Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:16

Vahe Avetian: 'Özümüz öz problemlərimizi həll edə bilərik'


Qarabağ konfransı
Qarabağ konfransı

Noyabrın 8-i Bakıda «Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış» adlı beynəlxalq konfrans keçirilir.

Xəbərə görə, konfrans Milli QHT Forumu və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə yerli QHT rəhbərləri, erməni publisist, yazıçı Vahe Avetian və təqiblərə məruz qaldığını səbəb göstərərək ailəsi ilə birgə Ermənistandan qaçan Vahan Martirosian da iştirak edir.

APA-nın xəbərinə görə, konfransda Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir.

Daha sonra beynəlxalq konfrans çərçivəsində «Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə əlverişli zəmin kimi» mövzusunda panel başlayıb.

Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: «Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək».

Vahe Avetian çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: «Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm. Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsi qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilərlər. Mənim burada uzun illərdir ki, dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim sonuncu səfərim olmayacaq».

Moderator R.Hüseynov Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb: «25 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər».

Bununla da birinci panel başa çatıb.

V.Avetian artıq konfransa qədər Bakıda Xocalı abidəsini ziyarət edib. İsveçdə yaşayan siyasi mühacir bu il oktyabrın 10-da da Kiyevdən Bakıya səfər etmişdi. Ancaq Bakı aeroportundan geri qaytarmışdı.

Bu şəxs 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsinə görə erməni xalqı adından Azərbaycandan üzr istəyib.

V.Martirosian isə 2015-ci ilin oktyabrında ailəsi ilə Bakıya gəlmişdi. 2016-cı ilin aprelində üçüncü ölkəyə yola salınıb.

Qeyd edək ki, həm V.Avetyana, həm də V.Martirosyana Ermənistanda münasibət əsasən mənfidir. Ermənistan mediası onların heç də təqdim edildikləri kimi tanınmış ictimai xadim olmadıqlarını iddia edir. Ermənistanda iddialar var ki, bu iki şəxs münasibətlərinin pozulduğu Ermənistan hökumətiindən Bakıya səfərləri, azərbaycanlılarla görüşləri vasitəsilə "qisas alırlar". Amma V.Martirosyan və V.Avetyan bu iddiaları rədd edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupda həmsədr ölkələrdir.

XS
SM
MD
LG