Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:54

Güntay Gəncalp: Azərbaycan bir ailənin özəl mülkü deyil


Güntay Gəncalp
Güntay Gəncalp

-

Güntay Gəncalp: Azərbaycan bir ailənin özəl mülkü deyil

Finlandiyada yaşayan tanınmış Azərbaycanlı tarixçi, araşdırmaçı-yazar Güntay Gəncalp Oxu Zalına indiki Türkiyə-Azərbaycan münasibətlərini Osmanlı-Səfəvi münasibətlərindən dəyərləndirir. Həmçinin o "Gülən" hərəkatından, Türkiyədə vüsət almış osmanlıçılıqdan və Azərbaycanda önümüzdəki aya təyin olunmuş referendumdan danışır.

- Güntay bəy, son hadisələrdə Türkiyədə Osmanlıçı ideyalar daha da geniş vüsət aldı və bütün bunlar Azərbaycanla Türkiyə arasında yeni bir “Səfəvi-Osmanlı” qarşıdurması yarada bilərmi? Bilirsiniz ki, ələvilərin idarə etdiyi Suriyayla Türkiyənin münasibətlərinin pozulmasında iki dövlət idarəedicilərinin fərqli mənsəbdən olmalarıyla izah edənlər var.

-Səfəvilərin kültür, siyasət və məzhəb varisi Azərbaycan deyil, İrandır. Azərbaycanın Səfəvilərlə nə əlaqəsi var? Azərbaycanın Səfəvi varisi olduğu yalanını sovet zamanında dərin rus dövləti uydurdu. Keçən əsrin əvllərindəki Rəsulzadə, Ə. Ağaoğlu. H. Cavid kimi ziyalıların hamısının əsas intelektual fəaliyyətləri Səfəvi mirasını təqid edərək, onu sırf İran kültür hövzəsi olaraq göstərmək idi. Azərbaycan-Türkiyə münasibətləri heç bir zaman məzhəb üzərindən bərqərar edilməz. Fətullah Gülən təşkilatı bunu sırf məzhəb üzərindən gerçəkləşdirməyə çalışırdı. Ancaq Ərdoğan Misirdə açıqca bəyan etdi ki, sekulyarizm din düşmənliyi deyil. Misir islamçıları o zaman Ərdoğanın bu məsləhətini dinləsəydilər, orada da heç çevriliş olmaya bilərdi. Xalqın içində osmanlıçı qruplar və həvəskarlar ola bilər və bu da təbiidir. Ancaq Türkiyə kimi böyük bir dövlət heç vaxt daxili və xarıcı siyasətində belə qəflətə yol verməz.

- Çevrilişdə əli olduğu deyilən Fətullah Gülən Ərdoğan hökümətinin müsəlman ölkələri olan Suriyada, İraqda, Misirdə dövlət çevrilişlərində maraqlı olduğunu, o dövlətlərin başına öz ideyalarını daşıyan adamlar qoymağa çalışdığını iddia edib. Sizcə şərqdə Sünni-Osmanlı yüksəlişi yenidən baş verə bilərmi?

Türkiyənin yolu tarixin qaranlıqlarına və kitabsız-elmsiz şeyx-feodal dövrlərinə deyil, modern və aydın gələcəyə doğru hərəkət etməsindədir.

- Birincisi bundan Fətullah Gülənə nə? O kimdir ki? O bir molladır, yoxsa siyasətçi? Türkiyəni idarə edən qanuni dövlət və hökümət var. Bu dövlətin əlində müxtəlif informasiyalar var və o informasiyalara görə daxili və xarici siyasət müəyyən edir. Bu siyasətdə yanlışlıq ola bilər və vardır da. Ancaq bu yanlışlığı tənqid etmək istəyirsə, bir partiya qurub fəaliyyət göstərsin və tənqidlərini bir siyasətçi olaraq dilə gətirsin. Necə ki, hökümətin yanlış politikalarını tənqid edən müxalifət də ölkədə mövcuddur. Yoxsa gizlin yollarla dövləti ələ keçirib hərbi çevrilişlə höküməti devirmək ölkədə böyük zərərlərə yol açar. Demokratiya və sekulyar sistemə böyük zərbə olar. Osmanlıçılıq məsələsinə gəlincə Gülən camaatı daha çox osmanlıcıdır. Kimin tərəfindən olursa olsun, osmanlıçlıq Türkiyəyə çox zərər verər. Gərəksiz bir ideologiyadır. Türkiyəni Türk Dünyasından, müsəlman ölkələrində və xristian qonşularından təcrid edər. Çünkü bölgə ölkələrinin heç birində, hətta Türkiyənin özündə də çoxluqda Osmanlıya sempatiya yoxdur. Osmanlı nə etmiş ki, onu təkrar diriltmək istəyirlər? Nə bir elm ocağı, nə bir iqtisadi sistem, nə bir mədəniyyət və kitab miras buraxmışdır. Çöllük bir tarixdir. Osmanlının nəyinin həsrətini çəkirlər? Ayrıca, Osmanlı artıq tarix olmuşdur. Osmanlının son zamanlarında öz aydınları “1789-da Fransada böyük burjua inqilabı gerçəkləşəndə Osmanlı öz qaranlığında boğuldu” deyə yazırdılar. Çünkü bu inqilabın aydınlığı Osmanlının qaranlığını ifşa etdi. Türkiyənin yolu tarixin qaranlıqlarına və kitabsız-elmsiz şeyx-feodal dövrlərinə fərar etmək deyil, modern və aydın gələcəyə doğru hərəkət etməsindədir. Fətullah Gülənin bütün zehniyyəti, həyata baxışı və İslam anlayışı Osmanlı dönəminə aid. Plüralizmə, azad düşüncəyə, qadına, fərqli siyasi görüşə və demokratiyaya haqq tanımayan sünniçi görüşlərin məhsuludur Gülən kimliyi. Modern çağda osmanlıçılıq, ancaq Fətullah Gülən kimi birini yetişdirər. Hər dövrün öz zərurətləri vardır. Türk Dünyasının zərurət anlayışında osmanlıçılıq deyə bir ehtiyac yoxdur.

Buna da bax: "Erdogan yeni Osmanlı İmperiyası xəyalına düşüb"

- Güntay bəy, iyulun 15-də Türkiyədə dövlət çevrilişi oldu. Necə düşünürsünüz bu çevriliş də Osmanlı dövründən bəri gələn ənənəvi saray çevrilişlərinin davamıdırmı?

- Yox, bu çevrilişin o ənənəylə əlaqəsi yoxdur məncə. Bu, siyasi islamçılığın uzun vədədə təşkilatnaraq dövlətin öncə bütün qurumlarına nüfuz etməsi, daha sonra qətl törədərək qeyri-qanuni yolla dövləti ələ keçirməsiydi. Çox şükür ki, bu fitnəni türk milləti əngəlləyə bildi, yoxsa ən qısa müddətdə Allah göstərməsin Türkiyədə də iç savaş başlar və ölkə bölünmə yoluna girərdi. Ona görə də bu hərbi çevrilişi əngəlləyən xalqın mücadiləsi Türkiyənin aqibəti baxımından Qurtuluş Savaşına bənzəmişdir.


- Türkiyədə prezidnetlik sistemi qurulacağı anons edilir, ölüm cəzasının geriyə qaytarılmasından danışılır. Həmçinin azərbaycanda da konstitusiyada prezidentin səlahiyyətlərini daha da artırmağa və istədiyi adama ötürməyə hədəflənmiş dəyişikliklər ediləcək. Sizcə modern dəyərlərdən üz çevirib orta əsr tariximizəmi qayıdırıq?

20-ci əsr Atatürkün dövrüydüsə, 21-ci əsr də Ərdoğanın dövrüdür. Güclü liderlərin ölkəyə xeyiri gözləniləndən daha çox ola bilər.

- Azərbaycanla Türkiyəni müqayisə etmək məncə doğru olmaz. Türkiyənin demokratiya təcrübəsi daha çoxdur. Prezidentlik sisteminə keçmək demokratiyanı yox etmək alamında deyil. İki kərə seçilmə haqqı tanınmalı hər kəsə. Ərdoğan çox güclü liderdir. 20-ci əsr Atatürkün dövrüydüsə, 21-ci əsr də Ərdoğanın dövrüdür. Güclü liderlərin ölkəyə xeyiri gözləniləndən daha çox ola bilər. Məsələn Fətullah Gülən təşkilatlanmasını Ərdoğandan başqa kimsə ortadan qaldıra bilməzdi. Xərçəng xəstəliyi kimi hər tərəfə yayılmışdı. Bunu Ərdoğan kimi cəsur, davasına inanan və xaraktercə güclü olan bir lider ortadan qaldıra bilərdi. Ölkəyə daha çox xidmət etmək üçün belə liderlərin daha çox səlahiyyətlər istəməsi normaldır. Fransa da parlamentar sistem idi. General De Gol başqanlıq sisteminə keçirdi və qısa müddətdə 1960-ci illərdə Fransa iqtisadiyyatında böyük irəliləmə ortaya çıxdı. Mən şəxsən Türkiyədə parlamentar sistemin tərəfdarıyam, lakin prezidentlik sistemini də

Türkiyədə hökümət binasının üzərində Atatürk və Ərdoğanın nəhəng rəsmləri. 2014-cü il.
Türkiyədə hökümət binasının üzərində Atatürk və Ərdoğanın nəhəng rəsmləri. 2014-cü il.

dartışmaqda fayda var. Azərbaycanda belə çıxır ki, bir ailə dünya durduqca iqtidarı əldə tutmağa çalışır. Azərbaycandakı gedişat tamamən mənfi istiqamətdədir. Azərbaycan sadəcə bir ailənin özəl mülkü deyil. Başqaları da prezident olub xalqına xidmət etmək istəyir. Bəlkə başqaları daha böyük iqtisadi, siyasi və sənayeləşmə sıçraması bərqərar edə bilər. Bu fürsət niyə ölkənin əlindən alınmalıdır?

Buna da bax: "Atatürkdən Ərdoğana qədər Türkiyənin yenidən qurulması"

- Son günlər Azərbaycanda və Türkiyədə baş verən hadisələri modernizm və demokratiyanın şərqdə məğlubiyyəti adlandıranlar var. Sizcə Şərq Avropa ideyalarına niyə adaptasiya ola bilmədi?

- Çünkü Şərq heç bir ideya istehsal etmədi. Türkiyəni də Atatürk zorla Osmanlının şeyx-ul islamlıq fətva qurumlarından ayırıb modernləşdirdi. Yoxsa digər Şərq ölkələri kimi modern və demokratik ölkə olması üçün Türkiyənin də tarixindən heç bir gərəkli təcrübə və siyasi fəlsəfə miras qalmamışdı. Avropa 15-ci əsrin sonlarından başlayaraq hər yüz ildə bir düşüncə inqilabı gerçəkləşdirərək xalqın azad və rifah içində yaşaması üçün çalışmış. 16-cı əsrdə renessans, 17-ci əsrdə rasionalizm inqilabı, 18-ci əsrdə intelektualizm inqilabı, 19-cu əsrdə elmi inqilab və 20-ci əsrdə texnoloji inqilab. Şərq bu zehni inqilabların heç birisinə qatılmayaraq öz qaranlığında batıb qalmışdır. Qərb insanı gələcəkdə nə olacağının həyəcanını yaşarkən, Şərq insanı qaranlıq keçmişin nostalgiyası içində duyqulanıb durmaqdadır. Həm də insanlığa yararlı olacaq bir tək nümunəsi olmayan qaranlıq keçmiş. Yaponiya öz qaranlıq və elmsiz keçmişindən qopduğu üçün dünyanın inkişaf etmiş demokratik ölkəsi oldu. Biz də öz keçmişimizdən qopacağımız və irəliyə doğru gedəcəyimiz ölçüdə müvəffəq ola bilərik.

XS
SM
MD
LG