Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:49

Məhbus: "Başıma tapança dirəyib maşınıma silah qoydular"


İllüstrasiya
İllüstrasiya

►"Dedilər, əgər istəmirsənsə, anan, bacın, arvadın sənə görə biabır olsun, onda ağzını yum””

“Əgər silah-sursat mənim idisə, niyə evimi axtarmadılar? Niyə mənbəni axtarmadılar? Nə “bandotdel”, nə də məhkəmə soruşmadı ki, “bu silah-sursatı hardan əldə eləmisən?” Çünki öz qurduqları oyun idi. Silah-sursatın da mənbəyi elə “bandotdel” idi”.

Bu məktubu AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncənin Avtozavod qəsəbəsində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən Məhəmməd Həşimov ünvanlayıb.

“ƏSL ADAM OĞRULARI KİMİ...”

Yazır ki, Kəlbəcər köçkünü kimi 20 ildən çoxdur, Şəmkirdəki 107 saylı Texniki Peşə Liseyinin yataqxanasında məskunlaşıb. Şiştəpə kənd məktəbində müəllim işləyib. 2014-cü il oktyabrın 13-də məktəbdən çıxaraq rayonun Heydər Əliyev prospektində yerləşən “Atabank” filialına gəlib ki, kredit götürsün. Maşınını bankın qarşısında saxlayaraq filiala daxil olub. Binadan çıxanda maşının ətrafında mülki geyimliləri görüb:

“İri cüssəli, idmançı görünüşlü 5 nəfər idilər. Sonradan bilmişəm ki, bunlar “bandotdel”in işçiləridir. Maşınıma yaxınlaşan kimi qollarımı burub maşınımın arxa oturacağına oturtdular. Əsl adam oğruları kimi… Maşını rayondakı “Üçyol” deyilən yerə (Şəmkir stansiyasına və Kür qəsəbəsinə gedən yol) sürdülər. Qollarım bağlı şəkildə maşından sürüyüb yerə saldılar. Sonradan adını və soyadını öyrəndiyim polis polkovnik-leytenantı olan və əməliyyata rəhbərlik edən Müzəffər Məmmədov tapançasını başıma dirədi, dedi, “səsini çıxarsan, güllələri başına dolduracam”. Mən hələ də karıxıb qalmışdım. Nə baş verdiyini anlaya bilmirdim. Pencəyimlə başımı bürüyüb məni maşından 70-80 addım o tərəfə apardılar. Sonra təzədən geri – maşının yanına qaytardılar. Öz “JEEP”ləri də mənim maşınımın yanında dayanmışdı. Dedilər, “bizdə məlumat var ki, səndə silah-sursat var”. Dedim, “müəllim adamam. Səhər gedib kənd məktəbində dərsimi keçib evimə qayıdıram. Silah-sursat nəyimə lazımdır?” Əvvəlcə, maşının salonuna baxdılar. Sonra yük yerini açdılar”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

QUMBARA, PATRON...

Məhbus yazır ki, maşının yük yerindən sellofan torba çıxarıblar. Torbanın içərisindəkiləri görəndə təəccübdən az qalıb ürəyi dayansın:

“Deməli, bunlar başımı bürüyüb məni maşından kənarlaşdıranda həmin torbanı maşının yük yerinə qoyublar. Bir sözlə, tamaşa qurublar. Bunların arasında Rüstəm adı ilə çağrılan polis zabiti əlini həmin sellofan torbaya atıb götürdü”.

İstintaq sənədlərinə görə, torbanın içərisində iki ədəd “RQD-5” hücum təyinatlı əl qumbarası və onun döyüş komplektinə aid olan iki ədəd “UZRQM”, 35 ədəd 7.62 mm və 37 ədəd 5.45mm olmaqla, ümumilikdə, 72 ədəd zavod üsulu ilə hazırlanmış döyüş patronları, bir ədəd 200 qram çəkidə olan “TROTİL ŞAŞKASI” olub. Elə Məhəmməd Həşimov da təsdiqləyir.

TƏLƏB EDİB Kİ, ƏL İZLƏRİ ARAŞDIRILSIN

Ancaq deyir, həmin silah-sursatı sellofan torpayla elə “bandotdel” işçiləri özləri yük yerinə atıb. Ona görə də Şəmkir polisində silah-sursatla bağlı protokol tərtib olunarkən izahatında yazıb ki, yük yerindən çıxan silah-sursatdan xəbəri yoxdur:

“Üstümə tökülüşdülər, dedilər, “sənə deyirik, yaz ki, silahlar özünündür”. Qabırğalarıma xeyli yumruq, təpiklə vurdular. Dedilər, “bunu boynuna almasan, böyrünə 1 kilo heroin də qoyacağıq”. Müzəffər Məmmədov dedi, “uşaqlar, ehtiyac yoxdur, bizə nə deyilib, onu edirik”. Yaşadığım ünvana baxış keçirmədən məni öz “JEEP”lərinə mindirib Bakıya – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Müvəqqəti saxlama yerinə saldılar. İşi aparan müstəntiqdən dəfələrlə tələb etdim ki, silah-sursatın üzərindəki əl izlərini, kimə məxsus olduğunu və mənbəyini araşdırsınlar. Bu necə istintaq idi ki, maşınımdan sursat çıxdığı halda evimdə axtarış aparmadılar? O qədər sursatı hardan əldə etmişdim, bir mənbəni araşdırmadılar? Müstəntiq dedi, “silah-sursat bu idarəyə məxsusdur, heç bir ekspertizaya keçirilməyəcək. Bir az da çox danışsan, ananı, arvadını bura gətizdirərik. Sənin üzünə durğuzarıq ki, bu silahlar sənindir. Onlar sənin üzünə durmazlar, onda onların öz üzünə başqaları durar. Ananın, bacının üzünə üç qadın dursa ki, onları cinsi istismara məruz qoyublar, kifayət edər. Əgər istəmirsənsə, anan, bacın, arvadın sənə görə biabır olsun, onda ağzını yum””.

“DİLQƏM ƏSGƏROVUN TALEYİNİ YAŞAYIRAM”

Məhbus yazır ki, ailəsinin başına gətiriləcəklərdən narahat olaraq istənilən sənədə imza atmağa məcbur olub. Beləcə, Məhəmməd Həşimov barəsində əvvəl istintaq müddəti olaraq 2 aylıq həbs cəzası kəsilib. İddialarına görə, elə “bandotdel”in əllərinin altındakı “hal şahidləri”ni üzünə durğuzaraq istintaqı bitiriblər. İşə Şəmkir rayon Məhkəməsinin hakimi Nemət Paşayev baxıb. Məhəmməd Həşimov barəsində 1 il 6 ay həbs cəzası kəsib:

“Müəllim adamam, bu oyunu başıma niyə açdıqlarını hələ də anlaya bilmirəm. Məhkəmədə şahid kimi dindirilən “bandotdel” işçilərinə də sual verdim ki, “axı niyə məhz mən? Axı bu nə oyun idi məni saldınız?” Üzümə dirəndilər ki, “silah sənin maşınında idi”. Əgər bu gün vətəndaşı olduğum bir ölkədə günahım olmadığı halda dövləti təmsil edən bir güc strukturu tərəfindən şərlənirəmsə, qondarma, ssenariləşdirilmiş məhkəmə tərəfindən azadlığım əlimdən alınırsa, bunlar hansı hüquqi dövlətdən danışırlar? Belə götürəndə, elə mən də bu gün erməni əsirliyində olan və ən ağır cəzaya məhkum edilən Dilqəm Əsgərovun, Şahbaz Quliyevin taleyini yaşayıram. Sadəcə, məni öz polisim və məhkəməm bunu yaşamağa məhkum edib”.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə məhkəmə ifadələrində göstəriblər ki, onlara Şəmkirdə məskunlaşan Kəlbəcər köçkünü Məhəmməd Həşimovun sursat əldə edib saxlaması barədə məlumat daxil olub. Əməliyyat tədbiri hazırlayaraq Şəmkirdə Həşimovun idarə etdiyi avtomobili saxlayıblar. Maşının yük yerindən qeyd olunan sursatlar aşkar edilib. Həmin sursatların ona məxsus olması barədə özü istintaqa etirafedici ifadələr verib.

Buna da bax:

Leyla Yunus: "Əliyevə minnətdaram"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG