Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:25

Hökumətin “problemsiz büdcəsi”


►Maliyyə naziri Samir Şərifov builki dövlət büdcəsinin icrasında heç bir çətinlik görmədiyini deyib

Azərbaycan hökuməti 2016-cı ilin dövlət büdcəsinin icrasında heç bir problem görmür.

Maliyyə naziri Samir Şərifov jurnalistlərə belə deyib. Bu fikri dilə gətirən nazir xoş xəbərin - problemsizliyin iqtisadi, yoxsa inzibati səbəblərdən qaynaqlandığını söyləməyib.

Samir Şərif
Samir Şərif

Əsas iqtisadi göstəricilərdə geriləmənin danılmaz olduğu bir vaxtda, məntiqə görə, problemlər ya inzibati, ya da süni yolla çözülüb. Məsələn, hökumət fevralda büdcəyə dəyişiklik edərək gəlirləri 6 faiz azaldıb.

Manatın ard-arda 2 devalvasiyası Dövlət Neft Fondundan (DNF-dən) büdcəyə daha çox vəsait qazandırıb. Necə? Çünki fondun gəliri dollarla, büdcə qarşısında öhdəliyi isə manatladır.

“Devalvasiyanın gətirəcəyi əlavə 5,2 milyard manat olmasa...”

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadiyyat bilicisi Rövşən Ağayev də hökumətin büdcəni süni yollarla icra etdiyini düşünür:

“2013-2014-cü illərlə müqayisədə büdcənin gəlirləri, orta hesabla, 1,5-2 milyard manat ixtisar edilib. Əlavə olaraq, bu il büdcəyə DNF-dən 7 milyard dollar həcmində (10,7 milyard manat) əlavə vəsait köçürüləcək. Manatın 2 devalvasiyadan öncəki məzənnəsi ilə transfertin həcmi 5,5 milyard, indiki məzənnə ilə 10,7 millyard manatdır”.

Ekspert onu da bildirir ki, devalvasiyanın gətirəcəyi əlavə 5,2 milyard manat nəzərə alnmasa, builki büdcənin gəliri təxminən 11,6 milyard manta civarındadır: “Bu, 2013-cü ilin gösəricisindən 8 milyard manat azdır. Belə büdcənin də icrasında problemsizliyi peşəkar fiskal siyasətin nəticəsi saymaq olar?!”.

“Hamı qənaət rejiminə keçib”

Bu arada Mərkəzi Bank 2016-cı ilin 1-ci rübünün tədiyyə balansına dair bilgiləri açıqlayıb.

Cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə - 432,1 milyon dollar məbləğində defisit qeydə alınıb. Ötən ilin ilk rübündə 57,8 milyon, 2014-cü ilin yanvar-mart aylarında isə 3,3 milyard dollar profisit olmuşdu.

R. Ağayevin sözlərinə görə, tədiyyə balansının təhlili hamının - istər ev təsərrüfatlarının, istərsə biznes və hökumət sektorunun qənaət rejiminə keçdiyini göstərir:

“Ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən vəsaitlərin həcmində göstərir. Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib - halbuki 2014-cü ilin eyni döründə bu məbləğ 814 milyon dollar, 2015-ci ildə 626 milyon dollar olmuşdu. Biznes və hökumət sektorunun qənaət rejiminə keçməsi xarici ölkələrin müxtəlif işgüzar xidmətlərinə görə ödənişlərin kəskin azalmasında özünü göstərir. Bu il həmin xidmətlərə 200 milyon dollar xərclənib, amma 2014-də 635 milyon dollar, ötən ilsə 331 milyon dollar xərclənmişdi”.

Ekspert xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pulların da xeyli azaldığına diqqət çəkir: “Bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub. Əvvəlki 2 ildə həmin məbləğ 310-360 milyon dollar civarında olmuşdu”.

Xarici neft şirkətlərinin də gəliri azalıb

Neftin ucuzlaşması xarici neft şirkətlərinin də qazancını kəskin azaldıb. Bircə missal göstərmək yetər: 2016-cı ilin 1-ci rübündə beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi (repatriasiyası) 313 milyon dollar olub. Halbuki 2 il öncə 815 milyon dollar mənfəət əldə edilmişdi.

XS
SM
MD
LG