Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:35

Prezidentdən islahat vədi


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev struktur islahatları, idarəetmə ilə bağlı açıqlamalar verib. Dövlət başçısı bu barədə dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında danışıb.

«DAHA CİDDİ STRUKTUR İSLAHATLARI APARILACAQ»

Prezident deyib:

«Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz, xüsusilə idarəetmə sahəsində, artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın».

«MALİYYƏ SİSTEMİMİZ ŞƏFFAF OLMALIDIR»

Prezident deyib ki, neftdən asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır:

«İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun».

«İdarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik», - deyə İlham Əliyev bildirib.

«NAZİRLƏR KABİNETİ «MONSTR» TƏƏSSÜRATI YARADIR»

İqtisadçı-ekspert Nazim Məmmədovun fikrincə, prezidentin 2016-cı ildə görüləcək idarəetmə islahatları ilə bağlı fikirləri çox müsbətdir:

Nazim Məmmədov
Nazim Məmmədov

«Nazirlər Kabinetimiz bəlkə də dünyada ən çox nazirlik, komitə, mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox qurumu özündə birləşdirən bir «monstr» təəssüratı yaradır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir. Bizdəkindən fərqli olaraq, baş nazirin 6 müavini yox, iki müavini var ki, onlar da paralel olaraq həm də nazirlərdir. Dövlət büdcəsinə həm qənaət olunur, həm də çevik siyasət yürüdülür».

«KÖHNƏ KADRLARLA İSLAHATLAR MÜMKÜN DEYİL»

Nazim Məmmədov təklif edir ki, Azərbaycan Rusiya kimi bir federativ ölkənin idarəetmə strukturlarına uyğun qurumlar yaradıb, onları yamsılamamalıdır:

«Sivil dünyaya baxıb iqtisadiyyatı necə şaxələndirmək haqqında düşünməliyik. Hər rayonda bir icra hakimiyyəti aparatı, maliyyə şöbələri olmamalıdır. Bu qurumlar ləğv olunmalı və iqtisadi regionlar üzrə prezidentin nümayəndələri təyin olunmalıdır. Maliyyə şöbələri, digər mərkəzi orqanların yerli şöbələri də - Vergilər Nazirliyi timsalında olduğu kimi - regional idarələrdə birləşdirilməlidir. Yerlərdəki maneələr aradan qaldırılmalı, icra hakimiyyəti orqanlarının funksiyaları yerli bələdiyyələrə verilməlidir».

Ekspert deyir ki, dövlət və idarəetmə xərclərini ciddi azaltmaq lazımdır, ancaq mobilliyi artırmaq üçün ciddi institusional və struktur islahatları aparılmalıdır: «Əhalinin etibar etdiyi kadrlar idarəetməyə cəlb edilməlidir. Ən azı ona görə ki, köhnə kadrlarla bu islahatları aparmaq mümkün deyil».

XS
SM
MD
LG