Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:52

Cəmil Həsənlinin siyahısındakılar danışdı


Cəmil Həsənli.
Cəmil Həsənli.

-

Milli Şuranın sədri Cəmil Həsənli öz «Facebook» səhifəsində Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı bir siyahı təqdim edib. Siyahıda noyabrın 1-də keçiriləcək seçkilərdə kimlərin deputat seçiləcəkləri göstərilir. Orada adı gedən şəxslərin əksəriyyəti elə indi parlamentdə təmsil olunan deputatlardır. Siyahıda bununla belə bir neçə yeni simaya və müxalifət adından son dönəmlər parlamentə buraxılan bəzi şəxslərin adlarına da rast gəlmək olur. Cəmil Həsənli yazır:

«HAKİMİYYƏT DƏYİŞİKLİYƏ, AZAD SEÇKİ KEÇİRMƏYƏ QƏRARLI DEYİL»

«Dostlar! Milli Məclisin növbəti tərkibinin kimlərdən ibarət olacağını bilmək üçün intizarla noyabrın 1-ni gözləməyə ehtiyac yoxdur. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra biz namizədlərin tərkibini təhlil edərək növbəti Milli Məclisdə təmsil olacaq deputatların siyahısını Sizə təqdim edirik. Hakimiyyət deputat korpusu ilə bağlı ciddi dəyişikliyə, azad, ədalətli, demokratik seçki keçirməyə qərarlı deyil. Seçki komissiyalarında hər hansı dəyişikliklərin edilməməsi, siyasi məhbusların buraxılmaması, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidəsinə məhdudiyyətlərin qoyulması da məhz bununla bağlıdır». (Siyahı ilə Cəmil Həsənlinin statusunda tanış ola bilərsiniz)

«HƏR ŞEY SEÇKİ İMİTASİYASINA HESABLANIB»

Bununla belə Cəmil Həsənli qeyd edir ki, təqdim edilən bu tərkibdə 5 faiz həddində müəyyən dəyişikliklərin ola biləcəyi istisna deyil:

«Heç Avropa Şurası Parlament Assambleyasının zəhmət çəkib Strasburqdan müşahidə heyəti göndərməsinə də zərurət yoxdur. Noyabrın 1-də seçiləcək bu tərkib haqqında onlar öz hesabatlarını elə indidən hazırlaya bilərlər. Seçkidə iştirak edən bəzi şəxslər namizəd kimi qeydiyyata alınmalarını sevincək olaraq sosial şəbəkələrdə yayırlar. Əminliklə deyə bilərik ki, onların seçki optimizmi bununla da başa çatır. Hər şey seçki imitasiyasına, bəzi «müxalif»lərə yer verilməsi legitimlik görüntüsü yaratmağa hesablanıb».

Pənah Hüseyn.
Pənah Hüseyn.

«MƏNİM DEPUTAT TƏYİN OLUNMAĞIM BARƏDƏ...»

Siyahıda deputat seçiləcəyi qeyd edilənlərdən biri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn «Yeni Müsavat» qəzetinə deyib ki, yəqin Cəmil Həsənlinin bir bildiyi var:

«Lakin seçkilərlə bağlı ən azı bu günə olan vəziyyət elədir ki, həqiqətə yaxın mənzərəni cızmaq üçün elə ciddi analitik düşüncəyə ehtiyac yoxdur. Xüsusən 5 faizlik dəyişmə intervalı qoymaqla (bu, 6-7 deputat mandatı deməkdir və əhəmiyyətli bir rəqəmdir) bu cür proqnozu vermək çətin deyil. Bunun üçün Cəmil Həsənli çapında alim və siyasətçi olmaq da tələb olunmur».

Pənah Hüseyn özünün deputat seçiləcəyi ilə bağlı isə bunları bildirib:
«Cəmil müəllimə tam səmimi deyirəm ki, mənim «deputat təyin olunmağım» barədə ondan fərqli olaraq nə informasiyam, nə ehtimalım var».

İqbal Ağazadə.
İqbal Ağazadə.

«BU MƏNİM SEÇİCİLƏRLƏ İŞİMƏ TƏSİR EDƏ BİLMƏZ»

Bu siyahıya görə. son bir neçə seçkidə parlamentə düşən Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu dəfə deputat seçilə bilməyəcək. Onun seçkilərə qatıldığı dairədən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin deputat seçiləcəyi bildirilir.

İqbal Ağazadə Azadlıq Radiosuna deyib ki, hər bir siyahıya hörmətlə yanaşır. Onun fikrincə aşağı-yuxarı kimlərin deputat seçiləcəyini təxmin etmək mümkündür: «Lakin bu mənim seçicilərlə işimə, onlara güvənimə təsir edə bilməz».

Hələ 1995-ci il parlament seçkiləri ərəfəsində o vaxtlar prezident aparatında çalışan, hazırda həbsdə olan Nemət Pənahlı da deputat seçiləcək insanların siyahısını yaymışdı. Onda Nemət Pənahlı iddia edirdi ki, bu siyahı Prezident Aparatında tərtib edilib. Sonradan elə həmin siyahıda adları gedən şəxslər də deputat seçilmişdilər. Sadəcə, Nemət Pənahlı onda siyahıda bəzi dairələrlə bağlı bir yox, iki namizədin üzərində dayanırdı. Nemət Pənahlı deyirdi ki, həmin dairələrlə bağlı Prezident Aparatında yekun qərar verilməyib.

XS
SM
MD
LG