Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:09

Qazaxıstanda oyuncaqlar 'senzura'dan keçəcək


Foto: arxiv
Foto: arxiv

Qazaxıstan “Oyuncaqların təhlükəsizliyi” AvroAzEs texniki normasını tətbiq etmək, oyuncaqları psixoloji-pedaqoji ekspertizadan keçirmək istəyir. Əgər bu norma qəbul olunsa, Avro-Asiya Birliyinə üzv ölkələrdə bütün oyuncaqlar satışa yalnız “psixoloji-pedaqoji təhlükəsizlik kriteriyaları əsasında” buraxılacaq.

Bu, oyuncaq istehsalçıları və satıcıları üçün nə deməkdir?. Currenttime.tv bu suala cavab axtarıb.

Bu o deməkdir ki, “uşaqları aqressiv davranışa təhrik edən, oyunun personajlarına qəddar münasibət göstərməyə çağıran” oyuncaqların satışı qadağan ediləcək.

“Ehtiyatla seçim edirik”

Qadağa altına bu oyuncaqlar düşə bilər:

“Qeyri-əxlaqi dəyərlərə və zorakılığa bağlı” təxribatçı oyun süjetləri;

“seksual problemlərə qeyri-sağlam” çağırış edənlər;

“irqi xüsusiyyəti və əlilliyi olan adamlara mənfi və ya saymaz münasibət” aşılayanlar.

Balaca Yamin hər gün sevimli gəlinciyini yuyundurur. Bu ondan ötrü, sadəcə, oyuncaq deyil, xəyalındakı qızıdır. Anası Alma deyir ki, ailədə oyuncaq seçəndə ehtiyatlı olurlar, ona görə də onların sayı çox deyil.

“Oyuncaq mağazasına gedəndə ehtiyatla seçim edirik. Oyuncaqların çoxu qorxulu görünür, hətta mən belə qorxuram, o da qala uşaq ola”, – Alma Ayaqanova deyir.

“Daha cizgi filmi qəhrəmanları məşhur deyil”

“Antoşka” oyuncaq mağazasından deyirlər ki, müasir valideynlər oyuncaq seçimində çox məsuliyyətli davranırlar. Əksəriyyət zəkanı inkişaf etdirən oyuncaqlara, konstruktorlara, plastilinə üstünlük verir. Mağazadan deyirlər ki, məşhur cizgi film qəhrəmanları artıq ən çox satılanlar reytinqində öndə deyil.

“Monster High”ın qəhrəmanları, bu cizgi filmi məşhur olanda oyuncaqlarını tez-tez və həvəslə alırdılar”, “Antoşka”nın satış şöbəsinin müdiri Diana Apayeva deyir. Əlavə edir ki, artıq bu oyuncaqlar dəbdə deyil və nadir halda alınır.

Bəs bu “qorxulu” oyuncaqlar valideynlərin xoşuna gəlirmi?

Qazaxıstanda oyuncalar
Qazaxıstanda oyuncalar

Diana Apayeva deyir ki, bəzi valideynlər oyuncağa çox həssas yanaşır, ancaq bəziləri də hesab edirlər ki, oyuncaq əsas uşağın xoşuna gəlsin.

Əgər bu norma qəbul edilsə, onda bir çox populyar cizgi filmi qəhrəmanlarının oyuncaqları mağaza rəfindən yığışdırılacaq.

“Uşaqda qeyri-sağlam maraq oyadır”

“Bəzi oyuncaqların zahiri cinsi orqanı var, bu isə uşaqda qeyri-sağlam maraq oyadır”, - oyuncaqların psixoloji-pedaqoji ekspertizasını aparan Nurkan Sadvakasov deyir: “Ya da elə oyuncaq var ki, şir və ya timsah oyuncaq uşağın əlindən tutanda guya qan gəlir”.

Nurkan Sadvakasovun sözlərinə görə, Qazaxıstanda oyuncaqların ekspertizası hələ 2008-ci ildə aparılıb.

“Biz eksperiment apardıq: oyuncaqlar aldıq və üç regionun komissiyasına payladıq. Onlar oyuncaqları yoxladıqdan sonra bizə öz rəylərini verdilər. Biz də bu rəy əsasında bu təklifi irəli sürmüşük”.

Noyabrın 30-na qədər oyuncaqların təhlükəsizliyi ilə bağlı texniki reqlamentə düzəliş ictimai müzakirəyə veriləcək. Əgər qəbul edilsə, Rusiya, Qazaxıstan, Belorus, Tacikistan, Özbəkistan öz qanunvericiliyində dəyişiklik edəcək.

Satıcılar narahat deyillər

Foto: arxiv
Foto: arxiv

​Oyuncaq mağazaları qazax məmurlarının təşəbbüsündən xəbərdardılar, ancaq narahat deyillər. Diana Apayeva deyir ki, XXİ əsrdə hər ay yeni cizgi filmləri, yeni qəhrəmanlar, yeni oyuncaqlar çıxır.

Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, yeni ekspertiza oyuncaqların maya dəyərini qaldıra bilər. Onlar həm də ekspertizanı aparan komissiyanın subyektiv yanaşmasından narahatdılar.

Balacalar isə bu prosesdən xəbərsiz bir gün piştaxtadan yığışdırıla biləcək gəlinciklərlə, heyvanlarla, bədheybət oyuncaqlarla oynayırlar.

XS
SM
MD
LG