Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:57

«Rayonda adam qalmayıb»


Rayon yeridir, kimə qiymət deyəsən?
Rayon yeridir, kimə qiymət deyəsən?

-

«Manatın dəyərdən düşməsi bizə də təsir edib. Qiymətləri qaldırmışıq. Əvəzində isə xeyli uduzmuşuq». Bunu Salyan rayonundakı ərzaq dükanlarından birinin sahibi Xəqani Əsədov deyir.

Dükan sahibi söyləyir ki, dollar qalxandan müştəriləri xeyli azalıb:

«Ərzaq məhsullarını «Azərsun Holdinq» şirkətindən alırıq. Şirkət qiyməti qaldırıb. Biz necə qaldırmaya bilərik? Ən çox satılan ərzaq məhsullarından yağ, çay 30 faiz, qənd isə 20 faiz bahalaşıb. Müştərilər narazılıq edir. Biz onları başa düşürük, amma nə edə bilərik?!».

Alıcı Sədaqət xanım da qiymət artımından «dad döyür»:

«Dərziyəm, 250 manat aylıq gəlirim olur. Ərzaqlar xeyli bahalaşıb, bu bahalaşma ilə həmin pulu 1 aya necə çatdırım? Vəziyyət pisdir».

«ƏLİMİZDƏKİ İŞİ İTİRƏ BİLMƏRİK»

Təkər təmiri sexində işləyən usta Siyasət də şikayətçidir. Onun sözlərinə görə, əvvəllər günə 25-30 manat qazanırdısa, indi heç 15 manat əldə edə bilmir:

Təkər təmiri sexi.
Təkər təmiri sexi.

«Manatın dəyərdən düşməsindən sonra müştərilərimiz xeyli azalıb. İşimiz onsuz da o qədər də gəlirli sahə deyil. Təkər təmir edirik, konkret qiymət demirik. Rayon yeridir, kimə qiymət deyəsən? Hamısı tanışdır, qohumdur. Müştərinin maşınının təkərini təmir edirik, nə verəcəksə, onunla qane oluruq. Məsələn, avtomobilin təkərlərini balans ediriksə, maksimum 1 manat verirlər, bu da təsadüfi hallarda olur, daha çox 40-60 qəpik ödəyirlər. Bununla razılaşmağa məcburuq. Bunu da etməyək, nə edək bəs? Harada iş var ki, işləyək?! İşsizliyin artdığı bir vaxtda əlimizdə olan işi itirə bilmərik. Çalışırıq, başqa vasitələrlə də pul qazanaq. İşlənmiş təkərləri 10-15 manata satıb, gündəliyimizi çıxarırıq».

Mühərrik təmiri sexində işləyən Hilal usta da gileylənir: «Dolana bilmirik, elə bilirlər ki, ustalar xeyli pul qazanır. İnanın, işimiz çox əziyyətlidir, səhərdən axşama qədər soyuğun içindəyik. Qazandığımız da qəpik-quruşdur. Bir-iki daimi müştərimiz olmasa, acından ölərik. Motor yağının dəyişilməsi üçün 2 manat alırıq. Camaatda pul olmadığı üçün çox vaxt yağı özləri dəyişirlər, ustaya müraciət eləmirlər. Az-çox mühərrikin təmirindən qazanırıq. Nəzərə alın ki, Salyanda maşınların çoxu sovet istehsalıdır. Həmin maşınların motorlarının təmiri üçün xidmət haqqı 50 manatdan 100 manata qədərdir. O pulun da hamısı bizə qalmır, istifadə etdiyimiz alətlərə xeyli pul xərcləyirik».

«BANKA 5 MİN MANAT BORCUM VAR»

Manatın dəyərdən düşməsi Salyanda, demək olar, hamının həyatına təsirini göstərib. Taksi sürücüsü Yusif Quliyev avtomobilinin bankda kreditdə olduğunu deyir:

Taksilər
Taksilər

«Banka 5 min manat borcum var. Bu krediti necə verim? Ayda banka 320 manat ödəyirəm. İnanın, sevinirəm ki, kreditim dollarla deyil, manatladır. Mən yalnız maşının krediti üçün işləyirəm. Ailəni oğlum dolandırır, o da taksi sürücüsüdür. Bizimlə 1-2 saat dayanın burada, görün, müştəri görəcəksiniz? Müştəridən çox taksi var. Dövlət bizə dəstək olmalıdır, bu işsizliyin sonu hara gedəcək?!».

Digər taksi sürücüsü Nazim Kərəmov deyir ki, şəhəriçi 1 manata, rayonun ən yaxın kəndinə 2, ən uzaq kəndinə isə 10 manata aparırlar:

«Amma gün ərzində 1-2 müştəri ola, ya olmaya. Qiyməti də qaldıra bilmirik. Kimə deyəsən ki, «ərzaq məhsulları bahalaşıb, düşəndə 1 deyil, 2 manat ver». Hələ 1 manatdan müştərilərimiz bol olsa, birtəhər günü yola verə bilərik. Amma o da olmur, maşına minən yoxdur. Rayonda adam qalmayıb, hamı Bakıya iş dalınca gedib. Səhərdən günortayadək bir müştəri aparmışam. Heç bilmirəm, axşam evə çörəyi necə alacam. 120 manat da pensiya alıram. Siz düşünün, bu pulla necə yaşayaq?».

XS
SM
MD
LG