Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Qızıl-brilyant ticarətçisi: 'Eldar Mahmudov üçün də brilyant gətirmişəm'


Eldar Mahmudov
Eldar Mahmudov

MTN-nin Energetika və Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Akif Çovdarov və tabeliyində işləmiş daha üç nəfərin məhkəməsində qızıl-brilyant ticarətçisi Şahmar Qurbanovun dindirməsi noyabrın 23-də davam etdirilib.

Dindirmə ötən iclasda başlamışdı. İttihama görə, Şahmar Qurbanov A.Çovdarova 500 min dollar nağd pul, 380 min dollarlıq qızıl-brilyant zinət əşyaları verib. Zərərçəkmiş qismində tanınmış Qurbanov istintaqa bu barədə dediklərini məhkəmədə də təsdiqləyib.

Buna da bax:​ '2 milyon nazirə, milyonyarım da müavinə verdim'

A. Çovdarov və tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovdan, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət tərkib baxır. Amma mühakimə prosesi Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Prosesə, öncəki iclaslarda olduğu kimi, bu dəfə də media nümayəndələri buraxılmayıb. Bu səbəbdən, məhkəmə zalında olub-bitənlər haqda vəkillər, zərərçəkənlər bilgi verir.

Vəkillərin dediyinə görə, Akif Çovdarov yenə məhkəməyə həkim nəzarətində gətirilib. Prosesin gedişində onun səhhəti pisləşib, general nəfəs almaqda çətinlik çəkdiyini deyib. Onun durumuna görə məhkəmədə fasilə verilib.

Buna da bax: 'Çovdarov yalnız ailəsinin göndərdiyi dərmanları atır...'

QIZILI QANUNSUZ YOLLA GƏTİRDİYİNİ BOYNUNA ALIB

Bugünkü məhkəmə iclasında Akif Çovdarovun vəkili Şahin Rəfiyev MTN generalının barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Digər bir vəsatəti isə Çovdarovun saxlanıldığı təcridxanada vəkilləri ilə görüşünə şərait yaradılmaması ilə bağlı olub.

Hakimlər kollegiyası vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib.

Vəkil AzadlıqRadiosu-na deyib ki, bu gün zərərçəkmiş Şahmar Qurbanov dindirilərkən suallarının əksəriyyətinə "xatırlamıram" və "mənə aidiyyəti yoxdur" cavablarını verib. Ona görə də dindirmə zamanı zərərçəkmişlə Çovdarovun vəkilləri arasında gərginlik yaşanıb.

Buna da bax:​ Akif Çovdarovun işi - Zərərçəkmiş şəxs həbsxanada öldü

Zərərçəkmişin vəkillərin suallarına aqressiv reaksiya verdiyini deyən Ş.Rəfiyevin sözlərinə görə, Şahmar Qurbanov ölkəyə qanunsuz yolla qızıl gətirdiyini etiraf edib: "Şahmar Qurbanov Akif Çovdarova 500 min dollar və brilyant verdiyini deyir. Pulun məbləğini və brilyantın miqdarını xatırlasa da, nə zaman və harada verməsini xatırlamadığını söyləyir".

“BİR AY ƏVVƏL YEDİYİN YADINDAN ÇIXIR”

Zərərçəkmiş Şahmar Qurbanov da fasilədə AzadlıqRadiosu-na açıqlama verib. Deyir ki, prosesdə Akif Çovdarovun vəkilləri ona iş üzrə aidiyyəti olmayan suallar verirdi.

O, Akif Çovdarova nağd şəkildə 500 min dollar verdiyini bir daha təsdiqləyib. MTN əməkdaşları tərəfindən saxlanıldıqdan sonra tanışlarından borc alıb bu məbləği topladığını deyən Şahmar Qurbanov əlavə olaraq, Çovdarov və sabiq nazir Eldar Mahmudov üçün brilyant gətirdiyini də qeyd edib: «Doqquz ədəd 1 karatlıq, bir ədəd isə 3 karatlıq brilyantı Çovdarovun özünə vermişəm. Eldar Mahmudov üçün isə 2 ədəd 4 karatlıq, 1 ədəd isə 5 karatlıq brilyant gətirmişəm. Çovdarov dedi ki, "Eldar Mahmudova çatacaq"».

Buna da bax:​ General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır

Zərərçəkmiş pulu və brilyantı harada və nə vaxt verməsini xatırlamamasını isə hadisənin üstündən illər keçməsilə əsaslandırıb: "Adamın bir ay əvvəl yediyi yadından çıxır. Neçə il keçib bu işin üstündən".

General Çovdarovun sürücüsü və qohumu onun haqqında dedilər ki...

Fasilədən sonra Akif Çovdarovun vəkilləri məhkəmədə jurnalistlərin də iştirakına imkan verilməsinə dair vəsatət qaldırıblar. Amma məhkəmə vəsatəti təmin etməyib.

"Hindistanlılardan brilyantı alıb, pulunu vermirdi"

Ardından zərərçəkmiş Şahmar Qurbanovun direktor olduğu "Riyad Prodakşn"ın həmtəsisçisi, "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov dindirilib. O, istintaqa ifadəsini təsdiqləyərək deyib ki, Şahmar Qurbanov MTN-ə pulu çatdırmaqdan ötrü ondan da 40 min dollar borc alıbmış.

Buna da bax:​ 'Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, imza atacağam'

Şahmar Qurbanovun ifadəsində Akif Çovdarovun yaxın adamı kimi İsgəndər Hüseynovun da adı çəkilirdi. Zərərçəkmiş bildirmişdi ki, Çovdarov bir sıra hallarda tələblərini çatdırmaq üçün onun yanına İsgəndər Hüseynovu göndərirdi.

Məhkəmədə şahid kimi dindirilən İsgəndər Hüseynov Çovdarovun qohumu olduğunu, MTN-də çalışdığını bildirib və indi təqaüddə olduğuna da diqqət çəkib.

Şahmar Qurbanov ifadəsində Çovdarov üçün brilyantlar gətirməkdən ötrü Dubaya ilk dəfə İsgəndər Hüseynovla birlikdə getdiyini demişdi. Çovdarovun qohumu onunla Dubaya getdiyini təsdiqləyib, amma brilyant yox, avtomobil gətirməkdən ötrü. MTN-də işlədiyi dövrdə həm də maşın alverilə məşğul olmasını İsgəndər Hüseynov ailə vəziyyəti ilə izah edib.

Buna da bax: Akif Çovdarovun həbsdəki əmlakları

O öz ifadəsində zərərçəkmiş Qurbanovu dələduzluqda suçlayıb. Deyib ki, o, hindistanlılardan brilyantı alıb, pulunu verməyib və elə həmin brilyantı satarkən də tutulub.

Zərərçəkmiş şahidin dediklərinə etiraz edib.

"Maşında agentlərlə görüşürdü"

General Çovdarovun sürücüsü Nurxan Atakişiyev də məhkəmədə dindirilib. Çünki bir sıra zərərçəkmişlər, o cümlədən Şahmar Qurbanov ifadəsində pulu MTN generalına xidməti avtomobilində, sürücüsünün yanında verdiyini deyir.

Amma Nurxan Atakişiyev bildirib ki, Şahmar Qurbanovu heç vaxt görməyib, onun yanında da Çovdarov bu adamdan pul almayıb. Atakişiyevin dediyinə görə, bəzən avtomobildə rəisi müəyyən adamlarla, o cümlədən agentlərlə görüşüb, söhbətləşib, amma o bu işlərə qoşulmayıb.

Məhkəmə noyabrın 28-də davam edəcək.

Buna da bax:​ Çovdarov: 'Siz bu işə hakimlik etmək iqtidarında deyilsiniz'

"Çovdarovun qohumu olduğu üçün onu müdafiə edir"

Məhkəmədən sonra AzadlıqRadiosu-na danışan Şahmar Qurbanov deyib ki, şahid İsgəndər Hüseynov Akif Çovdarovun qohumu olduğundan, bir çox məsələləri təhrif edib: "İsgəndər Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Ona görə də onun xeyrinə danışır. Məhkəmədə deyir ki, "məni MTN-də Çovdarovun otağına o aparıb, sonrakı söhbətlərdən xəbəri yoxdur.

Məndən 500 min pul, 380 minlik brilyant alıblar. İsgəndəri mənimlə Çovdarov tanış edib. Onun göstərişi ilə brilyantı gətirməyə birlikdə getmişik".

XATIRLATMA

A. Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax: '8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'

A. Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG