Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:30

Faiq Əhməd: Hamıya hər şeyi göstərmək üçün imkan vermək lazımdır


Faiq Əhməd
Faiq Əhməd

-

"...Kiminsə bir fikri, bilmək olmaz, bəlkə başqa kiməsə lazım olacaq."

Onun əsərlərinin arxasında istedadlı, intellektli və təcrübəli bir Art ustası dayanır. Azərbaycan incəsənətinin yeni siması Faiq Əhməd ilə OxuZalında söhbət etdik.

Faiq Əhmədin əsərləri
Faiq Əhmədin əsərləri

- Faiq, Azərbaycanın ədəbiyyatda, rəssamlıqda, musiqidə modernizminə baxsaq, onlarla müqayisədə, kənardan mənə belə görünür ki, sizi Azərbaycanda daha tez qəbul elədilər.

Məsələn, ədəbiyyatda sizin çağdaşınız olan modernistlər var ki, onları incidən çox oldu, eksperimental şeirə, prozaya qarşı aqressiv münasibət çox güclüdür.

Sizi sanki daha yaxşı başa düşürlər. Bunu necə izah edərdiniz?

- Hər halda, bu, insanın təbiətindən, cəmiyyətin qavrayışından asılı olan bir məsələdir. Birinci qavrayış musiqidir, ikinci qavrayış gördüklərimizdir - vizual informasiyadır; informasiyanın yetmiş-səksən faizini beynimiz vizual alır. Mənim işim də sözdən daha tez qəbul olunan vizual informasiyalardan biridir.

Sözlə nəsə təsir etmək daha çətindir. Əslində bu, yəni sözün vizual informasiyadan daha gec qəbul olunması heç də yaxşı faktor deyil. Cəmiyyət nə qədər intellektual olsa, sözə inam o qədər çox olur, nəinki vizual obrazlara.

Tarixə baxsaq görürük ki, məsələn, müəyyən aşağı səviyyəli cəmiyyətlərdə plakatlar kimi vizual vasitələr insanların şüuruna sözdən daha tez təsir edib.

Deyək ki, Sovet dövründə Marksın, Engelsin, hətta Leninin əsərlərinin içindən əhalinin əksəriyyətinin xəbəri yox idi, bilmirdilər kommunizmin əsası nədir, amma vizual olaraq hamı qəbul edirdi ki, məsələn, Lenin filankəsdir.

Yaxud İncili çox adam oxumurdu, oxuya bilmirdi, Romada, italyan kilsələrində, deyək ki, Sikstin kapellasındakı o freskaları, ikonaları ona görə çəkmək lazım idi ki, bunlar təsir etmək baxımından çox qüvvəli idi...

- Bizim Şərq xalçalarında çoxlu fəlsəfi simvollar var: dörd ünsür, totemlər, tovuzquşu və s.- sizin yanınıza gələndə mən bu simvollar haqqında biraz oxudum.

Maraqlıdır, şərqlilər bu qədər sosial iztirablar çəkiblər; şahların zülmünü görüblər, kasıblıq içində yaşayıblar, görəsən, şərqlilər sosial dərdlərini xalçalarda toxuyublar, bunları da simvollarla ifadə ediblər, sosial mesajlar da veriblər?

Tutalım, Sovet vaxtı Stalinin portretini xalçaya toxuyurdular, bu özü gündəlik həyatın xalçaya gəlməsi hesab oluna bilər, ya yoxsa xalça ancaq fəlsəfi olmalıdır? Axı xalça mətbuat deyil ki, publisistik olsun.

Bir sözlə, gündəlik həyat xalçada əks oluna bilər, ya heç xalça bunun yeri deyil?

- Xalça varlılar tərəfdən gəlir, nəinki xalça, ümumiyyətlə, gördüyümüz incəsənət varlılar, elita tərəfdən gəlir. Həmişə belə olub, bütün dünyada da belədir. Muzeydə gördyümz hər hansı gözəl şey, tutalım, 200 yaşı olan zinət əşyaları aydındır ki, hansısa padşaha məxsus olub.

İncəsənət həmişə pulla bağlı struktur olub. Ola bilsin, tarixdə başqa incəsənətlər də olub, amma bizə gəlib çatan, tanıdığımız incəsənət varlıların olub.

Xalça da kübarlığa məxsusdur. İnsanların hər şeyi olanda əlavələr istəyirlər, - naxış istəyirlər. Naxış sözünü konseptual mənada deyirəm, yəni bu, qızıl, zinət əşyaları da ola bilər. Həm də intellektual səviyyə olmalıdır ki, xalça incəsənətini qavrayasan, başa düşəsən.

Düzdür, müasir incəsənətdə aktual məsələləri görmək cəmiyyət üçün daha maraqlı olur, amma yenə də hətta yaxın tarixə baxanda görə bilərik ki, aktual incəsənət tarixdə o qədər də qalmır. Tarixdə ölməz fəlsəfi mövzular qalır.

Fəlsəfə də pul strukturuna bağlıdır. Fəlsəfə o zaman gəlir ki, dövlətdə hər şey yaxşıdır, adamlar oturub düşünürlər.

Bu, heç də pis bir şey deyil, cəmiyyətin normal inkişafıdır.

Hind mədəniyyətinə baxanda görürük ki, onların bütün mədəniyyəti varlıların – feodal strukturun üzərində qurulub. Aşağı kastalar heç vaxt heç bir şey yaratmırlar. Onların yaratdığı da lazım olmur.

Ona görə də bu iki struktur heç vaxt demək olar ki, bir-birinə bağlanmır.

İndi bir çox rəssamlar, məsələn, Banksy, qlamur rəssamdır, amma aktual problemlər haqqında danışır, ancaq dərindən baxanda, heç də aktual deyil bu problemlər. Maraqlıdır ki, onun görüşləri İngiltərənin xarici siyasətinə zidd olmur.

Məsələn, Banksy'nin bu yaxınlarda Fələstində çəkdiyi graffiti layihəsi İngiltərənin xarici siyasətinə uyğundur, İngiltərə Fələstinə daha çox dəstək verir, nəinki İsrailə. Bu kimi işlər hər halda psevdo-aktual işlərdir. Əsl aktual ictimai problemlər incəsənətə çox gec, dünyaya daha gec çıxır.

Ümumiyyətlə, indi dünyada müəyyən strukturlar var, bu strukturlara görə dünyaya nə çıxmalıdırsa, o da çıxır. Yaxın Şərqdən gələn hər bir rəssamın işinə maraq var. Düzdür, kimsə pis edir, kimsə yaxşı, bu, başqa məsələdir...

- Vacib məsələdir.

- Yəni ümumiyyətlə, burdan gələn dalğa dəstəklənir Qərbdə. Təkcə Yaxın Şərqdən yox. Çindən gələn işlər də dəstəklənir, Çindən daha çox siyasi əsərlər dəstəklənir, İrandan da həmçinin.

Belə götürəndə, hər yerin öz gözləntisi var. Azərbaycandan hələ bilmirlər nə gözləsinlər, ona görə ki, Azərbaycan rəssamları hələ abstraktdır. Azərbaycan müasir incəsənətinin hələ vahid üzü yoxdur, Azərbaycan özü abstraktdır. Hər ölkənin bir üzü var, mənə belə gəlir ki, biz hələ ki, formalaşırıq...

Xalçanın mövzuları həmişə elitaya aid mövzular olduğuna görə orada məişət mövzuları, gündəlik “işə getdim, gəldim” yoxdur.

“Xalça belə olmalıdırmı” sualına gəlincə, başqa cür ola bilməz, ona görə ki, başqa cür maraqlı deyil. İncəsənət ona görə lazım idi ki, varlını, feodalı məişətdən kənara aparsın.

Xalçanı kimsə incəsənət kimi yaradıb, zamanına görə bu, inqilab idi. Necə ki, sonrakı rəssamlar yeni axınlar yaratdılar, eləcə də vaxtilə xalçaçı xalçaya yeni bir forma verib, onu başlamışdı. Sonradan xalça təkrarlanan bir sənayeyə çevrilib, amma əvvəlcə sırf incəsənət olub.

Gündəmin xalçada əks olunması məsələsinə qayıtsaq, bəli, mən də İçərişəhərdə gəzəndə məsələn, neftçilərlə bağlı xalçalar, Qarabağ atları təsviri olan xalçalar görürəm...

Amma xalçada məişəti göstərmək lazımdırmı, yox, heç lazım da deyil. Bunu adamlar özləri də istəmirlər. Əksər insanların həyatı darıxdırıcıdır, incəsənətdə də öz gündəlik real problemlərini görmək istəmirlər.

Faiq Əhmədin əsəri
Faiq Əhmədin əsəri

Dünyanın hər hansı orta yaşlı adamı işə gedib gəlir, oturur televizorun qarşısında, orada ya qlobal problemləri görmək istəyir, misal üçün, haradasa dava gedir, təbii fəlakət baş verir, o problemlərin yanında öz problemlərinin “heç nə” olduğunu görmək üçün. Ya da görmək istədiyi ümumi mövzular olur. Seriallara da buna görə baxırlar, orada gündəlik problemlərdən uzaq mövzuları, varlıları göstərirlər.

Son zamanlar Hindistan mədəniyyətini çox tədqiq edirəm, ona görə yenə Hindistandan misal çəkim, Hindistan bütün Şərqin təsirində olan strukturlardan biridir. Orada çox kasıb və çox varlı əhali var. Onların ikisinin bir-birinə olduqca maraqlı münasibəti var;

Bütün kasıblar ancaq Bollivudda çəkilən filmlərə baxırlar, bu filmlər varlılar haqqında olur, varlıların özlərinə isə bu filmlər maraqsızdır, varlılar Hollivudda çəkilən filmlərə baxırlar, onların problemlərini görmək istəyirlər və onların qlobal problemləri görmək istəyirlər ki, fikirləşsinlər: yaxşı ki, bizdə belədir hər şey. Bu da ki, qlobal sistemi televiziya vasitəsilə saxlamaq üçün çox ideal təsiredici formalardan biridir.

Bu, incəsənətə də aiddir. İncəsənət deyəndə mən bütün qollarını nəzərdə tuturam. İncəsənət sözü məhdud sözdür, ART kimi tərcümə etsək, Art - hər şeydir; perfomans, teatr da artdır, musiqi də, yazı da... Sözün özü yaxşı deyil: incəsənət.

- İncəsənət həm də kobud sənət ola bilir axı.

- Hə, ümumiyyətlə, sənət olmaya da bilər. Sənət – “craft”dır, təkrar olunan bir şeydir, Art isə yenini yaratmaqdır.

- Bəs niyə bizim xalçalarda qırmızı rəng çoxdur? Qırmızı həm də bərabərliyin, sosializmin, xalqın və azadlığın rəmzidir axı.

- Xalçalarda qırmızı rəng çoxdur, amma bunun sosial bərabərlik kimi məsələlərin rəmzi olmasıyla razı deyiləm.

Şah İsmayıl Xətainin öz xəttilə əmr. 1511
Şah İsmayıl Xətainin öz xəttilə əmr. 1511

Məsələn, Qırmızı həm də qızılbaşların rəmzidir. Regionda Azərbaycan xalçalarının nüfuzu İranda Azərbaycan sülalələri hakimiyyətə gələndən sonra başlayıb. Səfəvilərin vaxtında pik nöqtəsinə, məhz incə sənət dövrünə çatıb. O, poeziyanı, xalçanı, xoşlayırdı, o zaman saraya çoxlu xarici qonaqlar gəlirdi...

Səfəvilərin dövründə xalçanı istehsala qoyublar, bu, artıq biznesə çevrilib. O zamana qədər sifariş edirdilər və xalça evlərdə toxunurdu. Onun dövründə İranda xalçaları istehsal etməyə başlayıblar. Bununla da xalçaçılıq inkişaf edib, xalça artıq məhsula çevirib, sənayeləşib.

Yəni razı deyiləm qırmıızının belə sosial mənasıyla. Lap dərinə gədəndə, qırmızı rəng Azərbaycanda zərdüştiliklə bağlıdır. Yeri gəlmişkən, mən tez-tez Atəşgaha gedirəm, orada qırmızı rəng heç yoxdur, halbuki keçmişdə orada qırmızı rəng çox olub, Hindistandakı Atəşgahlarda da qırmızı çoxdur.

Əslində, Azərbaycan xalçalarında, özü də məhz Şimali Azərbaycan xalçalarında lokal qırmızı rənglər ona görə dominantdır ki, 18-ci əsrə qədər Azərbaycanın bu tərəfində xalçaları qızlar toxuyublar. Burada cavan qızlar ərə getməzdən əvvəl xalçaları özlərinə cehiz kimi toxuduqlarından, qırmızı rəng şüuraltı olaraq, ərə getmək rəmzi, gizli seks, qan rəmzi idi.

Qırmızı həm də aqressiv rəngdir. Azərbaycanda gəlinin də belinə qırmızı lent bağlayırlar, od, aqressiya, ehtiras rəmzidir. Gəlinin əşyalaırna da qırmızı bağlayırlar. Novruz bayramında da səməniyə qırmızı bağlayırlar. Səməni də qadın, ana təbiət rəmzidir, qızlığın sonu, analığın başlanğıcıdır. Xalçalardakı qırmızının şüuraltı rəmzi budur...

İncəsənət və həyat

- Rəssamlıq çox maraqlı sahədir, həyatdakı dəyişikliyi burada çox tez hiss edirsən. Ona görə incəsənət sürətlə dəyişən sahədir, xüsusən, mənim işlədiyim incəsənət. Mən müxtəlif medialarla işləyirəm, hansı ideya gəlsə, onun dalınca gedirəm.

Görürəm ki, bir cür həyat sürəndə bir cür işləyirəm, günümü dəyişəndə axşam başqa fikirlər gəlir ağlıma. Bunu öz işimdə birbaşa hiss edirəm. Bu, həyatın işə təsirini görmək üçün yaxşı indikatordur.

Əhvalın pisdirsə, yaxşı yazmırsan. Bu sahədə işə gəlib işləyib getməklə məsələ bitmir, iş sənin həyatınla bağlıdır. Xoşbəxt deyilənsə işin də xoşbəxt deyil. İşdə xoşbəxtsənsə, həyatda da xoşbəxtsən...

- Siz bir çox mükafatlar almısız (Victoria & Albert Muzeyinin Jamil Mükafatı, Venesiya Biennalesinin mükafatı və s.) Adi rəngkarlar nə qədər yaradıcı olsalar da, riayət etməli olduqları kanonlar var və eyni işi özlərindən daha yaxşı görə biləcək rəqibləri var. Sizinsə işiniz əsl Art necə olmalıdırsa, elədir, daha çox azadlığa, eksperimentə əsaslandığına görə, rəqibiniz yoxdur, özünüz özünüzlə yarışırsınız. Bəs Müasir incəsənətin (Contemporary Art) ən yüksək mükafatı nədir? Art-ın Nobeli nədir?

- Prinsipcə, ART-ın Nobeli yodur, çünki ART-da birxətli nailiyyət yoxdur. Düzdür, yüksək mükafatlar var. ART-ı qollara bölüblər. Məsələn, əsasən sənədli işlərə verilən Turner Mükafatı var, Venesiya Biennalesində verilən mükafat var və s. Amma belə mükafatları almaq o demək deyil ki, rəssamın işləri dərhal təsiredici olur.

Elə rəssamlar var ki, məsələn, çinli rəssam Ai Weiwei, belələri heç bir mükafat almayıblar, amma onların yaratdığı vizual incəsənət əsərləri Venesiya Biennalesində verilən mükafatdan da məşhurdur. Burada kommersiya, aktuallıq kimi bir çox cəhətlər var.

İncəsənət piramida strukturu deyil və burada bir nöqtədə başlayıb harasa gedib çatmaq yoxdur.

- Tamaşaçı daha çox rol oynayır.

- Tamaşaçı çox rol oynayır və muzeylər də çox rol oynayır. Hesab olunur ki, rəssamın əsərləri nə qədər çox muzeydə olursa, nüfuzlu sayılır.

Elə rəssamlar var ki, yalnız kolleksionerlər arasında məşhurdurlar. Deyək ki, Andy Warhol, Banksy kimi rəssamları orta səviyyəli adamlar tanıyırlar, amma çoxlu qeyri-məşhur rəssam var ki, onlar yüksək çevrələrdə uğurlu rəssamlar sayılırlar.

- Yüksək çevrələrdən danışmışkən, Azərbaycanın mədəni çevrələrində adətən hər hansı eksperimentə münasibət belədir ki, alternativdir, "qoy bu da olsun". Deyək ki, Azərbaycan titanik xalça məktəbi gözündən baxan azərbaycanlılar Lətif Kərimovun xalçalarını seçəcəklər və sizin xalçalarınız haqqında deyəcəklər: “Alternativdir, qoy bu da olsun”.

Yaxud toxunmasından 35 il keçəndən sonra Azərbaycanda əllə toxunmuş xalçaları buraxmırlar ölkədən, onları milli sərvət elan edirlər. Sizin xalçalarınızı isə yalnız siz və dar çevrədə “znatok”ları qoruyacaq, qədrini biləcək.

Siz öz əsərlərinizi "eksperimentlərim" kimi şərh edirsiz.

Dövlət, xalq səviyyəsində ənənəvi xalçaçılara göstərilən hörməti gözləyirsiz, yoxsa eksperimental artda belə gözlənti olmamalıdır?

- Bu haqda heç fikirləşməmişdim. Məsələ belədir ki, istəyirsənsə olsun, bir iş olur. Mən istəmirəm. Olsa da, olmasa da, mənə fərqi yoxdur.

Ola bilsin bu xalçalar nə vaxtsa Azərbaycanda məşhur olsun, yaxşı olduğunu görsünlər və başlasınlar belə xalçaları kütləvi məhsul kimi buraxmağa.

- Kütləviləşməsi heç yaxşı olmaz.

- Yenə deyirəm, mənə heç bir fərqi yoxdur. İncəsənət onun üçündür ki, onu adamlara verirsən, adamlar özləri qərar verirlər. Səndən çıxmış əsərə adamların gözülə baxmalısan artıq.

- Yəni sizi “Bu, nədi!?” deyənlər əsəbləşdirmir? Deyirlərmi belə?

- Əsəbləşdirmir. Öyrəşmişəm. Deyirlər, əlbəttə, deyirlər. Elə birinci mənim öz xalçaçılarım deyirlər.

Yadımdadı, hələ birinci dəfə eskizlərimlə xalça toxuyanın yanına gedəndə, “bunu toxuyarsınızmı” soruşanda, Bakı kəndlərinin biriydi, dedim, olar mən xalçanı toxuyan qızlara eskizləri başa salım, - ordan məni qovdular. Dedilər, ümumiyyətlə, sən bir də bura gəlmə. Eksperiment ideyası onlara qeyri-ciddi təsir bağışladı. Elə bildilər, hippi kimi bir adamdı, nəsə oynayır...

- Ədəbyyatda da olub belə “qovma”. Bəxtiyar Vahabzadə müasir ədəbiyyatdan danışan cavan şairi (Həmid Herisçini) evindən qovmuşdu.

- Bu, əslində yaxşı konfliktdir.

- Amma bizim eksperimentalist şairlərə “bu, şeir deyil” deyəndə əsəbləşirlər. Əsəbləşməməlidirlər, elədirmi?

- Əlbəttə. Yeniliyi öyrətməlidirlər. Axı qarşı tərəf də vaxtilə heç olmayan bir şeyi yaradaraq başlamışdı.

Sonra zaman qərar verir. Lazım olan şey onsuz da qalır, lazım olmayan şey qalmır. Hamıya hər şeyi göstərmək üçün imkan vermək lazımdır. Kiminsə bir fikri bilmək olmaz, bəlkə başqa kiməsə lazım olacaq.

İncəsənət əslində ona görə lazımdır ki, incəsənətlə məşğul olmayan adamın da beyni ona baxmaqla incəsənət kimi işləsin. Hər hansı mühəndis gəlib rəssamın əsərinə baxır, incəsənət beyində konflikt yaradır, bu konflikt beyni qıcıqlandırmağa başlayır, beyin daha yaxşı işləməyə başlayır, o mühəndis sərgidən gedib öz həyatında da eyni dəyişiklikləri edir. İncəsənət insanlara belə təsir göstərir.

Sərgiyə gedən adam oradan qayıdanda eyni adam olmamalıdır. Bəzi insanlar muzeyə, qalereyaya gedir, orada "ah, nə gözəldir" deyirlər, amma qayıdırlar evə, eyni həyatı yaşayırlar. Demirəm ki, onlar həyat tərzini dəyişdirsinlər, dəlilik etsinlər. Amma sərgidən sonra insanda güclü dəyişiklik olur. Din də mənim fikrimcə, incəsənətdir. Din gəlib sənə təsir edir, sən həyat tərzini dəyişirsən, - din ən konseptual incəsənətlərdən biridir...

- Bədii ədəbiyyat oxuyursunuzmu? Hansı yazıçıları oxuyursuz?

- Ədəbiyyatda təsiredici kodlar var, orada doğrudan da insanları birləşdirici kodlar var. Dini ədəbiyyat mənə maraqlıdır, deyək ki, Karlos Kastenad. Bu, daha çox informativ ədəbiyyatdır və dini ədəbiyyata yaxındır.

Jorge Luis Borges
Jorge Luis Borges

Bədii ədəbiyyatdan isə mənə Latın Amerikasının magik realizm yazıçıları, həmçinin Borxes çox təsir edir.

Poeziyadan yapon haykuları (hokku) xoşuma gəlir, çünki orada təmizlik var.

Ədəbiyyatın da təsviri incəsənət kimi insana təsiredici tərəfi olmalıdır. İnsanları birləşdirən nöqtələrdə həqiqət var. İnsanları yalan birləşdirə bilməz. Kitabın, filmin, ümumiyyətlə, incəsənətin insanlara nə qədər təsir etməsi, gün ərzində insanın o təsirlə nə etməsi çox vacib məsələdir.

- İncəsənətin insanı təmizləməsinə inanırsınız.

- Bəli. İnsanın yaratdığı sənəti bir-birindən ayırmıram; rəssamlıq, performans, ədəbiyyat, - ümumiyyətlə, Art bir formadır, onun təsiredici strukturları da eynidir, rəssam da, yazıçı da, bəstəkar da nə isə yaradır, yaradarkən emosional halda olur, deyək ki, trans halında olur, bu zaman beyinləri eyni cür işləməyə başlayır, sadəcə onların təsiredici dilləri fərqlidir. (davamı aşağıda)

- İndi nə üzərində işləyirsiz, hansı sərgiyə hazırlaşırsız?

- Növbəti sərgim 9 fevralda Romada Macro Müasir İncəsənət Muzeyində olacaq. Bir ildir hazırlayıram bu layihəni.

- Sərginizin mövzusu nədir?

- Vaxtilə sufizmlə çox maraqlanırdım, o zaman apardığım tədqiqatlarım bu sərgidə son nəticəsini tapdı.

Həmçinin bax: Roma Macro Muzeyində "Qavrayış nöqtələri" sərgisi

Spiritual praktikaları, onların insana necə təsir etməsini anlamaq üçün, bunun obyektiv tərəfdən izahını bilmək üçün mən onları özüm təcrübə etmək istəyirdim. Sözügedən sərgi də o praktikalar haqdadır.

9 mərhələ seçdim, hər mərhələ bir praktika üzərində olmaqla, öz limitlərimi müəyyən etməyə çalışdım. Mənim limitlərim hara qədərdir, nə qədər dərindir?

Bunu tədqiq etmək üçün vasitə kimi öz beynimi götürdüm. Həqiqəti anlamaq üçün gərək özündən başlayasan. Bu fikirlə Bakıdan kənara çıxdım, bir kənd yerinə çəkildim. Macro Muzey həmin vaxt mənə bu təklifi yazdı. Bu layihə sufizmlə bağlıdır, həmçinin buddizm fəlsəfəsi ilə. Sərgidəki nümayişimin adı "Qavrayış nöqtələri"dir. 9 qavrayış nöqtəsi.

Məsələn, qavrayışlardan biri. Şərq kültüründə təsbeh var. Özümə sual verdim, bu nədir, həqiqətən də təsiredici bir şeydirmi? Bunu bilmək üçün onu öz üzərimdə sınadım.

Sufizmdə 9999 dənəli təsbeh var. Mən də gildən 9999 dənəli təsbeh düzəltdim. (gil təsbehi göstərir)

- Siz həm də heykəltaraşsız axı.

- Hə. Gil çox rahat materialdır... 9999-u üç yerə bildim. Bu özü də meditativ prosesdir. Doqquz praktikadan biri təsbeh idi.

Növbəti praktika isə, demək, Bahəddin adlı bir sufi nuranisi olub. Məktəbə gedəndə müəllim ona birinci hərf kimi “Əlif” öyrədib. Müəllim deyib ki, sizin ideal məqsədiniz bu hərfi başa düşmək və yazmaqdır. O, düz xətt çəkib. Uşaqlar da çəkiblər.

Bahəddin isə müəllimin bu sözündən daha çox təsirlənib, o qədər təsirlənib ki, yolboyu hər yanda əlif çəkib və hər şeydə, əllərində, ətrafda əlif görüb. Evdən çıxıb meşəyə gedib, orada bunu başa düşmək üçün bir neçə il yaşayıb, orada da çoxlu əlif çəkib.

Bir neçə ildən sonra müəllimin yanına qayıdıb ki, indi mənə ikinci hərfi öyrədin. Müəllim görüb ki, bu, artıq başqa haldadır. Ondan sonra müəllim deyib ki, artıq sən mənim müəllimimsən, "mən bütün kitabları bilsəm də, sən bir hərfi bilsən də, sənin biliyin mənimkindən çox oldu."

Yəni qavrayış da DNT kimi işləyir, bilik əslində söz birləşməsində, hərfdə deyil, burada bu hərf (Bahəddinin əlifi) simvoldur, bilik hər şeyin özündə başqa şeyləri saxlamasıdır.

Quranda belə bir fenomen var: əlif ləm mim. Heç bir mənası olmayan hərf birləşməsidir. Ərəb dilində əlif özü-özlüyündə heç bir hərf deyil, səsi də yoxdur, adı var yalnız. Azərbaycan dilində A yazırıq, a səslənir, bu hərfin adı da "a"-dır. Bu dildə isə əlif öz özülüyündə heç bir səs vermir, üzərindəki hərəkələr sayəsində səs bildirir...

Quranın mənası əslində heç bir mənası olmayan hərf birləşmələrindədir – sonluqlardadır, təkrarlanmadadır.

- Hermenevtik yozumla.

- Bəli, belə bir şey. Təkrarlanmalarda məna itir, məna mənasızlıqdadır. Mən də 9 praktikadan növbətisi kimi, Əlif hərflərindən ibarət bir kitab qurdum və başladım o hərfləri oxumağa, təkrarlamağa. Bu təcrübəni öz üzərimdə sınamaq üçün.

Sonra, 9 praktikadan növbəti biri kimi, iynəli xalça düzəldərək üzərində gəzdim. Fiziki ağrıyla meditasiyasının ikisinin sərhədinə birlikdə çatmaq üçün. Bu ikisinin sərhədində sən nə şüur, nə də bədən olduğunu anlayırsan. Sən müşahidə edən olursan. Və başa düşürsən ki, əslində müdaxilə yoxdur. Dünya necə varsa, elə də davam edir. Determinizmə görə, hər şey səbəb-nəticə əlaqələrilə davam edir, gələcək də artıq var. Biz sadəcə riayət edirik.

Nəhayət, 9 praktikadan sonuncusu, o daha çətin idi. Buddistlərin üç günlük bir guşəyə çəkilməsi, sükut vəziyyətinə dalması, sufilərin özlərini yerə basdırması (bu, bilmirəm nə qədər realdır), yaxud talteklərdə quyular var, təbiətin özünün yaratdığı quyular, onlar o quyularda bir neçə gün özlərilə tək qalırlar.

Mən bu spiritual praktikanı da öz üzərimdə sınamaq üçün bir qutu düzəltdim. Onu yerə basdırdım. 3 metr dərinliyində bir qutu. Orada 3 gün qalmalıydım. Tək, səssiz və təcrid olunmuş. Əvvəllər də bunu sınamışdım. Gündə az saatdan başlayaraq, müddəti tədricən artırmaqla, amma bu dəfə 3 gün qalmalıydım.

Bilmək istəyirdim ki, o təcrübəni yaşayan insanlar nə hiss edirlər. Nəhayət, 12 saat orada qaldım. Oradan çıxanda vaxt hissiyyatını itirirsən, billmirsən səhərdi, ya axşam. Reallıq hissin itir. Bir neçə saat danışa bilmədim.

Onda özünü basdıran sufiləri anlayırsan ki, orada ümumiyyətlə çıxmaq imkanı yoxdur. Bu müddətdə beyində olan adi insani qorxu hisslərilə savaşmaq üçün çoxlu enerji sərf olunur, qorxu xərçəng kimi böyüyür və bütün bədənə təsir etməyə başlayır, bu hissə artıq normal funksiya göstərmir.

Fiziki qorxular aşılandan sonra tamamilə başqa sahə açılır... Sözlə təsvir etmək çətindir.

Ümumiyyətlə, bunu təcrübə edəndə hər şeyin nə boyda olduğu, bədəninin limitlərini, harada bitib, harada başladığı, var olub-olmadığı hissini itirirsən.

Bu 9 praktikanı öz üzərimdə sınamağın da məqsədi elə bədənin limitlərini, bununla da qavrayışın limitlərini anlamaq idi. Təsbeh, kitab, iynəli xalçanın ağrısı kimi praktikalardan sonra qutuda uzun müddət tək qalmaqla bədənin və şüurun limitini başa düşürsən.

Kim olduğunu başa düşmək üçün kim olmadığını anlamalısan. Əsil inkarla bilinir. Fiziki mən - mən deyiləmsə, xarakterim illər keçdikcə dəyişilir, xarakterim də mən deyilsə, bu kimi sualların sonunda ortalığa çıxan sual bu olur:

- Bəs mən özüm kiməm.

- Bəs mən özüm kiməm.

- Qavrayışın limitlərindən danışanda sözün də sərhədinə gəlirsən, bunları təsvir eləmək üçün söz kifayət eləmir.

"Disassembled". Əllə toxunmuş yun xalça, qarışıq media. Faiq Əhməd
"Disassembled". Əllə toxunmuş yun xalça, qarışıq media. Faiq Əhməd

- Söz kifayət eləmir. Burda artıq vizual incəsənət kömək edir.

Görürsüzmü, indi biz vizual incəsənətin başqa tərəfinə gəldik. Bayaq dedik ki, söz vizual incəsənətdən daha yüksəkdədir, sözü yüksəkdə saxladıq, yazılan sözün daha mürəkkəb qavranılan olduğunu dedik. Amma sözün təsvirində də limit olduğunu başa düşürük və onda ya təsviri incəsənətə, ya musiqiyə, ya hansısa başqa dilə qayıdırıq. Söz - yalnız danışıq dillərindən biridir. Dillər isə çoxdur.

Belə baxsaq, insanlar heç vat yalan demirlər; insanlar yalanı bir dildə deyirlər, - sözlə. Amma sözdən başqa çoxlu dillər var, bədən dili var, göz dili var.., onlar yalan danışmırlar.

Söhbət etdi: Nərmin Kamal

XS
SM
MD
LG