Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:45

Cəlilabadlı Cəfər Rusyetə işləməyə gedir


Rusiyada mühacir işçilər.
Rusiyada mühacir işçilər.

-

"Əvvəllər hər şeylə maraqlanan cəbhəçilər, öz haylarındaydı, çünki, bəh-bəhlə qurduqları hökumət laxlamağa başlamışdı. Ona görə də camaatın nələr çəkdiy veclərinə deyildi."

"Şura hökuməti dağıldı, qaçqınlıq oldu, demokratik respublika yarandı, Qarabağda müharibə, rayonlarda işsizlik, aclıq başladı,amma , guya “sezona” gedən Maqsud qayıtmadı, elə , o gedən oldu..."

Yaşar Bünyad

AZAN GƏMİLƏR LİMANI

Povestdən bir parça

-Həə, -dedi,- dədəni, mamanı gördün, indi danış görüm nə xəbər verəcəydün mənə. Həyətdə, Tükəzin yanında söz açmadunsa, deməli nəsə şuluğ işün var. Düz tapmışam?

Qasım bic-bic gülümsəyib ona yaxınlaşdı, yanında oturdu, əlini qayınatasının baş daşına uzadıb cavab verdi:

-Bu kişinin qəbrinə and olsun, heç bir şuluğ-muluğ işim yoxdu. Qəribə adamsan e, a Cəfər. Yadunnan çıxıb prafessor?

-Nə olub prafessura?-Cəfər təəccübləndi.

-Əşi, heç-zad olmayıb, prafessor sağ-salamatdı. Yadunda döyül, hava, yer dəyişmə məsələsi, demişdi ki, uzağa getsön daha yaxşı olar?

-Hə...

Qolunu Cəfərin çiyninə aşırıb gözlərinin içinə baxdı. Dedi:

-Ay sağ ol!..Tükəz bacı eşitməsün deyə bura gətirdim ki, əvvəlcə sənə deyim, razılaşsan, onu özün başa salarsan sora, üz-göz olmaq istəmirəm ee, birdən alınmadı... Hə...Bax, bir dostum var, adı Teymur, Teymur Mürsəloviç, Maskvada yaşıyır, özü də necə yaşıyır? Biz sürünürüy ee, Cəfər, yaşamuruğ!... Ayə, keçən il Bakıya gəlmişdi, on gün qaldı “İnturist”də, səhər kef, axşam kef, afsyantlar “çayevoy” üçün bir-birin qırırdı valla! Yüz dollar çayevoy verirdi ee!... Hər gün də sütül-sütül qızdar...Hardan tapırdı, sən öl, məətəl qalmışdım... Ayə, elə başa düşmə ki, mən də... Yox, dədəmin gori, özün bilirsən də, mən elə şeylərə baş qoşan döyləm...

Cəfər yarıkönül qulaq asırdı Qasıma. Bir az başından böyük danışmağını da bilirdi, and-aman eləməyinə baxma, elə “sağa-sola” qaçmağını da. Həm də, dünən gecəki “uşaq” məsələsi fikrini elə qarışdırmışdı ki, Qasımın sözləri havadaca ilişib qalırdı, elə bil qulağına çatmırdı. Qasım da bunu hiss eləmişdi ki, onu dümsüklədi.

-Ayə, -deyib ,sual dolu nəzərini ona zillədi, - səbət götünnən gilas tökülmür ee, sənnənəm, fikrün hardadı, həə?

Cəfər "qulağım səndədi” dedi.

-Mənə bax, eşit, dədəmin qəbrinə and olsun, neçə ildi yalvarır mənə, başa düşürsən, gəl deyir, səni süd gölündə üzdürəcəm, pulunu yığıb-yığışdıra bilməyəcəysən, fürsətdi... Bax, özüm ölüm , belə deyir... İndi kimin vəzyəti yaxşıdı ki?! İnammazsan, mənnən olsa, bu saat gedərəm, lap bacuvu da, uşağları da apararam, ancaq Səlmi deyir, acınnan ölsəm də Bakıdan uzağa ayaq basmaram. Əlim-ayağım bağlanıb, sözünnən keçə bilmirəm... Hə, onu deyirdim ha, srağa gün yenə zəng eləmişdi, sən yadıma düşdün, təriflədim səni xeyli, soruşdum, əgər, işdi-şayətdı, birdən də, qaynım gəlsə, onu babat dolandırarsan? Allah yazığ eləməsün, külfət basıb, göz aça bimir...İsafən dedi ki qoy gəlsün... Ayə, gedib həm havoo dəyişərsən (göz vurur), arada, suyuu dəyişərsən, həm də pul qazanarsan daa. Ayə, nə vaxtacan salyarkanın iyində boğulacağsan, bezmədün?

Buna da bax: "Gorun çattasun, a Lelin, bu da axurun"

Cəfər, beş dəqiqə dinmədi. Danışa-danışa ondan əməlli söz eşitmək istəyən yeznəsinin intizarına nəhayət ki, son qoydu:

-Belə kəllə-mayallağ danışırsan ee, ay Qasım. O boyda Maskvada adam qəhətə çıxıb, məyi gözdüyüllər? Başıma girmir ee, valla, girmir...

Qasımı gülmək tutdu, nə tutdu. Lap qəşş edərdi, qəbristanlıqda olduğunu yadına salmasaydı. Güclə özünü ələ alıb dilləndi:

-Adama nə gəlib, doludu, imtaası olar bizimkilər kimi işdiyə bilmir-yarısı içən, qalanı da intiligent... Valla sən fil qulağında yatmısan. Ayə, SSRİ dağılandan on beş respublikanın onu Maskvadadı ee!.. Orda da it yiyəsin tanımır daa. Ona görə inandığınla iş görməlisən, özünə simsarla... Bizdə dava getməyinə baxma, özüm ölüm, fərəsəttilərin doxsan faizi orda alver eləyir böyüklü-uşağlı... A zalım, Maskva olmasa burdakılar acınnan qırılar, valla qırılar!...Çim yağdı oralar...

Cəfər istehzasını gizlədə bilmədi:

-Həə, deyirəm axı, Maxsud niyə dönmür kəndə. Yəqin əmizdirəni babatdı, ya da süd gölündə üzməydən boğulub.Ha-ha-hıııı!..

-Sən lağ elə... Ayə, mən zarafat eləmirəm.

-Elə mən də. Gülü dayının oğludu Maxsud, tanımamış olmazsan, sovetin dovrünnən ordadı. Tümendə, ya Ufada, dəqiq bilən yoxdu. Evlənənnən altı ay sora yox oldu, bəyənmədi buraları guya “sezona” gedib. Anası dərddən qubarradı öldü, arvadı doğub , dədə evində atalı yetim saxlayır, o, hələ də qayıtmıyıb. Yazıq dədəsidəki, bütün günü heyvan-qarayla “danışır”-havalanıb kişi. Qaynatası Həsənqulu and içib ki, Maxsud qayıtsun, başını moltanı qibləsinə kəsməsəm, heç kişi dööləm!..Sən də mənə nağıl danışırsan! Bəsdi görüm, gedəy bozbaşımızı yeyib, allahımıza şükr eliyəy...

Cəfər bunu deyib yeznəsinin qolundan yapışıb durdu ki, kəndə tərəf üz tutsunlar, Qasım özündən çıxdı:

-Ayə, nə nağıl, nə bozbaş?.. Bakıdan basa-basa bozbaş yeməyə gəlmişəm? Sənə söz danışıram, qızıl xırdalayıram, sən də...Ehh!...

-İncimə, yeznə, zamana xarabdı ee...Yetimə “gəl-gəl” deyən çox olar, əppəy verən qəhətə çıxar. Təzə höküməddə çox yuxardan gedirdi... Bir də...mən düz-əməlli rusca da danışa bilmirəm... İki il əsgərriyi stroybatda oldum, özbəy, taciy, türkmən dilindən başqa dil eşitmədim. Ayə, valla gülmə, elə bil afiserrər də bizi başa düşürdü, rusca danışmırdılar...Yaxşı, gedəy, bəlkə indi Tükəz bütün kəndi ələy-fələy eləyib...

Düzdü, Qasım da ayağa qalxdı, “gedəy” deyib gülümsədi, qolunu Cəfərin boynuna dolayıb qəbristanlıqdan çıxdılar.

Hələ səhər o başdan kəndə girəndə hiss eləmişdi ki, nəsə çatışmır bu kənddə. Ancaq çatışmayan nəydi, tapa bilmirdi. İndi ki, qəbristanlıqdan aşıb kəndin içinə girəndə boş küçəni, səssiz evləri görəndə, dözə bilmədi.Soruşdu:

-Ay Cəfər, bayaqdan soruşmaq istəyirəm, kəndin camaatı gözə dəymir?Səhər azan səsinnən buyana ins-cins dəymib gözümə..

-Bilmirsən?..Qasım, yeznə, sən demirdün, öz əlün, öz başun? Ayə, indi hərə öz başına çarə qılır da!.. Əsgər yaşı çatanı yığıb aparıblar, bir-ikisi rusyətdə, qız-gəlin mer-meyvənin pula getməyənin doğrayıb sapa düzür, yaşlılar da rayon bazarında alver eliyir. Qaş qaralanda yorğun-arğın gələcəylər, baş atıb yatacaqlar özdəriyçün. İşıq da yoxdu ki, seriyallara baxsunnar... Belə... Hə, eşitdiyün azanı da , maqnitafon oxuyur... Məsimi tanıyurdun da, əməy məllimi.., oğlu baş götürüb gedib, arvadı ölüb, qalıb bayquş kimi, indi kəndin mollasıdı, guya. Getdi Kərbəlaya, oldu kəblə Məsim, gələndə də bir kaset alıb gətirib, gündə üç kərə oxudur. Kim də bilməsə, mən bilirəm ki, kiminçin oxudur.

-Kiminçün?-Qasımı maraq götürdü.

-Ayə, dəvəquşu başın qumda gizdiyən təhər, Məsim də başın köhnə meçiddə girriyir, elə bilir hoqqasından bixəbərüy... Əvvəllər gizlin-oğrun görüşürdülər, Tellinin əri oğraş ölənnən açıq-aşkardı cüttəşmələri...Oxutduğu azan olara qənim olsun, o azan da siqnaldı, yəni oyanmışam, gəl...Yoxsa bu kənddə sovetin dövrünnən məçit-filan qanan nə gəzir?!..Cammatın başı qarışığdıye, yoxsa pazdamışdılar çoxdan binamısı...

Qasımın ürəyi ağrıdı. O , kəndi heç vaxt belə boz, belə solğun görməmişdi. Samovar tüstülənən həyətlər, adamı bihuş edən təndir çörəyinin ətri, qulaq batıran şirin uşaq səsləriylə dolu haylı-küylü kənd evləri elə bil qeybə çəkilmiş, günəş isindirən yaz dumanı kimi əriyib yoxa çıxmışdı...Cəfərin evindən başqa...

Yeznəsinin pərişan halını görüb dedi:

-Bayaq, cənnətdi deyirdin, noldu?

Qasım deməyə söz tapmadı...

Doqqaza çatar-çatmaz, Tükəzin səsini aydın eşitdilər, çünki, günün bu vədəsində ancaq Cəfərin həyətində qələbəlik olurdu.

-Ay qız, bir də get gəz, gör hardadılar. Bıy, başıma xeyir, iki kişi günün günortasında əppəy olub yoxa çıxdılar bəgəm? Get...

-Gəldüy, a Tükəz bacı, gəldüy. -Qasım həyətə girhəgirdə hay verdi.

Qasımın balaca qızlara gətirdiyi “Barbi” kuklalarının qol-qıçları, ipək paltarları, bədənsiz başları həyətin hər küncünə səpələnmişdi. Yəqinki yeganə salamat qalan yumşaq ayının toppuş qollarını qoparmaq istəyən qızlar,onları görən kimi əllərindəkini yerə tullayıb üstlərinə cumdular. Tükəz , qazanı odun üstündən götürə-götürə həm uşaqların, həm də kişilərin qarasına deyinirdi:

-Gör nə hala saldılar...Belə də uşaq olar?...Süz də, gedəndə, bir deməzdər hara gedürüy? Bu uşaqlardan da betərsüz, valla !...De yuyunun, oturun, uşaqlar da öldü acınnan...Hardasuz?

-Qəbir üstə...-Cəfər sakit cavab verdi.

Day Tükəz də bir söz demədi...

Qəbirstanlıqdakı söhbətə qayıtmadılar. Qasım bilirdi ki, götür-qoy eləmək üçün Cəfərə vaxt lazımdı. Necə olmasa, qaynı, əsgərliyi saymasaq, ömründə Bakıdan uzağa getməmişdi, özü də uzun müddətə... Çörək yedilər, samovar çayından içib durdular ki, Qasımı yola salsınlar. O, Tükəzlə, qızlarla görüşüb –öpüşdü. Cəfər də maşına mindi ki, kəndin çıxacağına qədər onu ötürsün.

Buna da bax: "General" adlı itin xatirələri"

Maşın tərpəndi, Tükəz onun arxasınca su atdı, “yaxşı yol" , dedi, qızlar tinəcən maşının dalınca qaçışdılar.

Qasım, kəndin çıxacağındakı yol ayrıcına çatanda maşını əylədi.

-Yenə bax da, -dedi Cəfərə. -Havaxt qərara gəldüz, Tükəz bacı razılıq verdi, zəng elə, dalısıyla işin yoxdu. Peşman olmassan. Bir də, burda, qalıb neyniyəcəysən?

-Valla, heç baş açmıram. Deyirsən, yaxşı olar yəni? Dost dediyün, aferis-maferis olar, gedib qalaram rüsyətin çöllərində...

-Ay Cəfər, arada mən varam, çaşma...Özüm ölüm, sənün başunnan bir tük əskilə, onun dədəsin dalına səritdirərəm!..Məni tanımırsan hələ, haralara əlim çatar... Bir də, tonnan çörəy kəsmişəm onnan. Arxayınca fikirləş, zəng edərsən...Darıxma...

-Birdən, olmadı belə, oldu...

Qasım hiss edirdi ki, Cəfərin könlündən getmək keçir, amma, elə bil özünə arxayın deyil. Ona görə də keçdi zarafata.

-Ayə, zalım oğlu, nolacaq ki?! Bıy, bəd ayağda, biriylə tanış olarsan, girərsən evinə. Kişi döyülsən? Ruslar qonaqpərvərdi, ürəyləri genişdi. Sən də ki, maşallah, tfu,tfu, tfuuu, boy, buxun... bığlaruvı qırxson, üst-başunnan salyarka iyi gəlməsə, Alen Delona oxşuyursan, bəd ayağda, Müslüm Maqamayevə... Minnətləri olsun! Hi-hi-hiiii!...Özüm ölüm!

-Dolamısan məni?.. Heç zarafatın yeridi? Arvadbazlığa getməyim qalıb bircə... Mən ciddi deyirəm...

-Ayə, ürəyüvə salma, sözdü də dedim...Deyib-gülməy də lazımdı, lap yeri gələndə, bazdığ da... Ha-ha-haaa!...

-Day get, qalson, zibilin çıxardacağsan.., sənə yaxşı yol!.. Bacıma salam çatdır...

- Tezliylə cavab ver ki, o kişiyə də xəbər verim. Di salamat qalun.

Maşın tozanaq qaldırıb şəhərə, Cəfər tərəddüd içində evə üz tutdu. Qasımın hansı xəbərlə gəldiyindən bixəbər Tükəz isə , içini yeyə-yeyə doqqazın ağzında oturub onu gözləyirdi.

3.

Ucundan-qulağında eşitdirsə də, Moskva adı çəkmədi. Dedi ki, guya, Qasımın bir dostu var, yaxşı, pullu iş təklif edir, amma o, razılıq vermir. Tükəz də , əvvəlcə barmaqarası baxdı təklifə; ərinin kənddən uzaq düşməsini arzulamasa da, qarnındakı körpəsini, günü-gündən böyüyən qızlarını , Cəfərin çarəsiz durumunu fikirləşəndə, başladı götür-qoy eləməyə. Bilirdi ki, bu məsələnin həlli onun hə deməyindən asılıdı . Ürəyində, ancaq ürəyində haqq-hesab eləyirdi. Ürəyilə danışır, özünü yorur, nə deyəcəyini bilmirdi.

Beləcə bir həftə də keçdi. Qora bişən ayın ortalarıydı. Müharibə başlayandan kəndə, nəinki kəndə, heç rayona da işıq, qaz verilmirdi. Camaat ləmpə işığına, əldəqayırma kürə sobasına elə öyrəşmişdi, sanki ömründə nə qaz, nə işıq görmüşdülər. Düzdü, Cəlilabad bazarı dəbə düşəndən sonra İrandan gətirilən qaz-balonları bəzi adamların karına çatırdısa da, onu , baha qiymətə almaq, qazı qurtarandan sonra doldurmaq da problem idi, çünki qazdoldurma stansiyası yox idi.

Yiyəsizlikdən istifadə edən işbazlar qaz turbalarını kəsib satmışdılar, elə bil lənətə gəlmiş müharibə heç vaxt bitməyəcək və nə qaza, nə işığa ehtiyacı olacaq millətin. Əvvəllər hər şeylə maraqlanan cəbhəçilər, öz haylarındaydı, çünki, bəh-bəhlə qurduqları hökumət laxlamağa başlamışdı. Ona görə də camaatın nələr çəkdiy veclərinə deyildi, Pirverdi demiş, həmişəlik gəldiklərinə ümüd bəsləyərək, hər şeyi sabaha, sonraya saxlayırdılar. Bəlkə də veclərinəydi, bu, gözə görsənmirdi. Ağacı içindən yeyən qurd kimi, yeni hökumət özünə gəlməmiş içindən ovxalanır, çürüyüb gedirdi..

Rayon yerində, yanacağın qıt vaxtı odun, qızıl qiymətinəydi. Şamaxıdan, İsmayıllıdan, Qəbələdən, Şəkidən maşın-maşın doğranmış odun, taxta-talaş gətirib satan möhtəkirlərin bazarı yamanca qızışmışdı. Təlabatı görən Cəfər, tanış meşəbəyi ilə şərik olub beş-altı dəfə odun alveri eləmiş, yaxşı da qazanmışdılar. Sən demə, odun monapoliyasına “şərik” olmağın baş ağrıları da varmış. Alverçilər bir yana dursun, o vaxtki “iş”ə prokuror qarışdı, bu cəsarətlərinə görə qazandığlarını əllərindən almasalar da, meşəbəyini işdən qovdular, Cəfərə də hədə-qorxu gəldilər ki, bazarda görüksə, vay halına!.. O- bu, Cəfərin bu imkandan da əli üzüldü. Cəfər üçün sınaq olan ilk alver ürəyini açmadı, fikirləşdi ki, öz rayonunda əli-qolu bağlıdırsa, bəs Maskvada necə al-ver edəcək? “Yox əşi, alver mənlik deyil...”

***

Neçə gecəydi Tükəzin böyrünə qısılıb qalırdı. Hamilə olduğundan, həm də qızlar, dəmir çarpayının cırıltısından duyuq düşməsin deyə saatlarla, bəzən səhərin alatoranına qədər beləcə uzanır, toxunmurdu Tükəzə. Bu gecə də elə.Bəlkə yenə, quzu balası kimi arvadına qısılıb birtəhər yuxuya gedəcəkdi ki, Tükəz pıçıldadı:

-Cəfərr, aay Cəfər...

-Hıı...

-Bir şey fikirrəşdün, Cəfər?

-Nədi ki?

-Heçç...Deyirəm...deyirəm, qızdar da iriləşir, xəbərün var? Papağuvi fırrat, görəcəysən doqqazuva elçilər kəsib...Bəlkə...

Hamiləlik söhbətindən sonra , qəfil, bu elçilik məsələsi də, güclə özünə gələn Cəfərin olmayan yuxusunu yoxa çıxartdı.

-Gecənin bu vaxtı, nə elçi? Kimdi elçi gələn?! Başun xarab olub, Tükəz? Sözün var söz danış, qızdarın böyüməyin də görürəm, kor deyiləm...

Tükəzdən çıxmayan iş, halı dəyişmədi, əksinə, onun boynunu qucaqladı, saçlarını tumarladı, hansı ki, bunu həmişə Cəfər edərdi; yaxınlıq istəyəndə söz deməzdi, əlini qoynuna salmağı, tellərini oxşaması bəs idi ki Tükəz ram olsun, sevgidən ərisin. Axı heç vaxt Tükəz öz hisslərini biruzə verməz, günlərlə ona əl vurmasaydı, dözərdi, ərinə istəyini bildirməzdi, indi noldu belə? Elə bil Cəfər də indicə hirslənən Cəfər deyildi, gözləri işıqlandı, qırışı açıldı, bir az da Tükəzə yaxınlaşdı.

-Xeyir ola, ay arvad? -deyə pıçıldadı. -Yooxsaa ?...

-Ay Cəfər,yoox,-deyib güclə özündən aralaya bildi,- qurban olum, məni düz başa düşmədün ee... Yaxşı -yaxşı..,soora.. İndi deməyim oduki...deməyim oduki, bəlkə Qasım deyənnən razılaşasan?

Əliylə özündən aralayanda kefi pozulacaqdı, amma “soora” deməyinə görə hirsini cilovladı.

-Deyirsən yəni gedim... gedim Rusyətə?

-Bıy, Rusyətə niyə, a başuva dönüm?

-Qasım deyən iş ordadı da, Maskvada, ona görə.

Tükəz dinmədi.Daha doğrusu bilmədi nə desin. Onsuz da Cəfər burda əlini hara atırdı boşa çıxırdı, belə getsə, vəziyətləri daha da ağırlaşacaq, ona görə halını pozmadı:

-Noolsun ki?-dedi.- Olsun , Maskıva. Həmşəliy getmirsənki... Millətin yarısı orda döyül? Qızdarı fikirləş, maşalla, Gülnar iriləşib mənə çatıb, elə Elnarə də... Qurbanolduğum bir oğul da verər, sööndürər bizi inşalla!.. Pulsuz-parasız yaman günə qalmağımızı istəyirsən? Bu gün-saba qapımızı döysələr, rüsvay olarığ, addarına heç zad alıb atmamışam cehizdiy... Pul, elə bunnan sora lazımdı...

“Dəlidən doğru xəbər”. Neçə vaxtdı Maskvanın adın dilinə gətirmirdi ki Tükəz havalanar, qoymaz evdən bayıra çıxmağa, indi isə, ondan çıxmayan iş, elə danışır, guyaMaskva qonşu kəndin yerindəymiş . Cəfərin çiçəyi çırtladı deyəsən. İndicə durub Qasıma zəng eləmək istədi. O, heç vaxt ağlına gətirməzdi ki, Tükəz belə tez razılaşa .Tükəz aa! Bir yandan da həmişə geninə-boluna yeyib-içən, geyinib –keçinən külfətinin qıtlıqla dolanmasına dözə bilməyən Tükəzi yaxşı başa düşürdü.

-Orda olmağına ordadı ee, ammaa, -tərəddüdlə dillənib yerində qurcalandı,-birdən-ikiyə oralara getməmişəm, görəsən çətin olmazki? İnan, Tükəz, Qasım söhbəti salannan dərd alıb məni. Dillərin də əməlli qanmıram , bildiyimi də unutmuşam .

-Əşşi, söz tapdun da! Zəki dayımın kürəkəni öz dilimizi düz-əməlli danışa bilmirdi, kəkələyirdi hinduşka kimi, nooldu, odeey, Dalnıvastoxda arağ bağlıyır, spirt satır paraxodnan... Elə Maxsudu götür, noolsun gəlmir, ilim-ilim itib, bir də, nə var ee burda, az da olsa pul-para göndərirki? Hansınnan acizsən?

Bu sözlərin Tükəzin ağzından çıxdığına məətəl qalmış Cəfər qımıldanmırdı. Elə bil iki il əvvəl Zəki dayısının kürəkəni Talıb barədə dastan danışan, onun qarasına deyinənTükəz deyildi. (Nədənsə, söhbət gəlib pulun, var-dövlətin üstünə çatanda, qadınlar, edilən günahları, haqsızlıqları, əclaflıqları unudurlar. İki il əvvələcən Talıb- itoğluydu, oğraşıydı, vələdüznaydı, əclafıydı..., çünki, pul qazanmağa getmişdi, əli gətirməmişdi, ailəsi rayonda, ata evində əziyyətlə dolanırdı, üzlərinə deməsələr də dallarıyca olmazın sözlər deyilirdi... Talıbın rus qızıyla yaşamasını eşidəndə lap betər olmuşdu, Zəki kişi dalınca adam saldırmışdı ki, o it oğlu iti tapıb gətirsin, arvad-uşağına yiyə dursun. Arvadı, elə bibisi qızı Tükəz də Talıbı quru yuyub, yaş sərirdilər. Noldu, iki il əvvəl, elə həmən rus qızının qohumları Talıbı araq biznesinə qoşandan sonra ki, onun pulunu balta kəsmədi, arvad –uşağını apardı Murmanskya, Talıb oldu sevimli kürəkən, əziz ər, müdrik ağsaqqal, hörmətli dayıoğlu, bibioğlu, nə bilim nə...Deyilənə görə, günülər də “can” deyib, “can” eşidirlər, doğma bacı kimi!) “Hə, pul kopolu şeymiş!”-düşündü, bunu isə bərkdən dedi:

-Adam tapmadun?! Gör kimi misal çəkir...Yaxşı, saba zəng eləyib deyərəm... Gəl, yaxın gəl, darıxmışam ee...

***

Azandan qabaq kəndin beş-on xoruzundan neçəsi banlayırdı, ayırmaq olmurdu, çünki, bəhsə girirmişlər kimi elliyi bir ağızdan banlayar, bir vaxtda da səslərini kəsərdilər.

Xoruz banından oyaq olmağa vərdiş eləmiş Tükəz isə, hər səhər qulağında cingildəyən bu “xor”un, günü-gündən zəiflədiyini əməlli-başlı hiss etmişdi. Deməli, dünən kimsə xoruzunu bazara çəkib və deməli, xoruzlar pula çevrilircə, kiminsə külfətinin qarnı bir neçə gün tox olacaq; bir xoruzla qazan asıb iri külfəti doyuzdurmaq müşkil məsələydi, amma şəhərlilər kənd xoruzunu yaxşı qiymətə alırdılar, kəndçi də o pulla “aptovka”dan iki-üç zənbil ərzaq ala bilirdi, çünki optovkada ucuzluq idi.

“Haçansa bu xoruzdar bannamayacağ... Əşi, xoruz yox idi, səhər açılmırdı? Təki ölüm-itim olmasun! Gələn azar-bezar toyuqlara düşsün!” -Tükəz öz-özünə mızıldadı, həyətə düşüb hini açdı, toyuqlara dən atdı, sonra yuyundu, samovarı suyla doldurdu, taxta-talaşdan yandırıb ocağına atdı, alışmasını gözləyib üstünə kömür əlavə elədi. Beş dəqiqə keçmədi ki, samovar tutuşdu...

Mal-qara saxlamadıqlarından uşaqlar gec dururdu. Elə Cəfəri də oyatmadı. Fikirləşdi ki, indiki Cəfəri razı sala bilib, samovar qaynara düşənəcən getsin Həsənqulu kişigilə, Nazlıyla söhbət eləsin, ağzın arasın, görsün doğrudan oralarda vəziyyət babatdı, Maxsud doğrudan pul göndərir, yoxsa camaata yanmışlıq verirlər, göndərirsə, nə qədər göndərir? Necə olmasa, Nazlıyla bir yerdə oxuyublar, ona yalan deməz. Düzdü, Həsənqulu kişi ağızdan ləvərədi, danışanda qurşaqdan aşağı danışandı, amma anası Pəri xala pis arvad deyil. Sübh tezdən getməyinin səbəbi də oydu ki, evdə tuta bilsin, yoxsa, oyanan-oyanan, həyət-bacasındakı merindən-meyvəsindən, toyuğundan-çolpasından yığıb rayon bazarına gedəcəkdi.

Kitayski fanarı götürməsəydi zülmətə bürünmüş kənd küçəsində çaşıb qalardı.

Təzəcə tini burulub Nazlıgilə üz tutmuşdu ki, azan səsi qulağına doldu. Beşcə addım getmişdi, gördü ki, kimsə, oğrun-oğrun, qoz ağaclarının iri budaqları altında güclə sezilən taxta qapını açıb kəblə Məsimin həyətinə girdi. Yanpörtü nəzər saldı; tanıdı- zənni onu aldatmamışdı. "Buuy, bu Telli döyül? Səhərin gözü açılmamış burda nə gəzir bu?"

Bəlkə də fanarı qapıyasarı tuşlayıb baxardı, beynini çox yorardı, çox gümanlar edərdi, əgər , “hoşa,hoşa!” deyə -deyə , eşşək arabasıyla alma satmağa gedən Qulu kişini görməsəydi. Tükəzi sübh tezdən görməyə alışmamış Qulu kişi sabahun xeyir, qızım, deyib, təəccübünü gizlətsə də, Tükəzə elə gəldi ki, kişi ona yox, indicə, səhərin bu alatoranında Məsimin həyətinə girən adama sarı baxır.

-Sabahun xeyir, Qulu dayı. Allah bazar versün -ağızucu dedi.

Qulu kişi başını yelləyib ötüb keçsə də, hələ də nəzərini Məsimin doqqazından çəkmədən, bir az da hirslə, hikkəylə “hoşşşa daaa! “ deyib eşşəyi soncuqladı, yazıq eşşək də, sanki “gedirəm” deyibmiş kimi yüngülcə “i-aaaa...i-aaaa” elədi.Tükəz uğunub gedərdi, başındakı yaylığının ucunu ağzını qapayıb dişləməsəydi...

Çoxdan idi kənd içinə bugünki kimi bivaxt çıxmırdı deyə ona elə gəldi ki, burda həyat, elə sübh azanı başlayandan ta bitənə kimi davam edirmiş, çünki bir saatdan sonra, yəqin ki, qoca vaxtında eşqi kəlləsinə vuran Məsimlə Tellidən, Cəfərin külfətindən savayı kənddə ins-cins qalmayacaqdı; boğazı üzülərək şəhərlilərin qazanında qaynayacaq xoruzların kəsilən səsi kimi...

Nazlıgilin kol basmış hasarına çathaçatda Həsənqulu kişinin zil səsini eşidib toxdadı. Xasiyyətinə bələd idi, səhər tezdən latayır eştmək istəmirdi, həm də onun çıxıb getməsini gözləməliydi. İri zənbilləri qapıya tərəf gətirib qoyan Həsəqulu kişi kiminsə qarasına deyinirdi. “Keçə də əlimə?! Gün haqqı, başın moltanı qibləsinə üzəcəm!.. İtin belinnən gələn kopoyoğlu!... Qız verəndə bilmirdün ki, o itin belinnən gələn oğraşdan arvad saxlıyan olmaz?! Ay sənün göbəyüvi kəsib qara basanın goruna zırrıyım! (Bunu arvadına deyirdi)... Atası nə kişiydi, onnan töriyən nə olacaq? Kişiyə qıçının arasınnan sallanan şoğəribə görə kişi demillər ee, kişi gərəy kişinin belinnən gələ! Kişinin!.. Onnan itdə də var, eşşəydə də... Day, itnən onda nə tafotu oldu?!” Beləcə , Həsənqulu kişi hirsini-hikkəsini tökərdi arvadının üstünə ki, o vaxt sən məni yoldan çıxarmasaydın, o qancığın balağından düşənə, nəinki qızımı, heç qotur basmış itimi də verməzdim!

Onu tanımayan adama elə gələrdi ki, bu kişi gecə-gündüz danışır, yuxusun da da deyinir, özünü, başqalarını da bezdirməkdən həzz alır.Əslində, Həsənqulunu dindirən, neçə ildi, qoltuğunda uşağı, ər evindən qaytardığı qızının dərdiydi. Dərdi dərd, yükü yük! Əsas da, altı ayın gəlinini qarnı burnunda qoyub Rusyətə qaçan kürəkənindən yanıqlıydı. Şura hökuməti dağıldı, qaçqınlıq oldu, demokratik respublika yarandı, Qarabağda müharibə, rayonlarda işsizlik, aclıq başladı,amma , guya “sezona” gedən Maqsud qayıtmadı, elə , o gedən oldu...

Alçaq daş hasarı basmış sıx böyürtkən kollarının arasından həyətə baxan Tükəzə elə gəldi ki, deyinə-deyinə həyəti “ölçən” Həsənqulu kişi, onun “yağlı” sözlərinə öyrəncəli olmuş Pəri xala heç gedənə oxşamır. Xeyli gözlədi. Kişi elə

Rusiyada yaşayan azərbaycanlı yazar Yaşar Bünyad.
Rusiyada yaşayan azərbaycanlı yazar Yaşar Bünyad.

hey, deyinirdi. Səbri tükəndi. Fikirləşdi ki, yəqin samovar da qaynayıb daşır, indilər Cəfər də oyanar, onu evdə, həyətdə tapmaz, allah bilir nə fikirləşər. Bir də ki, bu neçə ildə Həsənqulu kişi sakitləşməyib, hər səhər, axşam eyni sözləri təkrarlamaqdan bezmibsə, deməli , Nazlının bulaq başındakı hap-gopu da qızdara-gəlinlərə acıq vermək üçünmüş. Taleyilə barışsa da , özünü sındırmaq istəmirmiş Nazlı. Bir də, axı, pul-zad göndərsəydi, arvad-uşağını saysaydı, ağsaqqal kişi durduğu yerdə niyə od tutub yansın ki?! Evdən çıxdığına peşiman oldu və iti addımlarla geri döndü...

XS
SM
MD
LG