Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:12

Bəhruzun meyitində elektroşok izləri olub?


Avqustun 22-də 27 yaşlı Bəhruz Hacıyevin ölümü ilə bağlı etiraz aksiyasından sonra, bu gün - avqustun 24-də Mingəçevir şəhərində sakitlikdir,həyat əvvəlki axarı ilə davam edir. Arabir parklarda və ictimai yerlərdə xüsusi təyinatlı polis nəfərləri gözə dəyir.

Avqustun 20-də Mingəçevir sakini 27 yaşlı Bəhruz Hacıyev polis bölməsinə aparılıb, az sonra ölüm xəbəri gəlib. Yaxınları onun meyiti üzərində zorakılıq izlərinin olduğunu iddia edib, buna etiraz edirlər

Bəhruzun atası Dilsuz Hacıyev AzadlıqRadiosuna deyir ki, Bəhruzun meyitinin üzərində elektroşok izləri olub: “Mən meyiti morqda gördüm. Hər iki böyründə qırmızı nöqtələr var idi. Güman edirəm ki, ona elektroşok veriblər. Başqa nə ola bilər ki?!".

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov AzadlıqRadiosuna deyir ki, ona da vaxtilə elektroşok veriblər: "Elektroşokdan sonra bədəndə xırda, qara nöqtə kimi izlər qalır".

Elçin Behbudov deyir ki, meyiti görmədiyi üçün dəqiq fikir söyləyə bilməz.

Mingəçevir polis şöbəsi isə gün ərzində zənglərimizə cavab vermədi.

Ancaq az əvvəl Mingəçevir şəhər polis idarəsinin rəisi Ələsgər Bədəlov Bəhruz Hacıyevə güc tətbiq edilməsi barədə deyilənləri qəbul etmirdi: "Meyitin müayinəsində qohumları iştirak edib. Bəhruz Hacıyevin şöbəyə gətirilməsi ilə onun özünü aşağı atması arasında 10 dəqiqə vaxt olub, bu müddət ərzində onu necə döymək olardı?", - o bunu AzadlıqRadiosuna deyirdi.

(Bu elektroşok iddiası ilə bağlı istintaqın nəticəsi bilinən kimi əlavə məlumat verəcəyik- red)

TUTULANLAR 21 NƏFƏRDİR

Sakinlərin məlumatına görə, bu səhər aksiyada iştirak edən iki nəfəri saxlayıblar, indi içəridə 21 nəfər var. Onların çoxu Bəhruzun yaşadığı Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindəndir.

Aksiyaçılar deyirlər ki, tələbləri təmin olunmayıb: “Bizim tələbimiz budur ki, polis şöbəsinin rəisi Ələsgər Bədəlov işdən çıxarılsın”.

Hadisədən sonra Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi şiddətli töhmət verilib.

Polis baş leytenantı Şahlar Şahlarzadənin Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi ağır nəticəyə səbəb olması iddia olunaraq, daxili işlər orqanlarında xidmətdən xaric edilib, ona qarşı cinayət işi açılıb, barəsində dörd aylıq həbs qətiimkan tədbiri seçilib.

EKSPERTİZASIZ "NARKOMAN" DEMƏK OLARMI?

Ata Hacıyev deyir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları onun oğlunun dostlarını “narkoman” adlandırıblar (Ələsgər Bədəlov AzadlıqRadiosuna demişdi:“Rəhmətliyin narkoman yoldaşları istəyirdilər ki, şou yaratsınlar, meyiti götürüb şəhərdə gəzdirsinlər, polisin binası qarşısına gətirsinlər”-red.) : bu isə yanlışdır - “Heç bir ekspertiza həyata keçirilmədən, heç bir yekun rəy olmadan necə belə bir söz deyə bilərlər? Bəhruz tikintidə fəhlə işləyidi. Mən kasıb kişiyəm, balıq satıram. Narkotiklə məşğul olan adam niyə fəhləlik etsin?! Eşitdiyimə görə, məni ruhi xəstə kimi qələmə veriblər. Mən üç gün camaatın qarşısını kəsib onları aksiya keçirmələrinə mane olmağa çalışmışam. Ruhi xəstə bunu edə bilərdimi?!”

27 yaşlı Bəhruz ailənin üç oğlundan biri idi. Atası deyir ki, anasını ovutmaq olmur: “Anası zarıyır. Biri var ağlamaq, biri də var ki, zarıya –zarıya qalıb”.

Daxili İşlər Nazirliyi bildirir ki, mərhum narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Polis Şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən atıb.

XS
SM
MD
LG