Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:25

Gədəbəydə 'kartof sürüşməsi'


İllüstrasiya
İllüstrasiya

►Fermerlərin kompensasiya tələbi

İcra hakimiyyəti deyir, təsərrüfatı sığortalanmayan fermerlərə kompensasiya ödənilmir

“60 ton kartof əkmişəm, sürüşmə nəticəsində məhsul götürə bilməmişəm. Bunun zərərini kim ödəyəcək?”

Gədəbəyin Hacılar kəndinin sakini Əfqan Əliyevə məxsus əkin sahəsi bu ilin iyununda baş vermiş sürüşmə nəticəsində zərərə düşüb.

Bu kənd Ermənistanla sərhədin 1 kilometrliyində yerləşir. Onsuz da sosial problemlər içərisində üzən kəndə bir tərəfdən də iki aydan çoxdur ki, torpaq sürüşməsi qənim kəsilib. Kənd yollarını iflic hala salmış təbii hadisə kəndlilərin əkin sahələrinə, yaşayış evlərinə də zərər vurub.

Buna da bax: Subsidiyalar fermerlərin kartına köçürüləcək, amma hələ yox...

“ƏLİMİZ ALLAHDADIR”

Kənddə sürüşmədən zərər çəkən təkcə Əfqan Əliyev deyil. Daha bir təsərrüfat sahibi Əkrəm Quliyev də oxşar durumdadır:

“Düzdür, hələ kələmlər sürüşməyib (gülür), ancaq xəbərdarlıq olunub ki, sürüşmə ehtimalı çoxdur. Bu dəqiqə Hacılarda ciddi torpaq sürüşməsi gözlənilir. Ailəlikcə əlimiz Allahın ətəyindədir ki, kreditlə ərsəyə gətirdiyimiz, əkib becərdiyimiz sahələrə zərər dəyməsin. Qonşunun kartofları zay olub, çox pis olmuşuq. Yazıq, borc-xərclə alıb torpağa əkmişdi”.

Hacılarda əkinçiliklə məşğul olanlar onsuz da əziyyət içindədilər. Əkin, suvarma, məhsulun yığım məqamları yetişəndə, buğdaçı Əkrəm dayı demişkən, əsəbləri tarıma çəkilir. Bir tərəfdən də təbiətin üz çevirməsi – torpaq sürüşməsi...

Buna da bax: Prezidentin göstərişi, 2159-cu il və kakao qoxusu...

“DAŞ-KƏSƏK ALTINDA QALA BİLƏRİK”

Kənd sakini Əzizə Məsimovanın evində sürüşmədən çatlar əmələ gəlib. Əzizə xanım “Qaynar xətt”ə yazıb ki, sürüşmə güclənsə, evin tamamilə uçmaq təhlükəsi var:

“Əlaqədar təşkilatlardan kömək istəyirəm. Kiçik bir sürüşmə, yaxud silkələnmə iki azyaşlı nəvəm və əlil həyat yoldaşımla birlikdə daş-kəsək altında qalmağımıza səbəb ola bilər”.

Gədəbəy rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, kənddə iyundan başlanan torpaq sürüşməsi ilə bağlı uyğun təşkilatlar məlumatlandırılıb.

Sürüşmənin əngəllənməsindən ötrü tədbirlər görülür. Zərər dəymiş əkin sahələri ilə bağlı kompensasiya tələbinə gəlincə, bunun üçün kəndlilər kənd təsərrüfatı nazirliyinə müraciət etməlidilər. Qanunvericiliyə gəlincə, sığortalanmamış təsərrüfata görə kompensasiya ödənilmir.

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

5 HEKTARDAN ÇOX ƏRAZİ YARARSIZ DURUMDA

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev “Trend”ə Hacılardakı sürüşmə ilə bağlı açıqlama verib. Bildirib ki, iyundan başlanan torpaq sürüşməsi nəticəsində kəndin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi kəsilib.

5 hektardan çox biçənək və kartof sahəsi yararsız vəziyyətə düşüb. Sürüşmə kəndin ərazisində 10 yerdə baş verib. Çaykənarı deyilən ərazidəki bəzi evlərdə çatlar əmələ gəlib. Yeganə avtomobil yolunun 200 metrdən çox hissəsi çöküb. Əhalinin gediş-gəlişində problemlər yaranıb. Nəinki avtomobil, hətta piyada yolu ilə də hərəkət etmək mümkün deyil. Çökmənin eni 30, dərinliyi 5, uzunluğu 50 metrdir.

Son vaxtlar ölkənin müxtəlif bölgələrində, Şamaxı, İsmayıllı, Masallı, Lənkəran rayonlarında və Ağsu aşırımında sürüşmə baş verib. Torpaq sürüşmələri intensiv yağışlar və meşələrin qırılması ilə izah olunur.

XS
SM
MD
LG