Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:46

Ermənistanın şərtlərinin arxasında nə durur?


İlham Əliyev. Foto arxiv.
İlham Əliyev. Foto arxiv.

-

Qarabağ münaqişəsi, prezidentin Ağsuya səfəri və ölkədə sahibkarlığın vəziyyəti bu gün medianın aparıcı mövzusudur.

PREZİDENT: «İSLAHATLAR DƏRİNLƏŞİR...»

«Sosial məsələlərin həllində güclü iqtisadi imkanlar olmalıdır».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bunu aprelin 29-da Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.

Dövlət başçısı 2016-cı ili ölkədə iqtisadi islahatlar ili kimi dəyərləndirib: «İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıb. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır».

Prezident perspektivdə ölkənin sənaye, aqrar potensialının gücləndiriləcəyini, idxaldan asılılığın azaldılacağını qeyd edib.

İlham Əliyev deyib ki, neftin dəyərdən düşməsi ilə ölkənin gəlirləri 3-4 dəfə azalıb. O, bu itkinin əvəzində dünya bazarına yeni yerli məhsulların çıxarılmasından danışıb. Prezident Ağsuda belə sahə kimi pambıqçılığı göstərib. O, hətta pambıqçılığı sovet dövründəki səviyyəyə qaldırmağın lazım gəldiyini qeyd edib: «Azərbaycan bu şəraitdə neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir».

Əli Kərimli
Əli Kərimli

Ə.KƏRİMLİ HAKİMİYYƏTİN TUTUMUNDAN NARAZIDIR

«Azadlıq» qəzeti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Qarabağ münaqişəsi ətrafında gedən danışıqlara münasibətini dərc edib. Əli Kərimli deyir: «Həyatımızın paradoksları silsiləsindən. Xəbəriniz var ki, ölkəmizi bir çox məğlubiyyət ssenarilərindən məhz Ermənistan rəhbərliyinin maksimalizmi «qoruyur»? Rusiyanın nüfuzlu «Kommersant» qəzeti yazır ki, məhz Ermənistan prezidenti Rusiyanın təşəbbüsü ilə başlanmış Rusiya-Azərbaycan-Ermənistan dialoqunu pozur. Lavrov-un Yerevana apardığı «Madrid prinsipləri»nin yenilənmiş variantını heç müzakirəyə qəbul etmir. Bölgəyə Rusiya «sülhməramlılarının» da gətirilməsinə etiraz edir».

Əli Kərimli deyir ki, əslində həmin təkliflər Azərbaycanın daha çox maraqlarına ziddir. O, Azərbaycan hakimiyyətinin bu məsələdəki tutumunu sərt şəkildə tənqid edir: «Amma Azərbaycan rəhbərliyinin konstruktivliyi «fontan vurub», Rusiyadan gələn heç bir təklifə «yox» demir. 2007-2009-cu illərdə də belə olmuşdu. O zaman «Madrid prinsipləri»nə də Azərbaycan razılaşmışdı, Ermənistan razılaşmamışdı. Həmin sənəd Qarabağın yekun statusunun həmin ərazidə yaşayan insanların arasında keçirilən səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tuturdu», -deyə Əli Kərimli qeyd edir.

Aleksandr Dugin
Aleksandr Dugin

AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA GİRSƏ?

«Yeni Müsavat» qəzetində isə «Həll modelini Azərbaycan əsgəri deyəcək» sərlövhəli məqalə dərc edilib.

Yazıda Qarabağ münaqişəsi ətrafında yaranan yeni situasiya təhlil edilir.

Müəllif həm hərbi əməliyyatlardan sonra Ermənistan rəhbərliyinin irəli sürdüyü şərtləri, həm də Kremlin məsələyə münasibətini dəyərləndirir.

Məqalədə deyilir ki, Ermənistan işğal altındakı torpaqları boşaltmaq istəmir. Kreml isə bu məsələdə Ermənistana dəstək verir.

Müəllifin fikrincə, Ermənistan tərəfinin insidentlərin araşdırılması mexanizminin hazırlanması, ünvanlı bəyanat və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat şərtləri məhz bu kontekstdən dəyərləndirilməlidir: «Göründüyü kimi, şərtlərin hər üçü işğalçının Azərbaycan torpaqlarında özünü rahat və təhlükəsiz hiss etməsinə, əvvəlki status-kvonun saxlanmasının təmin olunmasına yönəlib».

Müəllif Rusiyanın mövqeyi kimi Avrasiya İttifaqı layihəsi liderlərindən Aleksandr Dugin-in belə bir sitatını təqdim edir: «Əgər Azərbaycan və Ermənistan Avrasiya İttifaqına inteqrasiya xəttini əsas tutsa, o zaman Rusiya münaqişənin həlli ilə bağlı fəal iş apara, onun aradan qaldırılması yolları təklif edə bilər. Ermənistan bunu edib, Azərbaycan da bunu etsə, o halda nəsə edə bilərik».
Müəllif deyir ki, Aleksandr Dugin-in bu fikri Kremlin niyyətini açıq ortaya qoyur.
O, bunu Moskvanın Azərbaycanı Avropa və Türkiyədən qoparma cəhdi adlandırılır. Müəllifin fikrincə, amma burada son sözü Azərbaycan deyəcək.

XS
SM
MD
LG