Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:23

'Pokemon'un autizm, Asperger sindromundan əziyyət çəkən uşaqlara faydası varmış


Pokemon tutan
Pokemon tutan

Yaşı 12-ni haqlayan Ian Thayer anasından pokemon yaxalamaq üçün dışarı çıxmağı xahiş edəndə, anası - Stephanie Barnhill təəccüblənərək, heyrətə gəlib. Ancaq o, 145 pokemon yaxalamaqda elə də əziyyət çəkməyib.

Ian Thayer Asperger sindromundan əziyyət çəkir (Asperger sindromunun adı avstriyalı uşaq həkimi Hans Asperger-dən qaynaqlanır. O, 1944-cü ildə müalicəyə gələn, bədən diliylə ünsiyyət qurmaq bacarıqları olmayan, yaşıdlarıyla empatiya qura bilməyən (özünü onun yerinə qoya bilməyən) və fiziki baxımdan əngəlli uşaqlara belə diaqnoz qoyub –red.). Başqa sözlə, onu cəmiyyətlə bütünləşməyə və dışarı çıxmağa həvəsləndirmək çətindir. Barnhill oğlunu alışdığı rahat çardaqdan qoparıb apararkən, tez-tez çətinlik çəkirdi. Oğlu pokemon tutmaq təklifini də əvvəlcə rədd etmişdi.

Ancaq Barnhill deyir ki, oğlu pokemon tutmağa başlayandan bəri özü də tez-tez dışarı çıxmağı təklif edir və başqa uşaqlarla ünsiyyətə girir: «O, indi əvvəllər onu maraqlandırmayan yerlərə diqqət göstərir, haralarasa getmək istəyir. Əvvəllər uşaqlarla oynamağa da maraq göstərmirdi, ancaq bu oyun onu küçəyə çıxmağa həvəsləndirib, Pokemon yaxalayan digər uşaqlarla ünsiyyətə girməyə vadar edir, tutduqlarını bir-birinə göstərib danışırlar».

OYUN SOSİALLAŞMA TƏLƏB EDİR

Yaponiyanın «Nintendo» şirkətinin «Pokemon Go» oyunu bütün dünyaya səs-küy salıb. Həm virtual, həm də real dünyanı ehtiva edən bu əlavədə pokemonları axtarıb tutmaq lazımdır. Pokemonlar xəyali varlıqlardır, «fövqəltəbii qabiliyyətləri» var. Oyunun populyarlığının sirri onun virtual və real dünyaları birləşdirməsi, başqa oyunçularla yarışmaq imkanı və hərəkətlilikdir. Bu oyun digər video oyunlarından adamlarla daha çox interaktiv ünsiyyət qurmağa meylləndirməsiylə də fərqlənir.

Əlavənin köməyi ilə tutulan pokemonları sonradan başqa oyunçularla döyüşdə yararlanmaq, onları dəyiş-düyüş etmək də olar. Oyun real dünyanın smartfon kamerası vasitəsilə əldə olunan şəkillərinin üzərinə virtual obyektlər yerləşdirir. İstifadəçi əlavədəki virtual xəritə üzrə real marşrutla hərəkət edir. Xəritə pokemonların harada gizləndiyini göstərir.

Buna da bax - Pokemon Go Facebook-u da ötüb

Pokemon Go Facebook-u da ötüb
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

«OĞLUM ARTIQ TANIMADIĞI UŞAQLARLA OYNAYA BİLİR»

Lenore Koppelman 6 yaşlı, autizm və hiperleksiya sindromundan əziyyət çəkən Ralphie-nin anasıdır («Hiperleksiya sindromu» deyərkən, adətən, autik pozuntu nəzərdə tutulur –red.).Ralphie çətin danışır. Anası oğlunun digər uşaqlarla qaynayıb-qarışması üçün «Pokemon Go»dan yararlanır: «Onlar «Pokemon Go» oynayırdılar. Bəzi şeylər birləşdirir onları – diqqətlərini pokemon tutmağa cəmləşdirirlər, ünsiyyətə girirlər. Nəticədə, oğlum tanımadığı uşaqların arasında özünü tapır, onlarla oynayıb-əylənməyə başlayır. Əvvəllər belə vərdişləri yox idi».

Uşaqlarla bağlı araşdırma mərkəzində klinika rəhbəri James McPartland deyir ki, oyunun faydası barədə hər hansı tədqiqat aparılmasa da, struktur və mahiyyətcə autizm və Asperger sindromundan əziyyət çəkən uşaqlara yararı danılmazdır. Onun sözlərinə görə, autizmli uşaqlar konkret, fakta söykənən şeyləri xoşlayır, bu əşyaları yaxşı öyrənmək qabiliyyətləri var, yadda saxlamağı bacarır, ancaq maraq dairələrini paylaşa bilmirlər».

«OYUNUN ƏKS TƏSİRİ DƏ OLA BİLƏR»

Nyu-Yorkda çalışan sosial psixoloq doktor Peter Faustino-ya görə, ümumi maraqlar autizm və ya Asperger sindromundan əziyyət çəkən uşaqlarda kəskin dəyişiklik doğura bilər. O deyir ki, bu sindromlu uşaqlar digərləriylə paylaşıla və bölüşülə biləcək ortaq maraqlar tapmalıdırlar. Doktor çox vaxt valideynlərə belə sindromlu uşaqları idmana, musiqiyə yönəltməyi məsləhət görür. Mütəxəssisin fikrincə, «Pokemon Go»nun özəllikləri iştirakçıdan sosiallaşma istədiyindən, həmin sindromlu uşaqların ünsiyyət qurmaq çətinliyinin aradan qaldırılmasında yardımçı ola bilər.

Ancaq mütəxəssislər valideynlərə ehtiyatı əldən buraxmamağı da tövsiyə edirlər. Onların fikrincə, müsbət effektləri ilə yanaşı, sözügedən oyunun autizm spektrində fəsadları da ola bilər: «Məsələ burasındadır ki, pokemon oynamaq uşağa dünyanı öyrənməyə mane ola bilər. Onu yalnız bu oyun maraqlandırırsa, o zaman bu pisdir və uşağın təklənməsinə gətirib çıxara bilər», - tədqiqat mərkəzinin digər əməkdaşı Fred Volkmar belə deyir.

James McPartland-sa düşünür ki, qəti söz deməkdən ötrü monitorinqə ehtiyac var: «Valideynlərin rəyləri toplanmalıdır ki, bu oyunla tanışlıqdan sonra uşaqda hansı dəyişikliyin baş verdiyi üzə çıxsın».

Ralphie-nin anasının fikrincə, bu oyunla tanışlıqdan sonra oğlunda müsbət dəyişikliklər görüb: «O, xoşbəxt görünür, çox gülür, özünəinam yaranıb. Pokeman yaxalarkən, «Yes» deyə səslənir və adamlara göndərəndə «mən bunu elədim» deyir. Atası da, mən də onunla fəxr edirik. Bu nəticə bircə həftənin içində əldə edilib».

XS
SM
MD
LG