Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:07

Xarici ölkələrdəki "Gülən məktəbləri" nin taleyi


Fethullah Gulen
Fethullah Gulen

Türkiyə hakimiyyəti 16 iyul uğursuz hərbi çeviriliş cəhdindən sonra Fətullah Gülənlə bağlı olan bütün təhsil müəssisələrini bağlayıb.

Amma bununla kifayyətlənməyən rəsmi Ankara xarici ölkələrdən də “Gülən məktəbləri” nin bağlanmasını tələb edir.

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

ABŞ-da mühacir həyatı yaşayan ruhani F.Gülən çevrilişlə bağlılığını, terrorçuluq ittihamlarını inkar edir.

Bu olaydan sonra Azərbaycanda Fətulah Gülənlə bağlı olduğu iddia edilən “Qafqaz” Universiteti dövlətin nəzarətinə keçdi və məktəbə yeni rəhbərlik təyin edildi.

Pakistanda isə bu yaxınlarda 23 türkiyəli müəllim işdən kənarlaşdırılıb.

Ölkənin təhsil naziri Muhammed Balighur Rahman bildirib ki, əgər Türkiyə hakimiyyəti onlara şübhəylə yanaşırsa, Pakistan onların bu ölkədə fəaliyyətinə yol verə bilməz.

Amma bu minlərlə şagird və valideyinin narazılığına səbəb olub və bu cür məktəblərdə oxuyan çoxlarının taleyi qeyri-müəyyən qalıb.

“11 ildir ki, burda oxuyurdum. Bu mənim həyatımın ən yaxşı anları idi, biz bu məktəbi sevirik”, İslamabaddakı 6 saylı keçmiş “Pak-Turk” məktəbinin tələbəsi Musukan deyir.

Həmçinin Somali hökuməti bu ölkədə Gülənlə bağlı olan 3 məktəbin hamısını bağlayıb, türkiyəli müəllimləri isə ölkələrinə göndərib.

İndi bu məktəblərdə yerli müəllimlər dərs verir, bu təhsil müəssisələrini isə Türkiyə səfirliyi maliyyələşdirir.

Amma bu məsələdə Türkiyə hakimiyyətinə qarşı gedən ölkələr də var.

Məsələn, İndoneziyanın təhsil naziri bu olaydan sonra Gülənlə bağlı olan “Kharishma Bangsa” məktəbinə baş çəkib, məktəbdən razı qalıb və bildirib ki, terror iddiası doğru deyil.

Bu ölkədə də bu məsələ şagird və valideyinlərin narazılığı ilə qarşılanıb.

“Əgər Türkiyənin doğrudan da problemləri varsa, bizə bağlamasınlar. Biz bura yalnız oxumaq və arzularımızı davam etdirmək üçün gəlmişik”, bu ölkədəki 6 saylı məktəbin şagirdi Salva deyir.

Çilla adlı şagird də bunun düzgün olmadığını deyir.

Paytaxt Cakarta ətrafında yerləşən bu orta məktəb elit təhsil müəssisəsi sayılır.

Türkdilli ölkə olan Qırğızıstan prezidenti Almazbek Atambayev də “Gülən məktəblərində” keyfiyyətli dərs verildiyini və ölkənin bu məktəblərə ehtiyacı olduğunu deyib.

Yazıçı Chyngyz Aitmatov türk litseyində.
Yazıçı Chyngyz Aitmatov türk litseyində.

Qeyd edək ki, xarici ölkələrdəki “Gülən məktəbləri” müxtəlif adlar altında fəaliyyət göstərir.

Məsələn Qırğızıstanda bu məktəblər “Sebat”, Keniyada isə “İşıq akademiyası” adlanır.

Bu məktəblərin əksəriyəti Türkiyə və yerli müəssisələrin ortaqlığı əsasında yaradılıb.

Amma Qırğızıstan və İndoneziya kimi bir çox ölkələrdə türkiyəli ortaqlar artıq birbaşa iştirak eləmirlər.

Onlar Fətullah Gülənə pərəstiş etdiklərini, amma onunla bağlılıqlarının olmadıqlarını deyirlər.

Qırğızıstandakı 21 saylı “Sebat” məktəbinin rəhbəri Nurlan Kudaberdiev deyir ki, onlar Fətullah Gülənlə formal şəkildə bağlıdırlar, çünki bu məktəblər onun ideyasıdır. Amma artıq bu məktəbləri maliyyələşdirmir və bu məktəblərə birbaşa təsiri yoxdur.

Keniya və Nigeriya hökumətləri də Qırğızıstan kimi, Türkiyə hakimiyyətilə razı deyilər.

Amma məsələn, Qırğızıstanın qonşusu Özbəkistan “Gülən məktəbləri” ni hələ Türkiyədəki çeviriliş cəhdindən çox-çox əvvəl -2000-ci ildə bağlayıb.

Həmçinin Rusiya rəhbərliyi ölkədəki 50 belə məktəbdən cəmi 7-ni saxlayıb ki, onlar da Tatarstan təhsil nazirliyinin ciddi tabeçiliyi altındadır.

Qeyd edək ki, bu ölkələrdən başqa, Almaniya, Niderland, İraq, Kamboca,Tailand, Tanzaniya, Əfqanıstan və Tacikistanda da “Gülən məktəbləri” var.

Türkiyə bu məktəblərin gizli Fətullah Gülən şəbəkəsinin tərkib hissəsi olduğunu və onların bağlanmasını təkid edir.

XS
SM
MD
LG