Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:25

"Azərbaycan-Qərb münasibətləri artıq yoxdur və olmayacaq"


Almaniya - Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel Berlində birgə mətbuat konfransından sonra, 21 yanvar, 2015
Almaniya - Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel Berlində birgə mətbuat konfransından sonra, 21 yanvar, 2015

►"Azərbaycana notasiya oxumaq istəyirlər, bu, xoşuma gəlmir​"

"Sanksiyalar işə düşəcək, zamana bağlı məsələdir"

Sentyabrın 14-də Milli Məclis Avropa Parlamentinin qətnaməsini müzakirə etmək üçün toplaşacaq.

Bu haqda AzadlıqRadiosuna deputat Zahid Oruc məlumat verib. “Bu, Avropa Parlamentinin qətnaməsinə etiraz məclisidir”, - söyləyir deputat.

​“Milli Məclisin qərarı nə ola bilər? Azərbaycan Avropayla əlaqələri kəsməyə qərar verə bilərmi” sualına deputat belə cavab verir:

“Azərbaycan siyasi kurs dəyişikliyinə hazırlaşmır. Düşünmürəm ki, parlament iclası çox sərt sanksiyalarla müşayiət olunsun. Ancaq ümumən, ölkəmizin hansı statusda tutulmasına kəskin etiraz olacaq. Bu, ehtimalımdır. Ancaq bu gün mediaya cəmiyyətin müxtəlif zümrələrindən çıxan reaksiyalar da bunu deməyə əsas verir”.

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, "oyunlara xərclənib"

“XİN-İN CAVABI HƏMİN QƏTNAMƏNİN RUHUNA UYĞUNDUR”

Zahid Oruc
Zahid Oruc

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyi də məsələyə münasibətsiz qalmayıb.

Nazirlik bəyan edib ki, Azərbaycan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin gələn həftə üçün planlaşdırılan səfərini təxirə salıb.

Nümayəndə heyəti Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair sazişlə bağlı ilkin müzakirələr aparmaq üçün gəlməlidydi.

Nazirliyin yaydığı açıqlamada deyilir:

“Ümumiyyətlə, antiazərbaycan və antiislam meyllərinin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.

Deputat Zahid Oruc deyir ki, bu, həmin qətnamənin ruhuna uyğun cavabdır:

“Qeyd etdiyiniz açıqlama Azərbaycanın Qərblə siyasi əlaqələrinin dayandırılması yaxud gələcəkdə bunun iqtisadi müstəviyə keçirilməsi deyil. Düşünmürəm ki, ölkəmiz neft-qaz kəmərlərində nəqli dayandıracaq. Onsuz da qaz resursunun Avropaya çıxarılması yönündə işlər görülməkdədir. İnanmıram ki, bu məsələdə strateji kurs dəyişdiriləcək. Açıq görünən budur ki, Qərb Azərbaycanı idarə etmək üçün ayağa qalxıb. Çox ciddi hücuma keçiblər. Bir çoxları bunu hakimiyyətlə Avropa dairələrinin davası kimi təqdim edib, onu ümumxalq mənafeyindən ayırmağa çalışıblar. Təəssüf edirəm buna. Çünki bu məsələdə problem hakimiyyətlə bağlı deyil”.

Buna da bax: ""Cənnət" həyatımızı cəhənnəmə çevirib"

RASİM MUSABƏYOV: “...XOŞUMA GƏLMİR”

Rasim Musabəyov
Rasim Musabəyov

Bir başqa deputat Rasim Musabəyov isə sənədə qısa şəkildə münasibət bildirdi:

“Deməzdim ki, bu, “kağız parçası”dır. Hər bir halda Avropa Parlamentinin qərarıdır. Ancaq Azərbaycana notasiya oxumaq niyyətindədirlər, açığı bu, mənim xoşuma gəlmir”.

Politoloq Ərəstun Oruclu isə Milli Məclisdən qeyri-adi qərar gözləmir. Politoloq parlamentin atacağı addımdan çox, Azərbaycan-Qərb münasibətlərinə baxmağa üstünlük verir. Onun sözlərinə görə, Azərbaycan çoxdan yerini Rusiyanın yanında tutub, indi Qərblə körpülər yanmaqdadır:

“Azərbaycan-Qərb münasibətləri yoxdur artıq və olmayacaq. Formal səviyyədə saxlanılacaq təbii ki. Bir qədər əvvəl Azərbaycan hökuməti Qərbi rəngli inqilablar hazırlamaqda ittiham etdii. Ancaq nəticə odur ki, Azərbaycanla Avropa arasında əməkdaşlıq yekunlaşır. AB-nin "Şərq tərəfdaşlığı" və başqa proqramları var, mən istisna etmirəm ki, o proqramlarda iştirak dayandırılacaq. Yəni körpülər yanmaqdadır”.

Buna da bax: Azərbaycan avropalıların səfərini təxirə saldı

Ərəstun Oruclu
Ərəstun Oruclu

"ONDA SANKSİYALAR İŞƏ DÜŞƏCƏK"

Ərəstun Oruclu münasibətlərin kəskinləşməsi fonunda sanksiyaların reallaşacağını düşünür:

“Sanksiyalar işə düşəcək, zamana bağlı məsələdir. Bir müddət sonra böyük ehtimalla Rusiya-Azərbaycan hərbi əməkdaşlığı üzə çıxacaq və bu zaman da sanksiyalar işə düşəcək”.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə siyasi məhbusların azadlığa buraxılması tələb olunur, siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağası və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəliyə gətirilir.

XS
SM
MD
LG