məcbur edilə bilərsən. Damarında axan qana görə ittiham oluna, cəzalandırıla bilərsən.

Milli identifiklik barədə məlumatların sənədlərdə qeyd edilməyi, bu barədə hansısa dövlət qurumlarının məlumat əldə etməyi antihumanizmdir. Milli identifiklik insanın özü üçün belə, arxa plnada olmalı məlumatlardan, göstəricilərdən biri olmalıdır.

Bütün humanist dəyərlər milliyyətin deyil, vətəndaşlığın ön planda olmasını, vətəndaşlığın vacibliyini aşılayır. Və hər bir insanın “hansı millətdənsən?” kimi alt qatı nasizm toxumları ilə dolu suala, vətədaşı olduğu ölkədən asılı olaraq, bir cavab olmalıdır:

“Mən Fransa vətəndaşıyam”, “Mən Almaniya vətəndaşıyam”, “Mən Azərbaycan vətəndaşıyam ”...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG