Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:43

«Münaqişələrin həlli yollarının klonlaşdırılması qəbuledilməzdir»


Xavyer Solana: «Bizim birgə dəyərlərimiz demokratik dəyərlərdir»
Xavyer Solana: «Bizim birgə dəyərlərimiz demokratik dəyərlərdir»

Noyabrın 14-də «Qonşuluq Siyasəti» çərçivəsində Fəaliyyət Planını imzalamaqla Azərbaycan Avropa Birliyi ilə münasibətlərində yeni mərhələyə başlayır. Lakin əsas şərt şərtlərin icrasıdır. Tərəflərdən biri Fəaliyyət Planında təsbit olunan normaları və prinsipləri pozarsa, o zaman Fəaliyyət Planı dayandırılacaq. Bu, Fəaliyyət Planında xüsusi olaraq, birinci paraqrafda qeyd olunub.


Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solana «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibəsində bildirdi ki, Fəaliyyət Planı ikitərəfli razılaşmadır. Bu planı yaxşı icra edən ölkənin Avropa Birliyi ilə daha yaxşı münasibətləri olacaq:


«Planda məqsəd bu üç ölkəni Avropa Birliyinə yaxınlaşdırmaqdır. Biz hökumətlə iş planı hazırlamışıq, hesab edirik ki, bunun xalqa şübhəsiz ki, xeyri olacaq. Biz müəyyən qədər siyasət sahəsində və xüsusilə iqtisadi sahədə işləməyi nəzərdə tuturuq. Ən vacib cəhət isə odur ki, planlar ayrı-ayrılıqda, hər bir ölkənin hökuməti ilə razılaşdırılır, elə təəssürat olmasın ki, ölkəni hökumət yox, Avropa Birliyi idarə edir. Hökumət yaxşıdırsa, onda Avropa Birliyinin yardımlarının əhaliyə xeyri olacaq, hökumət yaxşı deyilsə, əməkdaşlığımız sonda cılızlaşar. Plan hər bir ölkəyə münasibətdə fərqlərini nəzərə alaraq fərdi şəkildə tətbiq olunacaq, amma ümumi məqsədimiz ölkələri regional əməkdaşlığa sövq etməkdir. O cümlədən, biz region ölkələrindən öz aralarında münasibət qurmalarını və nəticədə mövcud münaqişələrin həllinə səy göstərmələrini gözləyirik. Regionda iqtisadi inkişafla tərəqqinin başlıca şərti sizin «donmuş» adlandırdığınız münaqişələrin həllidir».


Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində problemlərin olduğunu beynəlxalq qurumlar tez-tez vurğulayır. Bu məsələlərin Avropa Birliyi və Azərbaycan arasında münasibətlərə təsiri nə ola bilər? Fəaliyyət Planında demokratiyaya böyük önəm veriləcəyi qeyd olunur, 43 səhifəlik sənədin az qala yarısı elə bu məsələlərə həsr olunub. Avropa Birliyi bu sahədə Azərbaycana yardım göstərəcəyini qeyd edir. Xavyer Solana da bunu bir daha təsdiq etdi:


«Bizim birgə dəyərlərimiz demokratik dəyərlərdir və bunların başlıcası qanunun aliliyi prinsipinə riayət olunmasıdır. «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planında həmin şərtlər açıq şəkildə qeyd edilir, tələb olunur ki, hökumətin effektivliyinə qiymət verilərkən mükəmməl idarəetmə və iqtisadi inkişafla yanaşı, həmçinin bizim bölüşdüyümüz demokratik dəyərlərə uyğun davranması nəzərə alınsın. Bu da bir müzakirə mövzusudur və Fəaliyyət Planının tərkib hissəsidir».


Fəaliyyət Planını Azərbaycanla yanaşı, Ermənistan da imzaladı. Maraqlıdır ki, hər iki ölkə ilə imzalanmış Fəaliyyət Planında Dağlıq Qarabağ münaqişəsinin dinc, siyasi yollarla həll olunması birinci prioritet kimi qeyd olunur. Son vaxtlar daha çox Rusiyada belə fikirlər səslənir ki, Kosovo problemi onun müstəqillik əldə etməsiylə nəticələnərsə, bu, başqa münaqişələr üçün də presedent ola bilər. Xavyer Solana isə bildirdi ki, hər bir konfliktin öz xüsusiyyəti var və burada onları bir-birinə oxşatmaq olmaz:


«Məncə heç bir münaqişənin həllini başqa münaqişənin həlli üçün nümunə götürmək olmaz. Çünki bunların hamısı – həm ilkin şərtləri, həm inkişafı, həm də həlli baxımından bir-birindən çox fərqlənir. Onların həlli yollarının klonlaşdırılması tamamilə qəbuledilməzdir» - deyə cənab Solana qeyd etdi.


XS
SM
MD
LG