Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:26

Batan bankla və bankirlə borc da batır?


Zaminbankın ofisi icarəyə verilir
Zaminbankın ofisi icarəyə verilir

Son ildə bir neçə bank iflas olduğunu açıqlayıb. Bank batırsa, müştərinin borcu və ya əmanəti də onunla bərabər batır, yoxsa həmin borc və ya əmanət son qəpiyinədək ödənməlidir? Üstəlik, nə vaxt, necə və kimə ödənməlidir? Bu və bənzər sualları bank məsələləri mütəxəssisi Əkrəm Həsənov cavablayır.

– Banklar iflas edəndə müştərinin banka borcu da batır, yoxsa onu banka hansısa formada qaytarmalıdır?

– Yox, bunun bankların verdiyi kreditlərə dəxli yoxdur. Sadəcə, banka ləğvedici təyin olunur. Həmin bank ləğv edilənədək kredit söhbəti də həllini tapmalıdır. Ya kredit banka qaytarılır, ya da bank krediti başqa banka satır, vəssalam. İkinci halda, vətəndaş artıq başqa banka borclu olur.

Buna da bax:​ Əhalinin 40 milyon manatını kim ödəyəcək?

– Deməli, bu halda borc başqa banka ödəniləcək?

Əkrəm Həsənov
Əkrəm Həsənov

– Bankın ləğv edilməsi bir neçə il çəkə bilər. Bank ləğv edilərkən, onun bütün əmlakı satılır, bura daşınmaz əmlak da (torpaq, binalar) daxildir, daşınar əmlak da (avtomobil, mebel). O cümlədən bankın verdiyi kreditlər də onun əmlakıdır. Yəni bank bu krediti başqa banka sata bilər. Bu halda vətəndaş üçün orda heç bir müqavilə şərti dəyişmir. Sadəcə, vətəndaş onu yeni banka ödəməlidir. Təbii ki, bu halda bank müştərinin kreditini dəyərindən aşağı satır. Tutalım, 5 min manat kredit veribsə, onu artıq 4 min 500 manata satır.

– Yəni vətəndaş ziyana düşmür?

– İnzibatçılıq baxımından vətəndaşların vəziyyəti bir az asanlaşır, çünki vətəndaşdan borcu tələb etmək, onu məhkəməyə vermək çətinləşir. Artıq məsələ yeni adamların nəzarətinə keçir, onların da problemdən xəbəri yoxdur. Bəzi hallarda banklar iddia müddətini buraxırlar və s. Yəni sırf texniki cəhətdən vətəndaşların vəziyyəti bir az asanlaşır.

– Deməli, vətəndaşın banklara borcu batan bankla bərabər batmır və mütləq qaytarılmalıdır?

– Batmır. Amma müəyyən mənada yüngüllük yaranır, borclu vətəndaşa krediti qaytara bilmədiyi üçün zəng edənlərin sayı azalır. Bir məqamı da deyim. Vətəndaş borcunu ödəmirsə, bank üç il ərzində məhkəmədə iddia qaldıra bilər. Bunun üçün bankın üç il vaxtı var. Bu üç ildə iddia qaldırmadısa, demək, borc batdı. Belə hallarda risk artır. “Bank Standard”ın elə müştərisi var ki, 2 il yarımdır borcunu ödəmir. Bank da məhkəməyə verməyib. Belə məqamda bank borcunu yenisinə satacaq, ya ləğv edəcək? Bunu götür-qoy edincə, bir də gördün vaxt gəldi keçdi, üç il bitdi.

Buna da bax:​ «Kredit qurbanları»nın icra başçısı ilə görüşü nəticə vermədi

– Daha sonra bank öz borcunu tələb edə bilməz?

– Yox. Zamindənsə bir il müddətində borcu qaytarmasını tələb edə bilər. Bu yerdə insan faktoru işə düşür. Bankın daimi işçiləri bilir nə var, nə yox. Təzə işçi gəlib baş çıxara bilmir. Borclular bundan, adətən, öz xeyirlərinə istifadə edə bilirlər.

– Bəs bankın müştəriyə borcu varsa, məsələ necə həll olunur? O pul sığortalanmayıbsa batırmı?

– Bank hesabında olan əmanət və ya hər hansı vəsaiti Əmanətlərin Sığortalanması Fondu sığortalayıbsa, həmin pulu Fond qaytarmalıdır. Vətəndaşa qaytarmalıdır, sahibkara, şirkətə yox. Fond vətəndaşın borcunu qaytarır, sonra da bankın qalan əmlakı hesabına bu vəsait Fonda ödənir.

– Necə?

– Bankın daşınar-daşınmaz əmlakı satılır. Ləğvedici də həmin əmlakın pulu ilə Fondun pulunu qaytarır. “Bank Standard”ın, deyilənə görə, 520 milyon manat əmanət var. Onun yalnız 460 milyonunu Əmanətlərin Sığortalanması Fondu sığortalayıb, ancaq bankın təkcə vətəndaşa borcu yoxdur, başqa borcları da var. Orda müəyyən şirkətlərin bank hesabları var, bankın başqa banklara borcu var və s. və i.a. Ola bilsin, bankın 700-800 milyonluq borcu var. Amma Fond, ilk növbədə, 460 milyonu əmanətçilərə qaytarmalıdır. Orda başqa borc sahibləri də var, axı. Bunun üçün də bankın əmlakı və kreditləri satılmalıdır. Qabaqcadan məlumdur ki, o satılan əmlak banklın bütün borcunu bağlamayacaq. Çünki həmin əmlak bütün borcu bağlaya bilsəydi, bank niyə müflis olurdu?

Buna da bax:​ «Dövlət borcların çoxunu silməyə məcbur olacaq»

– Deməli, kimlərsə itirəcək?

– Bəli. Tutalım, bankın əmlakı satıldı, bu da 500 milyon manat etdi. Bunun da 460 milyon manatı Fonda veriləcək. Çünki Fond əmanətçilərin pulunu ödəyib. Həmin vəsaitdən qalır 40 milyon. Fonddan sonra bankın ləğvedicisi gəlir. Axı ləğvedici işləyir, orda əməkhaqqı, dəftərxana, məhkəmə, nəqliyyat xərcləri var və s. Ləğvetmə prosesi bir neçə il davam edə bilər. O 40 milyonun lap 5 milyonu verildi ləğvediciyə. Qaldı 35 milyon manat. Üçüncü yerdə dövlətin borcu gəlir. Axı, bankın dövlətə də borcu var. Vergi borcu, məsələn. Lap bir milyon da getdi dövlətə, 34 milyon qaldı. Bankın işçiləri olub, onların maaşları, məzuniyyət pulu ödənməlidir. Bir milyon da buna gedəndə, qalır 33 milyon. Bax bu yerdə qalan pul bankın borclu olduğu qurumların - şirkətlərin, borclu olduğu başqa bankların arasında bölünməlidir. Bu bir neçə yüz milyon manatdır. 33 milyon manat bunların arasında necə bölünəcək? Yəni hamının pulu tam qayıtmayacaq. Özü də bu o halda baş verər ki, bank 500 milyon manatı toplaya bilsin. Məncə, heç 460 milyon manatı da toplaya bilməyəcək.

– Bu halda da nəsə etmək mümkün deyil?

– Bir yol var. Avropada bunu rahatca etmək olar. Bax, mən banka pul qoymuşam, heç sığortalamamışam və ya şirkət kimi banka etibar etmişəm, hesablarım var, milyonlarım var. Bu bankı idarə edən İdarə Heyəti, Məsləhət Şurası, sahibləri var. Onlara da Mərkəzi Bank nəzarət edib. Bankın sahibini, Mərkəzi Bankı məhkəməyə verə bilərəm ki, burdakı vəsait kimə, hansı şərtlə verilib, niyə ağılla idarə edilməyib? Yəni bankın işdə kobud səhvlərə yol verdiyini sübut etməliyəm bu halda. Bu halda cəzalandırma ola bilər.

– Yəni batan banka verəcəyin olsun, amma alacağın olmasın?

– Hə, əlbəttə.

XS
SM
MD
LG