Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:37

Britannica Ensiklopediyasında Azərbaycandan nə var?


- Ümumi biliklər haqda dünyanın ən nüfuzlu ingilisdilli ensiklopediyası olan Britannica ensiklopediyası bir neçə illik fasilələrlə, hər dəfə genişlənmiş şəkildə çap olunur.

Əgər bu ensiklopediyanın 18-ci əsrdə Edinburqda çıxan ilk nəşri 3 cild idisə, sonra bir neçə illik fasilələrlə daha on beş dəfə nəşr olundu, tədricən cildlərin sayı artdı, nəhayət, 2010-cu ildə çıxmış nəşri 32 cild oldu.

Üç il bundan əvvəlsə həmin 2010-cu il nəşrinin kağızda çıxmış son nəşr olduğu haqda rəsmi qərar elan edildi. Yəni bundan sonra o, yalnız elektron formada, İnternet səhifəsində genişlənəcək.

Bu ensiklopediyanın 4 min yazarı (onlar arasında üç ABŞ prezidenti, çoxlu Nobel mükafatı laureatları, tanınmış yazıçılar) olub.

Belə bir nüfuzlu və ardıcıl çap olunan ensiklopediyada Azərbaycan haqqında nə var?

Son kağız versiyası Ensiklopediyanın İnternet səhifəsində də yerləşdirilib. Burada Azərbaycan haqda bir çox məlumatlar var.

Ölkə haqda coğrafi, etnik, tarixi biliklərdən tutmuş Hacı Məmmədovun cinayət işinə qədər məlumatlar.

Əbülfəz Elçibəy, Heydər Əliyev, Qarabağ xalçaları, Quba, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Naxçıvan kimi əyalət şəhərlərinin tarixi haqda onlarca kiçik məqalə.

Heydər Əliyev haqda məqalə bu cümləylə bitir:

"Dağlıq Qarabağın statusu haqda Ermənistanla slüh danışıqları aparıb, Azərbaycan neft sənayesini xarici sərmayələrə açıb, amma ölkə iqtisadi cəhətdən yoxsun olaraq qalıb."

Bu ensiklopediyada vacibliyin iki dərəcəsi var: Birinci dərəcə - məqalədir (kiçik və böyük məqalə). Azərbaycanın dünya miqyasında vacib hesab olunan faktlarına ayrıca məqalə həsr olunub.

Vacibliyinə görə ikinci dərəcəli olan bilgilər isə "Azərbaycan" kimi ümumi məqalələrin içində bir və ya bir neçə cümləylə çatdırılıb.

Bu təqdimat Azərbaycana aid bir sıra məsələlərə dünyəvi ölçülər hissiyyatıyla kənardan baxmaq imkanı yaradır.

Məsələn, Azərbaycan ədəbiyyatı adlı məqalə bu ensiklopediyada heç yoxdur. Müqayisə üçün, qırğız ədəbiyyatı, qazax ədəbiyyatı, özbək ədəbiyyatı adlı ayrıca məqalələr var.

Türk ədəbiyyatı bölməsində Türkiyə ədəbiyyatının tarixi və bugünü əks olunur. Fars ədəbiyyatı bölməsində İran ədəbiyyatının tarixi və bugünü əks olunur. Bu ümumi məqalələrlə yanaşı, sözügedən xalqların bir neçə tanınmış yazıçısına da ayrıca məqalələr (Ziya Gökalp, Əhməd Yəsəvi, Rəcaizadə Mahmud Əkrəm, Namiq Kamal, Halidə Edib Adıvar, Çingiz Aytmatov, Orxan Pamuk və s.) həsr olunub.

Azərbaycan adlı məqalənin içində Mədəni həyat adlı bölmə var. Bu bölmədə filosof Bəhmənyar, şair Əbülhəsən Şirvani, A.Bakıxanov, dramaturq M.F.Axundovun adları çəkilir.

Məqalədə iki bəstəkar haqda bir neçə cümləylə məlumat verilir: Ü.Hacıbəyov və Qara Qarayev.

Azərbaycan alimi Kərim Kərimov ayrıca məqaləylə təqdim olunur. "Adı ictimaiyyətdən gizli saxlansa da, bu raket alimi Sovet fəza proramının mərkəzi fiquru olub."

Ensiklopediyanın yeni, 2010-cu il nəşrinə əlavələr edilmiş elektron versiyasında isə artıq dünyanın yeni siyasi mənzərəsinə aid fotolar, insan haqlarına aid məsələlər və s. də yer alır.

XS
SM
MD
LG