Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:49

«Soyqırımı qətnaməsi» çox pis vaxta düşdü


Angela Merkel | R.T.Eroğan
Angela Merkel | R.T.Eroğan

-

Rusiyaya sanksiyalar niyə saxlanmalıdır; Neft lənətini necə bitirməli – 6 iyun Qərb mediasının icmalı.

«Foreign Policy» dərgisində Nick Danforth Almaniya parlamentində ötən həftə qəbul olunmuş «soyqırımı qətnaməsi»ndən yazır. İyunun 2-də alman Bundestaqı ötən əsrin əvvəllərində ermənilərin kütləvi qırğınını soyqırımı kimi tanıyan qətnamə qəbul etdi. Müəllifin fikrincə, bir tərəfdən buna müsbət hadisə kimi baxmaq olar, yəni özünün ləkəli keçmişindən dərs alan Almaniya Türkiyənin tarixindəki qara səhifəni çevirməsində müstəsna rol oynaya bilər. Ancaq Türkiyə-Almaniya münasibətlərinin gərgin dönəmində siyasi motivli sayılan bu qətnamənin qəbuluyla Bundestaq soyqırımını dananların dəyirmanına su tökmüş oldu. Yəni, onların belə bir inamını təsdiqləmiş oldu ki, soyqırımı ittihamları tarixi həqiqətdən çox, antitürk siyasətindən qaynaqlanır.

«Almaniyanın niyə indi Türkiyəyə qarşı belə bir addım atması anlaşılandır. Türkiyə Avropa Birliyi ilə martda miqrant razılaşması imzalayandan sonra kansler Angela Merkel avtokratik prezident Recep Tayyip Erdoğan-ı razı salmaqdan ötrü Avropa dəyərlərini bada verməkdə ittiham olunur. Bu səbəbdən «soyqırımı qətnaməsi»ni müşahidəçilər Türkiyəyə dirəniş cəhdi kimi qələmə verirlər. Yaxud da, azından ölkədə elə bir görüntü yaratmaq istəyirlər ki, Türkiyənin qabağından qaçmayıblar».

«Sonucda bu qətnamənin Türkiyəni tarixinə yenidən baxmağa inandıracağı, yaxud Türkiyə-Almaniya münasibətlərinə ciddi təsir göstərəcəyi inandırıcı deyil. Türkiyə-Almaniya ticarət münasibətlərinin iqtisadi əhəmiyyəti Türkiyəni məsələyə aşırı reaksiya verməyə qoymayacaq. Tərəflər elə öncə də olduğu kimi, qaçqınlar, söz azadlığı, türklərin Avropaya səyahəti məsələsində viza qaydalarının liberallaşdırılmasını dartışacaqlar. Elə keçmişdə də digər ölkələr oxşar qətnamələr qəbul edəndə, Türkiyə ilkin olaraq qəzəbli reaksiya verib, boykotla hədələyib, səfirini geri çağırıb, sonra da işin başını buraxıb», - müəllif yazır.

Sanksiya.
Sanksiya.

RUSİYAYA SANKSİYALAR NİYƏ SAXLANMALIDIR

İyulda Rusiyaya sanksiyaların müddəti bitincə, Avropa Birliyi yeni müzakirələrə başlayır. «Newsweek» dərgisində Aaron Korewa Birliyin özündə ölkələrin sanksiya məsələsində fərqli mövqeyindən yazır.

Fransa, İtaliya sanksiyaların qaldırılmasına tərəfdardır. Fransa parlamentində uyğun qətnamə də qəbul olunub. Rusiyanın Avropada Almaniyadan sonra ikinci böyük ticarət tərəfdaşı İtaliyadır. Rusiyada 400-dən çox italyan şirkəti işləyir. 2013-2015-ci illərdə İtaliya ixracatçıları sanksiyalar üzündən 4 milyard dollar itirib.

«Ancaq Roma iqtisadi səbəblərdən çox, siyasi mövqedən çıxış edir. Çünki İtaliya ixracatında ən böyük düşüş emal sektorunda baş verib ki, Rusiyanın cavab sanksiyaları bu sahəni əhatələmir».

«Ticarətdə azalma Rusiyada iqtisadi böhran və rublun ucuzlaşmasına bağlıdır. Buna da Qərbin Ukrayna münaqişəsinə görə qoyduğu sanksiyalar deyil, ölkənin neft və qazdan asılılığı səbəb olub», - müəllif yazır.

Amma bu faktlar İtaliyadakı güclü qrupları əngəlləyə bilməyəcək. Baş nazir Matteo Renzi iyunda Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna qatılacaq.

Yazıda qeyd olunur ki, Roma Kremllə güclü bağlarına söykənərək AB qurumları daxilində mərkəzi mövqeyə çıxmağa çalışır. Ancaq bu qısamüddətli planlar xudpəsəndliyi ilə yanaşı, iflasa məhkumdur.

«Rusiya dönə-dönə sübut edib ki, sözünün arxasında heç nə durmur. Kreml 1991-ci ildən bəri imzaladığı saysız müqavilələri, eləcə də Ukraynanın ərazi bütövlüyünə təminat verən Budapeşt Memorandumunu pozub… Renzi düşünürsə ki, bu yay vaxtilə ABŞ prezidenti Nixon-un Çində etdiyi kimi, kəskin dəyişikliyə səbəb olacaq, özünü aldadır. Putin ona problemdən yaxasını qurtardığına görə təşəkkür edəcək və hamıyla davrandığı kimi, təkbaşına buraxacaq».

Məqalədə o da qeyd olunur ki, İtaliya tək deyil, Macarıstan, Kipr, Yunanıstan, Avstriya, Çexiya Respublikası da sanksiyaların qaldırılmasını dəstəkləyir.

«Bəli, Rusiyaya qarşı durmağın xərci var. Ancaq Avropa Moskvayla kommersiya əlaqələrindən asılı deyil. AB-nin ticarətinin yalnız 10 faizi Rusiyaya bağlıdır. Avropa Rusiya qazının idxalından deyil, Rusiya bu ixracdan asılıdır. Putin-in əli aşağıdır, ancaq azriskli oyunçulara qarşı yüksəkriskli oyun oynayır. Rusiyanı qısamüddətli ziyan yox, uzunmüddətli problemlər narahat edir», - müəllif vurğulayır.

Neft
Neft

NEFT LƏNƏTİNİ NECƏ BİTİRMƏLİ

«Son 40 ildə Qərbə ən böyük təhlükələr neft ixrac edən ölkələrdən gəlib. İraqın Küveyti işğalı, Liviyanın terrorçu qruplara dəstəyi, Sovet İttifaqının 1970-80-ci illərdə nüvə arsenalını artırmasının arxasında neft pulları dayanıb. Ən yeni tarixdə isə neft «İslam Dövləti» (İŞİD) qruplaşmasının yüksəlişini, Rusiyanın Krımı işğalını, İranın «Həmas» və «Hizbullah» qruplaşmalarına dəstəyini maliyyələşdirib». Bunu «Foreign Affairs» dərgisində Leif Wenar yazır.

«Neft onu idarə edənlərə sonsuz səlahiyyət verir. Demokratiyalardan kənara çıxanda, neft gəlirləri quyuları zor gücüylə idarə edən rejim və silahlı qruplaşmaların əlinə keçir», - yazan müəllif vurğulayır ki, neft ölkələrinin 50 faizi daha çox avtoritarlaşır. Bu gün neft ölkələri 1980-ci illərdəkindən daha varlı, daha azad, daha dinc yaşamırlar.

Qərb siyasətçiləri qeyri-demokratik ixracatçıların gücünü nəzarətdə saxlamaqdan ötrü onlarla alyans yaradıb. Məsələn, ABŞ İran şahıyla əlaqələr qurmuşdu, İraq prezidenti Saddam Hussein-lə 1980-ci illərdən 1990-cı ilədək əməkdaşlıq etdi, Liviya rəhbəri Muammar al-Qaddafi ilə əməkdaşlıq 2003-2011-ci illərdə davam edib. Bəzən Qərb neft ölkələrinə sanksiyalar qoyub, bəzən də hərbi müdaxiləyə əl atıb.

Müəllif yazır ki, bu strategiyalar məhdud uğurla sonuclanıb, neftin verdiyi limitsiz gücü nəzarətə ala bilməyib. Və bu gün kimin nəzarətində olmasına baxmayaraq, neftin alışı qanunidir. Qərb dövlətləri hər il avtoritar rejimlərə yüz milyardlarla dollar göndərir, xarici ölkələrdəki neft quyuları uğrunda münaqişəni də qızışdırmış olur.

Məqalədə qeyd olunur ki, bu gün dünyada alış-veriş olunan neftin 50 faizi avtoritar, yaxud iflas etmiş ölkələrdən gəlir. Bunu əngəlləməkdən ötrü neft yalnız hökuməti xalqına hesabat verən ölkələrdən alınmalıdır, bunu qanuniləşdirmək lazımdır. Bu yöndə artıq ümidverici işartılar var. Birincisi, şist nefti inqilabı sayəsində Qərbin daha avtoritar rejimlərin neftinə ehtiyacı yoxdur. İkincisi, Qərb hökumətləri ictimai hesabatlılığa dayanaraq belə bir keçidi koordinasiya edə bilər. Brukinqs İnstitutu, Sistematik Sülh Mərkəzi, «Freedom House», Dünya Bankı və digər qurumlar müxtəlif ölkələrdə mülki azadlıqlar və siyasi hüquqların durumunu göstərən indekslər dərc edir.

XS
SM
MD
LG