Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:43

«Bizi döyə-döyə polisə apardılar»


Ziya Abbasov
Ziya Abbasov

«Elşən yerə yıxılmışdı, rəisin köməkçisi kimi təqdim etdikləri Elnur adlı həmin şəxs ona yaxınlaşıb dedi ki, «bu dəqiqə ayağa qalxmasan, başına sidik ifraz edəcəyəm»».

Bərdə sakinləri Ziya Abbasov və qonşusu Elşən Əzimov Bərdə polisinin əməkdaşları tərəfindən döyülərək şərləndiklərini deyirlər.

«QIŞQIRTIMA QONŞUM GƏLDİ»

Ziya Abbasov AzadlıqRadiosuna sentyabrın 11-də gecə saat 12-də şəxsi avtomobili ilə taksi xidməti göstərərkən qonşusuyla birlikdə başına gələn «macəra»dan danışır: «Taksiyə daha çox gecələr ehtiyac olur deyə, mən də gecələr işləyirəm. Müştərini Bərdə məhkəməsinin binası qarşısında düşürdüm, verdiyi pulun qalığını qaytardım, elə maşını yerindən tərpətmək istəyirdim ki, yanımda «VAZ-2106» markalı bir maşın dayandı. Qabaq oturacaqda mülki geyimdə olan şəxs məndən maşının sənədlərinin olub-olmadığını soruşdu. Mən də onlardan kim olduqlarını soruşdum. Arxada oturanlar bildirdilər ki, «bu adam təzə gələn rəis İlqar Məmmədovun köməkçisi Elnur müəllimdir». Sənəd göstərmələrini xahiş etdim. Bildirdim ki, mülki geyimdədir, mən nə bilim ki, bu adam həqiqətən də polis işçisidir? Bu sözüm Elnur adlı şəxsin xoşuna gəlmədi, dedi, «bu saat sənə kim olduğumu göstərəcəyəm». Maşından düşüb məni də öz maşınımdan düşürdülər, arxada oturanlar əl-qolumu tutdular, Elnur da silləylə, təpiklə vurmağa başladı. Qışqırtıma yaxınlıqdan keçən qonşum Elşən gəldi. Tələb etdi ki, məndən əl çəksinlər, yoxsa onlardan şikayət edəcək. Onu da mənə qatıb döyə-döyə şöbəyə apardılar».

«DEDİ, AYAĞA QALXMASAN...»

Ziya Abbasovun sözlərinə görə, yalnız şöbəyə gətiriləndən sonra onların həqiqətən də polis işçisi olduqlarına inanıblar. 50-yə yaxın yaşı olan Elşən Əzimovun ürəyində problem olduğundan zərbələrdən yıxılıb: «Dedim ki, «bu, ürəyi xəstə adamdır. Məni vurun, ona dəyməyin, ölsə, kim cavab verəcək?». Elnur müəllim gəlib Elşənin başının üstündə dayandı, «dedi, ya bu dəqiqə qalx ayağa, ya da başına sidik ifraz edəcəyəm». Elşən təhqir olunmamaq üçün birtəhər qalxdı».

Buna da bax-'Əlil yoldaşımı polis şöbəsində döyüblər'

Deyir, həmin gecəni səbəb göstərilmədən şöbədə saxlanılıblar. Səhəri gün məhkəməyə aparılıblar: «Yolda söylədilər ki, «məhkəmədə deyərsiniz, polisə tabe olmamısınız. Belə desəniz, canınızı cəriməylə qurtaracaqsınız. Deməsəniz, daha ağır ittihamla içəri gedəcəksiniz». Biz də məcbur qalıb dediklərini təkrarladıq, hakim hər birimizi 50 manat cərimələyib zaldan buraxdı».

«MAŞINI ƏZİK-ƏZİK EDİBLƏR»

Məhkəmə zalından çıxan kimi maşınının polis şöbəsində olduğunu öyrənən Ziya Abbasov əvvəlcə ora yollanıb. Maşını orda tapmayıb və ona cərimə meydançasına aparıldığını deyiblər. Deyir, cərimə meydançasında maşınını tanımayıb: «Maşını əzik-əzik ediblər, pultunu sındırıblar, indiyə qədər də qapısı açıq qalır. İçərisindəki şəxsi əşyalarımdan tutmuş, uşaqlarıma aldığım meyvələrə qədər götürüblər. Müştərilərdən alıb maşının saxlanc yerinə atdığım pulları da götürüblər. Maşını elə vəziyyətə salıblar ki...».

Buna da bax-Azərbaycandakı işgəncə metodları: 'Slonik', falaqqa..

Ziya Abbasov və Elşən Əzimov həkim müayinəsindən çıxaraq bədənlərindəki xəsarətləri qeydə aldırıblar. Hər ikisi baş prokurora və daxili işlər nazirinə şikayət məktubu yazıblar.

«FİZİKİ TƏZYİQ OLMAYIB»

Bərdə rayon Polis Şöbəsi isə deyilənləri təkzib edib: «Polisin qanuni tələbinə tabe olmadıqlarından məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun qaydada cərimələniblər. Polis tərəfindən xəbərdarlıq olunublar».

Şöbədən bildirilib ki, polisdən şikayətçi düşən Bərdə sakinlərinin heç birinə fiziki təzyiq olmayıb.

Ziya Abbasovsa deyir, Bərdəyə yeni rəis təyin olunandan sonra döyülən nə birinci, nə də axırıncı vətəndaşlardır. Hətta gecə şöbədə saxlanılarkən, orada onlardan başqa 7-8 nəfər də olubmuş.

XS
SM
MD
LG