Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:02

Qəmbər Səfərov Obamaya şikayət edəcək...


İllüstrasiya
İllüstrasiya

►Sahibkar Dövlət Dəniz Administrasiyasını oğurluqda ittiham edir

“12 ildir ki, öz malıma sahiblənə bilmirəm” – bunu deyən Bakı sakini Qəmbər Səfərovdur.

O, AzadlıqRadiosuna müsahibəsində iddia edir ki, Dövlət Dəniz Administrasiyası onun gəmisini oğurlayıb və məhkəmənin qərarına da məhəl qoymur.

Söhbət Qəmbər Səfərovun 2003-cü il fevralın 20-də Rusiyanın Həştərxan şəhərində alğı-satqı müqaviləsi əsasında aldığı "Yunıy maryak” adlı yük gəmisindən gedir.

Qəmbər Səfərov gəmini elə həmin ilin iyulunda Bakıya gətirdiyini və qeydiyyatdan keçirmək üçün Dövlət Dəniz Administrasiyasına müraciət etdiyini deyir. Dediyinə görə, elə hər şey də bu müraciətdən sonra başlayır.

Gözlə

No media source currently available

0:00 0:06:03 0:00
Direct-ə keçid

Administrasiyadan ona bildirilir ki, bu gəminin inhisarçısı “Mərdəkan Broyler” ASC-nin rəhbəri Aydın Əhmədovdur. Yəni Aydın Əhmədov bu gəmini Qəmbər Səfərovdan alıb, Dövlət Dəniz Administrasiyasında öz adına qeydiyyatdan keçirib və hətta gəmiyə "Ramin” adı qoymağa da fürsət tapıb. Ona təqdim olunan alqı-satqı sənədinin saxta olduğunu görən Qəmbər Səfərov məhkəməyə müraciət edib.

Buna da bax: Rusiya raketləri «İslam Dövlətini Xəzərdən vurub»

“24 METRLİK GƏMİ MƏHKƏMƏ EKSPERT RƏYİNDƏ 30 METR GÖSTƏRİLİR”

İşə Səbayel Rayon Məhkəməsi baxıb və sözügedən sənədin saxta olduğunu öz qərarında bildirib. Bununla həm də o təsdiqlənib ki, Dövlət Dəniz Administrasiyası saxta sənəd əsasında gəmiyə şəhadətnamə verib.

Məhkəmə bu şəhadətnaməni də ləğv edib və gəminin əsl sahibinə qaytarılması və ona bu gəmi üzərində mülkiyyətini təsdiq edən şəhadətnamə verilməsi barədə qətnamə çıxarıb. Bundan sonra da Qəmbər Səfərov mülkünü geri ala bilməyib.

Qarşı tərəf 6 aydan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Halbuki qanunvericiliyə görə apellyasiya şikayəti birinci instansiyanın qərarından sonra maksimum 1 ay müddətində verilə bilər.

Bakı Apellyasiya Məhkəməsində qarşı tərəf yeni bir iddia atıb ortalığa, deyib ki, gəmini qaytarıram, amma ona çəkilən 400 min manatlıq təmir xərclərinin geri qaytarılması şərti ilə:

“Məhkəmə belə bir təmir işlərinin olub-olmamasını araşdırmaq üçün ekspertiza keçirilməsi barədə qərar verdi. Nəticədə məhkəməyə saxta ekspert rəyi verildi. Həmin sənədin saxtalığını açıq-aşkar göstərən bir neçə fakt var. Məsələn, gəminin sənədində onun uzunluğu 24, 25 metr, eni 5, 28 metr göstərildiyi halda ekspert rəyində uzunluq 30 metr, eni 6 metr qeyd olunub. Birdən-birə gəmi 5,75 metr necə uzadıla bilərdi, bu, absurddur. Və ya gəmidə 7 qapı ola-ola rəydə 24 qapı göstərilir, 24 metrlik gəmidə 24 qapı necə ola bilər?! Gəmi 2 mərtəbəlidir, rəydə yazılıb 3 mərtəbəli. Mən də deyirəm ki, həmin pulu ödəməyə hazıram, amma burda yazılanları gəmidə mənə bir-bir göstərin”.

Buna da bax: Avropa Şurası birgə işçi qrupdan çıxır

MƏHKƏMƏNİN QƏRARI İCRA OLUNMUR

Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb ki, gəminin üzərinə çəkilən 344 min manat təmir işləri “Mərdəkan Broyler” ASC-nin rəhbəri Aydın Əhmədova ödənildikdən sonra gəmi sahibinə - Qəmbər Səfərova qaytarılsın. Halbuki məhkəmənin bu qərarından da bir sual ortaya çıxır.

Əgər əvvəlki instansiya məhkəməsi gəminin sahibinin Aydın Əhmədov olmadığını və ondakı alqı-satqı sənədinin saxta olduğunu üzə çıxarıbsa, bu vəsait niyə Aydın Əhmədova ödənməlidir.

Qəmbər Səfərov deyir ki, ötən illər ərzində “Mərdəkan Broyler” ASC fəaliyyətini dayandırıb, heç adı çəkilən Aydın Əhmədov da məhkəmələrə qatılmır, heç bir iddia irəli sürmür. Məhkəmədə qarşı tərəf kimi Dövlət Dəniz Administrasiyasının hüquqşünası çıxış edir. Və yenə də məhkəmənin qərarı ilə bu qurum Qəmbər Səfərova verməli olduğu gəminin şəhadətnaməsini də verməkdən imtina edir:

“Məhkəmənin qərarında var ki, Qəmbər Səfərova mülkiyyətin şəhadətnaməsinin verilməsi və Azərbaycan Respublikasının bayrağının qaldırılması ilə bağlı şəhadətnamənin verilməsi təmin olunsun. Əgər Qüdrət Qurbanovun bu işdə maddi marağı yoxdursa, niyə şəhadətnaməni vermir? Mənim gəmim onda deyilsə, sənədimi versin də. Heç olmasa, sənədlə bilim ki, mülkiyyətçi mənəm. Şəhadətnamənin verilməsi ilə bağlı mənə rüsum da ödətdiriblər, amma sənədi vermirlər”.

“ADSIZ GƏMİ XƏZƏRDƏ ÜZÜR”

Qəmbər Səfərov iddia edir ki, sözügedən gəmini Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov ələ keçirib və hazırda ayı 35 min manata kirayə verir. Yəni “Yuniy moryak” adı ilə ölkəyə gətirilən gəmi hazırda Xəzər sularında üzür. Həm də heç bir sənədi, şəhadətnaməsi, hətta adı və port nömrəsi olmadan.

Bu iddialara Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin münasibətini öyrənməyə çalışdıq. Qüdrət Qurbanovla danışmaq cəhdimiz baş tutmasa da, suallarımızı onun müavini Şahlar Məmmədov cavabladı. Gəmini Qüdrət Qurbanovun ələ keçirməsi və hazırda onun Xəzərdə üzməsi ilə bağlı deyilənləri təkzib etdi. O ki qaldı gəminin sahibinə qaytarılmasına:

“Məhkəmənin qərarı var ki, təmir pulu ödənilsin və gəmi verilsin Qəmbər Səfərova. Yəni ikisi bir vaxtda icra olunmalıdır. Yəni bizlik orada bir problem yoxdur. Bunu məhkəmə icraçısı həll etməlidir”.

İLHAM ƏLİYEVƏ DEYİN Kİ....

Şahlar Məmmədov gəminin sənədlərinin də Qəmbər Səfərova təmir pulu ödənildikdən sonra veriləcəyini deyir. “Gəmi hazırda haradadır?” sualına isə qurum rəsmisi “biz bilmirik” deyə cavab verdi. Hadisədə adı hallanan Aydın Əhmədovla da əlaqə yaratmağımız mümkün olmadı.

Artıq nə məhkəməyə, nə də məmurlara inamı qalan Qəmbər Səfərov səsinin ölkə başçısına çatmasını istəyir. Düşünür ki, 12 il ərzində prezident administrasiyasına yazdığı saysız-hesabsız məktubların heç biri əsl ünvanına çatmayıb. Ona görə də fərqli bir yol tutmaq qərarına gəlib. Şikayətini ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin də olmaqla bir neçə ölkə başçısına ünvanlamağı düşünür. Onlardan yazıb xahiş etmək istəyir ki, İlham Əliyevlə görüşəndə ona həm də ölkəsinin bir vətəndaşının da sözünü çatdırsınlar.

XS
SM
MD
LG