Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:20

«Bakının yollarını bağlayıblar. Nə edək?»


Natiq Əbilov
Natiq Əbilov

►Rayon maşınlarının Bakıya girişinə yasaq qoyulması bəzi fermerlərin əlini torpaqdan soyudub.

Astara rayon sakini Natiq Əbilov deyir ki, ailənin əsas qazancı Bakıdan gəlir. Oğlu vaxtaşırı Bakıya gedir, orda iş axtarır. Bəxti gətirəndə yaxşı iş tapır. İş bir neçə gün və bir neçə ay çəkir.

Qazancın yarısı Bakıda qalmaya xərclənir. Az bir hissəsi ailənin daxili tələbatına sərf olunur.

Natiq Əbilovun sözlərincə, bu ərazidə yaşayan və tanıdığı ailələrin çoxu bu yolla dolanırlar .Onun həyətyanı və payıbəlli torpaqları da var. Lakin torpaqlar artıq əkilmir:

«50 sota yaxın payıbəlli torpağım var. Həyətyanı sahə də az deyil. Əslində baxsan, şəhərə işləməyə getmədən də bu torpaqla dolanmaq olar. Sovetlərin dövründə bura Giləkəran kəndi olub. İndi Astara şəhərinə birləşdirilib. O vaxtları həyətyanı sahə əkilərdi və ailənin tələbatı ödənilərdi.

Daha çox məhsul olanda, ölkə bazarlarında satardıq. Sovxozdan əməkhaqqı alardıq.

Çörək problemi yox idi. Məqsədim o dövrü tərifləmək deyil. O vaxtları da başımıza it oyunu gətirərdilər. Ancaq bunlar var idi. Tomat sexləri, tədarük məntəqələri fəaliyyət göstərirdi. Olan-qalan məhsulu gedib həmin yerlərə verərdik. Düzdür, qəpik-quruşa verərdik. İndi bunların heç birisi yoxdur. Ziyana düşüb məhsul əkirsən, satmağa isə yer tapmırsan. İndi də Bakının yollarını bağlayıblar. Nə edək?».

«PAYIBƏLLİ TORPAQLARIMIZ ƏKİLMƏMİŞ QALIR»

Natiq Əbilov deyir ki, ailənin 6 nəfər üzvü var. Ailəni dolandırmaq üçün ən azı 400-500 manat olmalıdır. Ailədə isə işləyən yoxdur. Ailənin tələbatını ödəmək üçün kənd təsərrüfatı məsullarını həyətyanı sahədə yetişdirirlər. Bazardan heç nə almırlar. İşıq və qaz pulunu həmişə ödəyə bilmirlər:

«Bakıya getmədən də pulu torpaqdan çıxarda bilərəm. Məhsulu satmağa yer yoxdur. Kartofun toxumluğunun bir kiloqramına 70-80 qəpik veririk. Heç olmasa, yetişdirilən kartofun bir kiloqramı o qiymətə getməlidir ki, bir şey qazanasan. Ancaq mövsüm vaxtı məhsulların qiyməti yerli bazarlarda su qiymətinə olur. Badımcanın 3-4 kilosu 1 manata, xiyar, pomidor da həmçinin o vəziyyətdə. Bundan sonra bu məhsulların qiyməti bahalaşacaq, çünki biz payızda və qışda kənd təsərrüfatı məhsulu yetişdirə bilmirik. Əvvəla pul yoxdur. Digər tərəfdən, yetişdirilən məhsul baha başa gəlir. Biz həyətyanı sahədə ancaq mövsüm vaxtı kənd təsərrüfatı məhsulu yetişdirə bilirik. O vaxtı da bu məhsullar qiymətdən düşür. Biz ziyana gedirik. Ona görə də payıbəlli torpaqlarımız əkilməmiş qalır».

Natiq Əbilov bizi payıbəlli torpaq sahəsinə baxmağa dəvət edir. Göz işlədikcə əkilməmiş sahələr uzanır. His olunur ki, bir vaxtlar buralarda əkin olub. Sonradan boşuna buraxılıb. Natiq Əbilovun dediyinə görə, min hektardan yuxarı torpaq əkilməmiş qalıb.

Ramiz Ramazanov
Ramiz Ramazanov

«VƏTƏNDAŞ ÖLKƏNİN PAYTAXTINA GİRMƏK ÜÇÜN PUL VERMƏLİ OLUR»

Vaxtilə ailəsini əkin-biçimlə saxlayan, ixtisasca aqronom olan Ramiz Ramazanov da həyətyanı sahədə bəslədiyi feyxoa və kivi ağaclarını göstərir. Ramiz Ramazanov deyir ki, bu qədər məhsul olsa da, yenə pensiyanın ümidinə qalıb:

«Məhsul var, sata bilmirəm. Sovet dövründə ən böyük bazarımız Rusiya idi. İndi o da daşa dəyib. Rusiya bazarı da ölüb. Məhsul tədarük edib Bakı bazarına aparırdılar. Tədarükçülər deyir ki, şəhərə girmək onlara baha başa gəlir. Gülməlidir ki, Azərbaycan vətəndaşı ölkənin paytaxtına girmək üçün pul verməli olur. Maraq azalıb. 60 sot payıbəlli torpağım başlı-başına qalıb. Torpaq əkilməmiş qalanda ürəyim ağrıyır. Kəndlinin torpaqdan başqa nəyi var? Pulu yox, dayısı yox, məsulunu alan yox. Tutaq ki, mən qızıl, zinət əşyalarımı satıb torpaq əkdim, məhsul yetişdirdim, bəs sonra? Kəndlinin işi məhsul satmaq deyil, bazar axtarmaq deyil. Bunu Kənd Təsərrüfatı Nazirliyi etməlidir. Sovet dövründə kənd təsərrüfatı nazirini hər il sahələrdə görərdik. Artıq 30 ilə yaxındır ki, belə şey görmürəm. Bu nazir əkin sahəsini görmürsə, dərdimizi haradan bilər? Bir o qalır Bakıya gedib işləmək və çörəkpulu qazanmaq. Ona görə də torpaqla işləyənlər Bakıya axışır».

«GUYA GÜZƏŞTLİ GÜBRƏ VƏ YANACAQ VERİRLƏR»

Aqronom İsi Əliyev kənd təsərrüfatında kifayət qədər problemlərin olduğunu deyir. Onun fikrincə, iclaslar, müşavirlər çağırmaqla, qanunlar qəbul etməklə bu problemləri həll etmək mümkün deyil. Vəsait və elmi yanaşma lazımdır.

«Yetişdirilən məhsul keyfiyyətli olmalıdır. Zirə pomidoru 1 manat 50 qəpiyədir, açıq sahədə əkilən pomidorları dünənə kimi 3 kilosunu 1 manata satırdılar. Çünki keyfiyyəti yoxdur. O da tükənir. Digər kənd təsərrüfatı məhsulları da elə. Kənd təsərrüfatına kreditlər verirlər, amma kəndli bu kreditdən xeyir görmür. Sovet hakimiyyəti dağılandan sonra çəltikçilik meydana gəldi. İlk illərdə əkdilər, sonra bu sahədən də imtina etdilər. Söz yox ki, indi də əkirlər, lakin az, çünki bu sahənin texnikası yoxdur. Hamısı əl ilə görülür. Taxıl yığan kombaynın bir ədədini 18 min dollara alırlar, fermerə 35 min dollara satırlar. Guya əkinçiyə güzəştli gübrə və yanacaq verirlər. Soruşun, hansı adam bundan bəhrələnib. İndi inkişaf etmiş dünyada yaşayırıq. Əkinçilik mədəniyyəti olmalıdır. Hanı? Yüzlərlə səbəb göstərə bilərəm. Haçan bunlar həllini tapsalar, kəndən şəhərə axın dayanar. Rayonlarda iş problemi həll olunar. Ailə büdcəsi artar. Hələ ki, bunlar yoxdur. Hansı nöqtədə qalmışıqsa elə ordayıq».

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

«RUSİYA BAZARI UZAQDIR»

İqtisadçı Vidadi Mirzəyev də kənd təsərrüfatı məhsulların satışı üçün bazarın olmasını vacib sayır:

«Bizdə enerjidaşıyıcılar bahadır. Buna görə də bazar yaxın yerdə olmalıdır. Rusiya bazarı uzaqdır. Ora məhsul aparmaq üçün böyük xərc tələb olunur. Rusiya vətəndaşlarının da alıcılıq qabiliyyəti aşağı düşüb. Maneələr çoxdur. İqtisadi böhran də var. Bu da kənd təsərrüfatından yan keçmir. İndiki vəziyyətdə kənd sakinlərinin Bakıya axışması, torpaqların əkilməməsi təbii haldır. Tutaq ki, sovet dövründə olduğu kimi Astarada ildə 60-70 ton tərəvəz istehsal olundu. Bu qədər məhsulu daşımaq üçün yüzlərlə yük maşını lazım gələcək. Bu işləri görmək üçün rayonda 20-yə yaxın sovxoz olub. Hər sovxozda 200-ə qədər kənd təsərrüfatı texnikası var idi. İndi bir sovxozun kənd təsərrüfatı texnikası heç bir rayonda yoxdur».

«ASTARADA TOMAT ZAVODU TİKDİLƏR, BİR İL İŞLƏDİ»

İqtisadçının fikrincə, kənd təsərrüfatında işləri sıfırdan başlamaq lazımdır.

«Kənd təsərrüfatı indi yeni yanaşma istəyir. Məhsuldarlıq məsələsi var, qablaşdırma işi var, yeni toxumların gətirilməsi problemi var. Təkcə Lənkəran rayonunda 20-yə qədər kənd təsərrüfatı məhsulu emal edən müəssisə olub. Bunlar hamısı dağılıb. Astarada yeni tomat zavodu tikdilər, bir il işlədi. Məhsulu sata bilmədilər, zavodlar dayandı. Başları neftə qarışıb, kənd təsərrüfatını unudublar».

Astara rayon İcra Hakimiyyətinin saytında isə iqtisadi inkişafdan bəhs edilir. Orada qeyd edilir ki, Şüvi kəndinin ərazisində 200 hektar yeni çay plantasiyası salınıb. 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatda isə 2 min 339 hektarda yaz əkininin keçirildiyi qeyd olunur.
Üstəlik, «Aqrolizinq» rayon şöbəsi iki kənddə gübrə anbarı yaradıb. Rayonda hər il 7 min hektarda əkin keçirildiyi bildirilir.

XS
SM
MD
LG