Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:54

«Həbsxanaya qayıtmaqdan başqa yol yoxdur»


Şerif, «Səmimi şöhbət», karikatura
Şerif, «Səmimi şöhbət», karikatura

-

«Qapını açıb deyəndə ki, «dur yığış, çölə çıxmaq vaxtındır», bir anlığa hara gedəcəyimi düşündüm. Pal-paltarımı bir idman çantasına yığıb çıxdım. O gün-bu gün - küçələrdə qalmışam».

Yanvarın 21-də 1 il olacaq ki, 61 yaşlı Həsən Həsənov 12 illik həbs həyatını başa vuraraq azadlığına qovuşub.

Keçmiş məhbus AzadlıqRadiosu-nun «Qaynar xətt»inə danışır ki, həbsdən çıxandan sonra adaptasiya üçün qanunla ona verilməli olan birdəfəlik pul yardımını və əlilliyə görə aylarla yığılıb qalmış təqaüdlərini ala bilmir. Çünki şəxsiyyət vəsiqəsi yoxdur. Əvvəllər Yasamal rayonu ərazisində yaşayış qeydiyyatında olub. O, həbsdə olarkən ailəsi mənzili sataraq başqa yerə köçüblər. Bu səbəbdən də qalıb küçələrdə:

«DEDİM VƏRƏMƏM, MƏNİ QOVDULAR»

«Həbsə düşməyimin səbəbi həyat yoldaşımın qohumunu öldürməyim olub. Ona görə də həyat yoldaşımla münasibətim pozulub. Uşaqlar da böyüyüb məndən üz çeviriblər. Bu üzdən onları axtarmağa dəymir. Ancaq dövlət ki, mənə sahib çıxmalıdır», - keçmiş dustaq deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi binası
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi binası

1 ildir ki, zibilliklərdən yığdığı çörək qırıntıları ilə dolanır. Hələ həbsdə olarkən vərəmə yoluxub, deyir heç normal müalicə də almayıb:

«Bir təşkilat vardı, keçən qış həbsdən çıxıb Səməd Vurğun bağında skamyada yatanda bir nəfər yaxınlaşıb mənə həmin təşkilatı nişan vermişdi. Özü də zəng vurub tapşırmışdı. Getdim, hansısa yardım təşkilatı idi. Bir az kömək etdilər, dedilər, «qal burada, gecələr buralara nəzarət elə, biz də sənin sənəd, pensiya işlərinlə məşğul olaq». Özüm etiraf elədim ki, "bu qədər işi üzərinizə götürürsünüzsə, bir yaxşılıq da edin, məni xəstəxanaya yerləşdirin, vərəməm, bir az müalicə alım». Həmin gündən dedilər, «daha buralara gəlmə"».

1 İLDİR NAZİRLİYİN QAPISINDAN QAYTARIRLAR

Məhbus deyir, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib. Ancaq elə qapıdan yola salıblar:

«Gedirəm, aşağıda dayanan polis daxili telefonla bir-iki yerə zəng vurur, deyir, «heç kəs yoxdur, get, 1 həftədən sonra gəl». 1 ildə o qədər 1 həftələr keçib ki... İnanın, həbsxanadan çıxmağıma peşmanam. Mən «barak» yoldaşlarıma arzuladım ki, «başıma gələn tezliklə başınıza gəlsin, azadlığa çıxasız». İndi deyirəm, yazıqdılar, mənim başıma gələn onların başına gəlməsin. Elə rahatı həbsxanadır, heç olmasa yatmağa «koykam» vardı. Küçədə yaşamaqdansa, imkan düşən kimi ora qayıtmaq lazımdır».

Nazirlik keçmiş məhbusu ahıl və kimsəsiz kimi onu Qocalar evinə yerləşdirə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, Həsən Həsənov quruma müraciət edib. Ancaq müvafiq sənədləri təqdim etmədiyi üçün onun təqaüd məsələsi həllini tapmayıb. Əgər sənədləri qaydasında olarsa, qurum keçmiş məhbusu əlillər, yaxud qocalar evinə yerləşdirməkdən imtina etmir.

HƏR ŞEYİN HƏLLİ ŞƏXSİYYƏT VƏSİQƏSİNDƏN KEÇİR

Hüquqşünas Vaqif Alıyev deyir, keçmiş məhbus şəxsiyyət vəsiqəsinə görə, həbsə düşməmişdən əvvəl qeydiyyatda olduğu ünvanın yerləşdiyi ərazi üzrə polis idarəsinə müraciət etməlidir:

«Yasamal rayon polis idarəsinin şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməlidir, qeydiyyat yeri olmayan vətəndaş kimi polis idarəsinin yerləşdiyi ünvana qeydiyyata götürülməli və ona şəxsiyyət vəsiqəsi verilməlidir. Məhkumluq həyatı başa çatanlara verilən birdəfəlik pul yardımına görə Ədliyyə Nazirliyinə müraciət etməlidir».

Hüquqşünas deyir, şəxsiyyət vəsiqəsi əldə etdikdən sonra əlilliyə görə yığılıb qalmış təqaüdlərinə görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməlidir. Şəxsiyyət vəsiqəsi ilə bərabər həbsxanadan azad olunma ilə bağlı arayışı da təqdim etməlidir. Nazirlik ahıl və kimsəsiz kimi onu Qocalar evinə yerləşdirə bilər.

XS
SM
MD
LG