Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Azərbaycanı İŞİD-lə müharibəyə çəkirlər


Su-25
Su-25

-

«Yeni Müsavat» qəzeti yazır ki, Rusiyanın Suriya əməliyyatlarına cəlb olunması fərqli prizmalardan izah olunur. Qəzet Rusiya Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi Yury Baluevsky-nin dediklərinə diqqət çəkir.

Sabiq rəis hesab edir ki, MDB məkanının bəzi dövlətləri Rusiya tərəfindən İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı başladılacaq əməliyyatlara qoşula bilərlər. Çünki onlar da rəsmi Moskva kimi terrorçulara qarşı mübarizə aparmaqda maraqlıdırlar.

«Niyə bu ölkələr İŞİD-ə qarşı başladılan əməliyyatlardan kənar qalmalıdırlar? Onlar da İŞİD-in məhv edilməsində maraqlıdırlar. Çünki bu təşkilat da onlar üçün təhlükə yaradır», - deyə Yury Baluevsky bildirib. Onun fikrincə, belə əməliyyatların potensial iştirakçısı kimi Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan ola bilər.

Qəzet yazır ki, ərazisinin böyük hissəsi işğalda olan bir ölkənin hərbi əməliyyatlara cəlb edilməsi olduqca təhlükəli sayılır.

Bu arada Rusiya təyyarələrinin Azərbaycanın hava məkanından keçməklə Suriyaya getməsi ətrafında müzakirələr gedir. Hələ ki məsələyə rəsmi reaksiya verilməyib. Ancaq bu istiqamətdə bir-birinə zidd xəbərlər yayılır. İddialara görə, Rusiya Azərbaycandan izn almadan hava məkanımızdan istifadə edib. Digər məlumat bundan ibarətdir ki, Xəzərin statusu ilə bağlı 5 dənizkənarı dövlət arasında razılaşma olmadığından Rusiya təyyarələri Xəzər üzərindən İran, daha sonra İraq və Suriya səmasına daxil olub.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiyanın Suriyada hərbi münaqişələrə qoşulması Azərbaycan üçün də təsirsiz ötüşməyəcək:

«Rusiyanın xarici siyasəti aqressivləşəcək. Rusiya bəzi dövlətlərdə mövqeyini möhkəmləndirmək üçün təzyiqləri gücləndirəcək. Rusiya Yaxın Şərq prosesində konkret Suriyada böyük münaqişəyə cəlb olunur. Rusiya çalışacaq ki, ətrafdakı ölkələrdən, xüsusilə də keçmiş Sovetölkələrindən istifadə etsin. Təbii ki, bu da həmin ölkələr üçün, o cümlədən Azərbaycan üçün hərbi təzyiqlər yaradacaq».

Foto illüstrasiya
Foto illüstrasiya

HÖKUMƏT BÜDCƏYƏ PUL TOPLAYA BİLMƏYƏCƏK

«Neftin qiymətinin düşməsi ölkədə həyatı dayandırıb» – «Azadlıq» qəzeti belə yazır.

Qəzet yazır ki, ölkədəki iqtisadi durum hər ötən ay daha pisləşir.

«Ağır vergi siyasəti sahibkarların müflis olması, iri ticarət obyektlərinin bağlanması ilə nəticələnir. Milli valyutanın saxlanması üçün xərclənən dövlət resursları Mərkəzi Bankın rezervlərinin əriməsinə səbəb olur. Əslində hər ay ixracın səviyyəsi ilə bağlı elan olunan statistika bir daha hökumətin iqtisadi siyasətinin yalana əsaslandığını göstərir. İxracyönümlü iqtisadiyyatın yaradılacağı ilə bağlı verilən vəd də puç oldu».

Müəllif yazır ki, büdcə gəlirlərinin proqnozlaşdırılmasında iqtisadiyyatın ciddi geriləməsi nəzərə alınmayıb. Büdcə gəlirləri demək olar ki, 2015-ci ilin büdcəsi ilə eyni tutulub. Bu isə gələn ilin büdcəsində ciddi problemlər yarada bilər.

Gələn il Neft Fondundan büdcəyə transfertin 6 milyard nəzərdə tutulduğunu deyən iqtisadçı Samir Əliyev bildirib ki, istənilən halda Neft Fondundan transfertlər büdcənin əsasını təşkil edib. Nəticədə büdcə hər il şişirdilmiş formada olub: «Proseslər onu göstərir ki, Neft Fondu 2015-ci ildə büdcə qarşısında öhdəliyini yerinə yetirə bilməyəcək. Ona görə 2016-cı il büdcəsində Neft Fondundan transfert dörd milyarddan çox azaldılıb».

Ölkənin ixracının azalmasının neftin qiymətinin düşməsiylə bağlı olduğunu deyən S.Əliyev vurğulayıb ki, Azərbaycanın ixracının 93 faizini neft və neft məhsulları təşkil edir. Bu düşmə neftin qiyməti bahalaşmayana qədər davam edəcək. İqtisadçı hesab edir ki, bu boşluğu yalnız qeyri-neft sektoru kompensasiya edə bilər. Qeyri-neft sektorunda isə hər hansı irəliləyiş yoxdur.

Bina
Bina

200 MANAT MAAŞLA İPOTEKA?

«Bizim yol» qəzeti yazır ki, Milli Məclisin iclasında deputatlar Musa Quliyevlə Qənirə Paşayeva müəllimlərin və həkimlərin ipoteka probleminə toxunub. Onların hazırkı maaşla ipotekadan yararlana bilmədiklərini qeyd ediblər.

Qənirə Paşayeva deyib ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əməkhaqqı sosial ipotekadan yararlanmağa imkan vermədiyindən onlar üçün ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşmaya ehtiyac var.

«Bizim yol» parlamentdə səsləndirdiyi təkliflə bağlı həkim və müəllimlərin münasibətini öyrənib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu təklifin reallaşıb-reallaşmaması dövlətin vətəndaşa münasibətinin ifadəsi olacaq:

«Dəfələrlə bu təklif edilib, amma reallaşmayıb. Müəllim və həkimin statusu dəyişməlidir. Bu da dövlətin onlara münasibətinin ifadəsindən, yəni maaşdan keçir».

Təhsil eksperti Nadir İsrafilov da deyib ki, işlək mexanizmin olmaması səbəbindən bu günə qədər müəllimlərlə bağlı səslənən təkliflər təklif olaraq qalıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, parlamentdə səslənən təklif qulağa və könülə xoş gələn təklifdir: «Açığı, bu təklifin reallaşması üçün bir zəmin yoxdur. Ona görə də belə təkliflərin parlament seçkisindən öncə səsləndirilməsi seçicidən xal qazanmağa hesablanıb. Belə dəyərləndirməsək, o zaman bu təklifi səsləndirən şəxslər müəllimlərin və həkimlərin maaşının az olmasına da diqqəti çəkməliydilər».

Hadi Rəcəbli
Hadi Rəcəbli

AHILLAR DİQQƏT MƏRKƏZİNDƏDİR…

«Azərbaycanda əhalinin sosial müdafiəsi daim diqqət mərkəzindədir». Bu fikri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı insanlara hər zaman qayğı ilə yanaşır, onların problemlərini diqqət mərkəzində saxlayır.

«Azərbaycanda davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir». - deyə, komitə sədri vurğulayıb.

XS
SM
MD
LG