Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:59

Deputat Çingiz Əsədullayev mandatının alınmasından danışdı


Çingiz Əsədullayev
Çingiz Əsədullayev

-

virtualaz.org qalib olduğu dairədə səsvermənin nəticələri ləğv edilmiş Çingiz Əsədullayevdən müsahibə alıb.

Ç.Əsədullayev sayta deyib ki, deputat olsa da, olmasa da indiki hakimiyyətin və İlham Əliyevin tərəfdarı olacaq: «Gözümüz önündə o qədər siyasi hadisələr olub ki... Ona görə də belə sual yarana bilər: Çingiz Əsədullayev özünü necə aparacaq? Mən hökumətin və prezidentin istənilən qərarını dəstəkləyirəm. Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram».

Saytın «Bəziləri MSK-nın bu qərarını Eldar Mahmudov qruplaşmasının ifşa olunması ilə əlaqələndirməyə çalışdı və sizi də bu qrupun tərkibinə daxil etdi. Bu iddia həqiqətə nə dərəcədə uyğundur? Siz sabiq nazirlə nə dərəcədə yaxınsınız» sualına isə belə cavab verib: «Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.

Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.

MTN
MTN

Milli təhlükəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünsiyyətimiz olubsa da, bu, hər hansı təxribatçı və ya casusla yox, İlham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?».

HƏBS OLUNAN MTN ZABİTLƏRİ ÜÇÜN AYRICA KORPUS AYRILIB

«Azadlıq» qəzeti yazır ki, həbs edilən vəzifəli şəxslər Bakı İstintaq Təcridxanasının birinci mərtəbəsində saxlanılır.

Həbs olunanlar indiyədək ayrı-ayrı kameralarda saxlanılır. Bunun səbəbini söyləyən hüquqşünas Müzəffər Baxışov deyir ki, onlar bir kamerada saxlansalar, bir-biriylə məsləhətləşər və istintaqın gedişinə mane olan, həqiqətə uyğun olmayan ifadələr verə bilərlər: «Onları ayrı saxlamaq daha məqsədəuyğundur. Bir kamerada saxlansalar, onlar istintaqa qarşı birləşə bilərlər. Bu şəxslər cinayətkar bir dəstənin üzvləri olaraq cinayətləri birlikdə törədiblər. Onların bir yerdə qalması istintaqı çaşdırmaq və digər mənbələrə yönəltmək üçün yalan ifadələr verilməsiylə nəticələnə bilər. Bu şəxsləri ayrı-ayrı saxlamaq və həqiqətə uyğun ifadələr verməyə inandırmaq lazımdır».

Yo polisi
Yo polisi

YOL POLİSİ SÜRÜCÜYƏ: «DEYƏSƏN, QAŞINIRSAN A»

avtosfer.az saytı yazır ki, Bakıda sürücü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairədə hərəkətdə olarkən dairəyə daxil olan 99-YP-436 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü ona yol verməyib. Sürücü qəzanın qarşısını almaq üçün səs siqnalı verib: «Lakin bu siqnaldan xoşu gəlməyən inspektor avtomobilini qarşıda saxladı və mənim gəlməyimi gözlədi. Mən avtomobilimi saxlayaraq inspektora dedim ki, dairədə mənə niyə yol vermirsiniz?O isə mənə cavab verdi ki, niyə yol verməliyəm? Mən onun yolunda 4.3 nişanı olduğunu və pozduğu qaydanın maddəsini, yəni «Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin 15-ci hissəsinin tələbini pozduğunu bildirdikdə isə, mənə xoşagəlməz sözlər işlətdi və tərbiyəsiz olduğumu bildirdi.

Yol polisi əməkdaşının vətəndaşa kobud cavab verərək «deyəsən qaşınırsan» deməsindən sonra həmin sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə şikayət edib. Şikayətə baxılıb. YPX əməkdaşının dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozması təsdiqini tapıb. Həmin polis haqqında intizam tədbiri görülüb.

«BÖYÜK İYİRMİLİK»Ə DOĞRU

«Azərbaycan» qəzeti yazır ki, indi Azərbaycanın geosiyasi əhəmiyyəti, Cənubi Qafqazda aparıcı mövqeyi beynəlxalq səviyyədə qəbul olunur:

«Azərbaycanın Antalya sammitinə dəvət olunması Türkiyə ilə qardaşlıq münasibətləri ilə yanaşı, digər səbəblərdən irəli gəlirdi. Bunların da ən mühümü ölkəmizin geosiyasi əhəmiyyətinin, Cənubi Qafqazdakı aparıcı mövqeyinin dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunmasıdır. Bu mənada qlobal iqtisadiyyata töhfə verəcək Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu sammitdə iştirakına hələ əvvəlcədən böyük əhəmiyyət verilirdi. Çünki Azərbaycan güclü iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir. Etibarlı tərəfdaş kimi Azərbaycan regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir».

XS
SM
MD
LG