Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:01

Üzeyir Hacıbəyovun özü qədər tanınmamış, yazıçı, jurnalist, musiqiçi qardaşı


Solda Ceyhun Hacıbəyov, sağda onun qardaşı Üzeyir Hacıbəyov.
Solda Ceyhun Hacıbəyov, sağda onun qardaşı Üzeyir Hacıbəyov.

Elnur Musayev Bədəl

Üzeyir Hacıbəyovun özü qədər tanınmamış, yazıçı, jurnalist, musiqiçi qardaşı

Ceyhun Hacıbəyovun elmi-publisistik fəaliyyəti bizim ədəbiyyat və tarix elmimizdə tam tədqiq olunmamışdır.

Ceyhun bəy əsasən rus dilində yazırdı. O, 1911-ci ildə "Kaspi" qəzetində, sonra Fransada fransız dilində çap etdirdiyi "Azərbaycanın gülləri" adlı məqalədə Natəvan, Aşıq Pəri, Fatma xanım Kəminə, Ağabəyim Ağa (Ağabəyim Ağa Qarabağ hakimi İbrahim Xəlil xanın qızı, Fətəli şah Qacarın zövcəsidir. Tanınmış yazıçı-publisist Mehriban Vəzir bu günlərdə qələmə aldığı “Ağabəyim ağa Cavanşir” bədii‐publisistik əsərini oxuculara təqdim edib. – Elnur), Qubalı Banu kimi azərbaycanlı şair qadından söhbət açırdı. Hələ o zaman ümumiyyətlə Azərbaycan ədəbiyyatının geniş tədqiq olunmadığı bir zamanda onun şair qadınlarımız haqqında ürək açıqlığı və fəxrlə danışması özü mühüm hadisə idi, çünki onlar islam dininin tələblərinə boyun əyib dörd divar arasında da, çadra altında nəinki öz insani hüquqları uğrunda mübarizə və etiraz səsini qaldırmış, həm də öz faciəsinə poetik çələng hörmüşlər. C.Hacıbəyov yazırdı: "Azərbaycan xalqının poetik aləminə daxil olan adlar arasında biz elə qadın adlarına rast gəlirik ki, onlar özləri haqqında çox şey deyir. Bu qadın şairlər nəinki öz kişi həmkarlarından geri qalmır, hətta bəzi məsələlərdə xüsusən ən nəcib hisslərin ifadəsində, insan qəlbinin qadın üçün doğma olan incə tellərini ehtizaza gətirməkdə onları üstələyir".

Buna da bax: Ceyhun Hacıbəylinin 'Qürbətdən gələn səslər”i “eşidildi'

Ədəbiyyatımız tarixində ilk dəfə olaraq C. Hacıbəyov onların bir sıra şeirlərini rus və fransız dillərinə tərcümə etmişdir. Təkcə məqalənin adının "Azərbaycanın gülləri" adlandırılması çox şey deyirdi.

Ceyhun Hacıbəyov istedadlı publisist və gözəl nasir idi. Onun külli miqdarda məqalələri ilə bərabər "Hacı Kərimin səhəri" adlı povesti də vardır ki, hələ inqilabdan əvvəl rus, fransız və Azərbaycan dillərində kitab şəklində çap olunmuşdur. Ceyhun Hacıbəyov tədqiqatçı idi. Onun Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə, etnoqrafiyasına aid külli miqdarda tədqiqatları vardır.

Ceyhun Hacıbəyovun gənclik illəri.
Ceyhun Hacıbəyovun gənclik illəri.

"Hacı Kərimin səhəri" povesti C. Hacıbəyovun hələlik bizə məlum olan son nəsr əsəridir. Hacı Kərimin Hacı Qara, Məşədi İbad kimi klassik obrazlarla müəyyən qohumluq əlaqələri vardır.

Müəllif əsəri M. Y. Lermontovun "Zəmanəmizin qəhrəmanı" kimi ayrı-ayrı hekayələr şəklində yazmışdır. Hər bir hekayə ayrılıqda bitkin bir əsər olub, birləşəndə povestin müxtəlif hissələrini təşkil edir.

Hacı Kərim Kərbəlayi Allahverdixan oğlu ad və ayamasının Məşədi İbadla səsləşməsi vardır.

"Məşədi İbad" operettası yazılarkən qardaşlar bu əsərdən istifadə etmişlər. Bunu deməyə tam əsas vardır. Çünki "Hacı Kərimin səhəri" 1909-1911-ci illərdə yazılmış və hissə-hissə "Kaspi" qəzetində dərc edilmiş, əsər 1911-ci ildə Bakıda ayrıca kitab halında çap olunmuşdur. Bir az sonra isə Vahab Ağamalıbəyovun tərcüməsində ("Baku" qəzeti 1913-cü ildə xəbər verirdi ki, Ceyhun Dağıstaninin "Hacı Kərimin səhəri" adlı povesti Vahab Ağamalıbəyovun tərəfindən fransız dilinə tərcümə olunmuş və çap edilmişdir- Elnur) fransız dilində də çapdan çıxmışdır. "Məşədi İbad" isə bundan xeyli sonra yazılmışdır. Üzeyir Hacıbəyovun bəzi səhnələri öz kiçik qardaşının əsərindən iqtibas etməsi şübhəsizdir.

Onun gördüyü işlər bunlarla məhdudlaşmır. O, Şuşada “Rus-tatar” məktəbində ilk təhsilini başa vurduqdan sonra Bakıya gəlir və burada təhsilini davam etdirir. Onun hərtərəfli istedadı burada özünü büruzə verir və o zaman ən kütləvi qəzetlərdən biri olan "Kaspi"nin nüfuzlu əməkdaşlarından olur.

N. Nərimanov 1918-ci ildə yazırdı ki, "Kaspi" qəzetində "Müsəlmanların həyatı və mətbuatı" rubrikası vardı, onu hazırlamaq və aparmaq qəzetin ədəbi əməkdaşı Mehdibəy Hacınskiyə həvalə edilmişdir. Bundan əlavə cənab Ceyhun bəy Hacıbəyov ("Dağıstanlı"- Ceyhun Hacıbəyov inqilabdan əvvəl "Dağıstani" imzası ilə yazırdı və Fransaya köçüb gedəndən sonra da bir müddət bu imza ilə çıxış etmişdir- Elnur) da bu işə dəvət olunmuşdur.

"Kaspi" Hacı Zeynalabdin Tağıyevin pulu hesabına çıxdığı üçün və orada Azərbaycan xalqının həyatı, ədəbiyyatı daha geniş əks olunduğuna görə ona xalq arasında "Müsəlman Kaspi"si də deyirdilər. Bu məsələdə C. Hacıbəyovun da rolu çox idi.

C.Hacıbəyov, 1917-1918-ci illərdə fasilələrlə çap olunan "İttihad" və " Müsəlmanlıq" qəzetlərinin redaktoru idi. Bu qəzetlər prinsipiallıq, fikir və məqsəd aydınlığı ilə seçilməsə də, hər halda ilk milli addımlar idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Ceyhun bəy onun işində fəal iştirak edirdi. Respublikanın ilk kütləvi və gündəlik mətbuat orqanı olan "Azərbaycan" qəzetini bir müddət böyük qardaşı Üzeyir, eyni adla rusca çıxan qəzeti isə kiçik qardaş Ceyhun bəy redaktə edirdi.

Buna da bax: Azərbaycanca ilk məktəb, ilk teatr, ilk universitetin yaranmasında o iştrak edib

Yeri gəlmişkən, deyək ki, keçmiş zamanlarda Üzeyir Hacıbəyovun həyat yolu haqqında söhbət düşəndə onun yaratdığı əsərlərdən danışırdılar, amma o dövrlərdə, əsrin əvvəllərindən 1920-ci ilə qədər onun ictimai-siyasi fəaliyyəti haqqında heç bir şey deyilmirdi. Bəzən xəlvəti deyirdilər ki, Üzeyir Hacıbəyov Musavat hökumətinin üzvü olubdur və sairə, amma onun üstünü vurmaq lazım deyildi.

Ceyhun Hacıbəyov Parisdə Azərbaycan Xalq Cumhuriyyətinin göndərdiyi nümayəndə heyyətinin tərkibində, 1919-cü il.
Ceyhun Hacıbəyov Parisdə Azərbaycan Xalq Cumhuriyyətinin göndərdiyi nümayəndə heyyətinin tərkibində, 1919-cü il.

Bəli, Üzeyir Hacıbəyov Azərbaycanın ilk demokratik respublikasının yaşaması, inkişaf etməsi üçün çalışmış, fəaliyyət göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün cəhdlər göstərmişdir. Parisə-Versal konfransına gedən Azərbaycan nümayəndəsinə onun verdiyi tövsiyyələr, məsləhətlər və göstərişlər Üzeyir Hacıbəyovun kiçik qardaşı Ceyhun Hacıbəyov nümayəndə heyətinin tərkibində idi - bunlara canlı sübutdur.

Ceyhun bəy lap erkən yaşlarından yaşlı müasirləri arasında məşhur idi. "Baku" qəzeti 1909-cu ilin dekabr ayında yazırdı: "İlk Azərbaycan operası olan "Leyli və Məcnun"un yaradılmasında Üzeyir Hacıbəyova kömək etmiş kiçik qardaşı Ceyhun Hacıbəyov artıq Paris konservatoriyasında Murtuza Muxtarovun hesabına təhsilini davam etdirir".

Bəzi tədqiqatçılar isə yazırlar ki, “Əvvəla o, ilk professional musiqi təhsilli Azərbaycan ziyalısı idi və böyük qardaşı, Azərbaycan opera sənətinin banisi Üzeyir bəylə birlikdə "Leyli və Məcnun" operasını ərsəyə gətirmiş, onun ilk tamaşasında İbn-Səlam rolunu ifa etmişdir. Ceyhun Hacıbəyovun ilk operamız "Leyli və Məcnun"un yaranmasında həm bəstəkar, həm librettoçu kimi iştirak etmişdir”.

Lakin bu kimi fikirlər mübahisəyə açıq mövzulardır. Qeyd edilməlidir ki, "Leyli və Məcnun" operası yarananda Ceyhun bəyin 16 yaşı vardı. Həm də qardaşlar arasında Qori müəllimlər seminariyasında təhsil alan, Avropa musiqisi ilə yaxından tanış olan, bir neçə alətdə ifa edə bilən təkcə Üzeyir Hacıbəyov olub.

Bir də axı Ceyhun bəy özü yazılarında etiraf edib ki, "Leyli və Məcnun" operası yaranarkən libretto üçün şeirlərin seçilməsində köməkçi olmuşdur. Düzdür, Ceyhun bəy sonralar Üzeyir Hacıbəyovun operalarının bəzilərində aktyor kimi çıxış edib. Fransada yaşayarkən "Arşın mal alan"ı fransız dilinə tərcümə edib, orda səhnəyə qoyub.

Ceyhun Hacıbəyli və qohumu musiqiçi Soltan Hacıbəyli.
Ceyhun Hacıbəyli və qohumu musiqiçi Soltan Hacıbəyli.

Köhnə afişalarda C. Hacıbəyovun adının müəllif kimi verilməsinə gəldikdə, bunun da səbəbi və tarixçəsi var. Ramazan Xəlilov xatirələrində qeyd edirdi ki, Üzeyir Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda və başqa şəhərlərdə oynanılan tamaşalardan qonorar almaq üçün M. Moqamayevi öz vəkili, C.Hacıbəyovu isə həmmüəllif kimi qeyd etmişdi ki, onlar həmin məbləği ona və ailə üzvlərinə çatdırsınlar.

1912-ci ildə Üzeyir bəy 5 opera, 2 operetta yazdığı halda M. Maqomayev heç bir səhnə əsəri yaratmamışdı.

Buna da bax: 37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Ceyhun bəy ədəbi və musiqi zövqlü adam idi. Üzeyirlə bəy ilə Ceyhun bəyin fikirlərində və zövqlərində bəzən kəskin fərqlər də müşahidə olunur. Məsələn, Böyük sələfi M. F. Axundzadə kimi, Ceyhun Hacıbəyov oxucuların şüuruna təsir edən sənət nümunələri tələb edirdi, ağlamağın, göz yaşının əleyhinə idi. "Ağladıqca kişi qeyrətsiz olur" deyən Sabiri də buna görə sevir və yüksək qiymətləndirirdi. O, səhv olaraq böyük şairimiz Füzulini pessimizmdə günahlandırırdısa da, bu səhv onun sənətdə dönüş yaratmaq meylindən doğurdu. Dövr insan zəkasına təsir göstərən, onun ağlına qida verən, mübarizəyə səsləyən sənət əsərləri tələb edirdi. Bu mövqedən çıxış esən C. Hacıbəyov açıqca yazırdı: "Məgər aydın deyilmi ki, əsər nə qədər pessimist, nə qədər sentimental olarsa, bizdə bir o qədər az həyəcan doğurar (əgər biz həyəcanlanmağa qadiriksə!)"

Üzeyir Hacıbəyov isə əksinə. O ilk əsəri üçün Məhəmməd Füzulinin yardıcılığına müraciət edib, o mövzunu seçib və bunun əsasında ölməz bir əsər yaraıbdır. 107 ildir ki, bu əsər Azərbaycan səhnəsində göstərilir və biz əminik ki, əsrlər boyu yaşayacaqdır.

Üzeyir Hacıbəyovun Məhəmməd Füzuli yaradıcılığına müraciət etməsi təsadüfi sayıla bilməz. Üzeyir bəy ingilislərin Şekspirə verdikləri qiyməti xatırladaraq göstərir ki, "İngilislər sərvəti-təbiisindən milyonlar qazanmaqdan başqa, dünyanın ən gözəl və qiymətli bir yer guşəsi olan Hindistanı tək bir nəfər adamlarına dəyişməyə razı deyillərdir. Bu adam kim idi? Şairi- milliləri olan məşhur Şekspir idi. İngilis əhli o şairi-şəhiri bütün Hindistandan əziz tutulardı". Bu, Üzeyir Hacıbəyovun Məhəmməd Füzuliyə verdiyi qiymətdir.

O, "Arşın mal alan" operettasını gülmək üçün, yaxşı mahnılarla insanlara zövq vermək üçün yaratmadı. O göstərdi ki, bəli, bizim o vaxtkı adət-ənənələrimiz imkan vermədi ki, insan sərbəst olsun. Hətta həyat yoldaşını seçmək üçün də onu görə biıməzdi. Onun gərək xalası, bibisi, ya da, nə bilim, kimisə gedib görəydi, seçəydi, gətirəydi oğlanın evinə. Təkcə musiqidə yox, elmdə, ədəbiyyatda, bütün sahələrdə - texnikada, sənayedə biz avropalaşdıq. Avropa ölkəsi olduq.

Üzeyir Hacıbəyov “Arşın mal alan”. “O olmasın, bu olsun” operettalarında tək gözəl musiqi ilə insanlara zövq vermək, yaratdığı əsərlərin personajları ilə onları güldürmək, sevdirmək məqsədi yox, başqa məqsədlər aşıyırdı. Onun məqsədi xalqımızın həyatında olan mənfi cəhətləri- ətaləti, nadanlıq, xalqımızı geriyə salan ayrı-ayrı adətləri insanlar üçün ən təsirli vasitə-musiqi vasitəsilə tənqid, ifşa etməkdən, xalqın gözünü açmaqdan, onu irəliyə aparmaqdan, xalqın məəniyyətini, mənəviyyatını qaldırmaqdan ibarət idi. Şübhəsiz ki, bu musiqi əsəri vasitəsilə hər bir insana daha tez çatır.

Hər bir bədii əsər insanlara təsir göstərir, şübhəsiz ki, müsbət təsir göstərir - onların xarakterlərinin formalaşmasına, inkişf etməsinə, mədəni səviyyəsinin artmasına böyük təsir göstərir. Amma musiqi əsəri vasitəsilə göstərilən təsir bütün o biri əsərlərin təsirindən yüksəkdir. Əgər nəzərə alsaq ki, əsrin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da çox az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin Üzeyir Hacıbəyov opera vasitəsilə Məhəmməd Füzulinin sözlərini “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa operettaları - musiqi vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük ximətlər göstəribdir.

“Bütün müharibələri görüm lənətə gəlsin! Ar olsun insan cəbbəxanası yaradanlara!”- deyən Ceyhun Hacıbəyov vaxtilə "şovinizm başqa xalqların rahatlığını və xoşbəxtliyini əlindən almaq hesabına öz vətəninə saxta və eybəcər məhəbbət göstərməkdən ibarətdir ki, bu ancaq alçaqlıq deməkdir" deyən A. Seretelini də buna görə sevir və pərəstiş edirdi. Şairin vəfatı zamanı o da Azərbaycan heyətində Tiflisə getmiş və sevimli şairin məzarı başında matəm nitqi söyləyərək demişdi: "Rahat yat, ey sənə layiq olan xalqın böyük oğlu! Sənin tabutun qarşısında and içirəm ki, xalqın bundan sonra da azərbaycanlıların simasında özünün inanılmış və sevimli dostlarını görəcək və and içirəm ki, ümumi tellərlə bir-birinə bağlı olan bu qardaşlar bundan sonra da əl-ələ verəcəkdir! Qoy sənin böyük ruhun öz xalqının taleyi üçün narahat olmasın. Mənə belə deyirəm və güman etmirəm ki, elə bir azərbaycanlı tapılsın ki, o bunu başqa cür desin"

1920-ci ilin aprelində cümhuriyyətin işğalı cəmi 28 yaşında böyük arzularla Parisə yollanan Ceyhun bəyi çıxılmaz duruma salıb.

O - Azərbaycan mühacirlərinin ən gənc nümayəndəsi, o vaxtdan Parisdə yaşamağa məcbur qalır.

Fransada bir çox çətinliklərlə üzləşir. Ceyhun bəy Hacıbəyli maliyyə çətinliklərinə görə təhsil haqqını ödəyə bilmədiyinə görə oğlu Temuçin (öz vəhşilikləri ilə Ənvər PaşaAdolf Hitleri kölgədə qoyan monqol Çingiz xanın adı da Temuçin olub. Ehtimal etmək olar ki, türkçülüyün təsirində olan Ceyhun bəy oğlunun adını Çingiz xanın şərəfinə verib. Nə qədər kobud səslənsə də deməliyik ki, milyonlarla insanın ölümünə səbəb olan bir insana məhəbbət Ceyhun bəyin siyasi savadsızlığının göstəricisidir - Elnur) Hacıbəylini 1932-ci ildə Rişelye kollecində dərsə buraxmırdılar. Həmin ilin fevral ayının 26-da Əlimərdan bəy Topçubaşov məktubla kollecin direktoruna müraciət etdi. Əlimərdan bəy Topçubaşov yazırdı ki, təhsil qabiliyyətinə, xüsusən fransız, ingilis və hətta latın dillərini öyrənmək bacarığına görə bu gəncin rəhbərlik etdiyiniz kollecin birinci şagirdi olduğunu siz də bilirsiniz və Azərbaycanda doğulmuş bu gəncin simasında biz ölkəmizin ehtiyac duyduğu gözəl hazırlıqlı, Avropa təhsili görmüş bir vətəndaşımıza görə onun valideynlərinə və sizin məktəbə minnətdar olacağıq. Əlimərdan bəy kollec rəhbərliyindən xahiş edirdi ki, Avropanı bürümüş böhran şəraitində mühacir həyatı yaşayan Hacıbəyli ailəsinin maddi çətinliklərini nəzərə alsın və bu istedadlı gəncin təhsildən ayrılmasına yol verməsin. O, təminat verirdi ki, ilk imkan düşən kimi Hacıbəylilər kollecə olan təhsil borclarını ödəyəcəklər.

Ceyhun bəy yaşayış problemlərini müvəqqəti olaraq həll etmək üçün Əlimərdan bəydən 300 frank pul istəmişdi. Bununla bağlı 1929-cu ilin iyun ayının 12-də Ceyhun bəyə yazırdı: "Çox təəssüf ki, mənim Ələşrəfə (Əlimərdan bəyin kürəkəni - Elnur) ümidlərim özünü doğrultmadı və bu, bütün gecəni məni narahat edib. Edə biləcəyim bir şey varsa, bu da Ənvərin yay xərcləri üçün nəzərdə tutulmuş 10 dolları Sizə göndərməkdən ibarətdir... Bu, 250 frank edir (dünən kurs 25 frank idi). Çox təəssüf edirəm ki, bütün 300 frankı Sizə göndərə bilmirəm. Ümid edirəm bununla keçinə biləcəksən. Uğurlar arzu edirəm. Başqa bir məktubunda o, Ceyhun bəyə ürək-dirək verərək yazırdı ki, sizə bundan sonra da dayaq olmağa tale mənə imkan verəcəkdir, gəlin ümidimizi itirməyək.

Ceyhun Hacıbəyli ömrünün son illərində Fransada, 1961-ci il.
Ceyhun Hacıbəyli ömrünün son illərində Fransada, 1961-ci il.

Xatırladım ki, Ceyhun Hacıbəyov da qardaşı Üzeyir Hacıbəyov kimi dostluqda sadiq və mərd insan olub. Məsələn, Əlimərdan bəy Topçubaşov, 1929-cu ilin mart ayının 6-da Bakıda vəfat etmiş qayınanası Hənifə xanım Məlikova üçün aprel ayının 13-də qırx mərasimi verəndə Ceyhun bəydən başqa Azərbaycan nümayəndə heyəti üzvlərindən müxtəlif bəhanələrlə orada heç kim iştirak etməmişdi. Halbuki dağlı, gürcü, erməni və digər mühacir təşkilatların Parisdə olan nümayəndələrinin əksəriyyəti həmin gün başsağlığı vermək üçün gündüz saat 3-də Əlimərdan bəyin Sen Kludakı evinə toplaşmışdı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan mühacirləri isə ona teleqram və məktublar göndərərək Azərbaycanda qadın təhsilinin bünövrəsini qoyan bu böyük maarif xadiminin vəfatı ilə bağlı başsağlığı vermişdilər. On il bir yerdə çalışdığı nümayəndə heyəti üzvlərinin qırx mərasiminə gəlməməsi onu çox məyus etmiş və bu mərasimdən az sonra o, səhhətində yaranmış ağırlaşma ilə bağlı müalicəyə getməli olmuşdu.

Cəlal Bərgüşad öz xatirələrində yazır: "1960-cı ilin aprelində Parisə getmişdim. İstədim ki, Parisdə Üzeyirin qardaşı Ceyhun bəyin oğlu Teymurçinlə (Cəlal Bərgüşad Temuçinin adını belə göstərib- Elnur) görüşəm. Bu məqsədlə Sorbonna universitetinə getdim. Lakin görüş mənə qismət olmadı. O vaxt Parisdə tələbələr tətil etmişdilər. Universitet bağlanmışdı".

Buna da bax: Ceyhun bəy Hacıbəyli-125 - Prezident sərəncamı çıxdı

Mayestro Niyazi xatirələrində deyir: " Parisdə Ceyhun bəyin oğlu Temuçinlə görüşmək istədim. Ancaq mümkün olmadı. Sonralar onunla Bakıda görüşdüm. Onu apardım Şuşaya, əmisi Üzeyir Hacıbəyovun ev muzeyini ona göstərdim..."

Bəzi tədqiqatçıların yazdığına görə Üzeyir Hacıbəyov da qardaşı Ceyhun bəylə görüşmək istəmişdir. Onlar bu xüsusda yazırlar: “Bir dəfə Üzeyir bəy Məleykə xanımla Parisə - Ceyhun bəyin yanına getmək istəyir. Amma anasını heç kimə etibar etmədiyi üçün bu istəyi elə istək olaraq qalır. Parisə gedə bilməyəcəklərini Ceyhun bəyə məktubunda belə yazırdı: “Məleykə ilə yanınıza gəlmək istəyirik. Amma ana çox qocalıbdır. Onu burada qoyub getsək halı daha da yaman olar, çünki onun canı ancaq bizdə rahat olur. Zülfüqargildə qalanda naxoşlayır, onlar ilə dolana bilmir. Bizim getməyimiz onun həm əziyyətini artırır, həm də qəm və qüssəsini, odur ki, Məleykə də onu qoyub getməyimizin əleyhinədir” Bəradərin Üzeyir. 22.09.1922

Təəssüf ki, biz bu məlumatı dəqiqləşdirə bilmədik.

Tədqiqatçı Elnur Musayev Bədəl.
Tədqiqatçı Elnur Musayev Bədəl.

(Məqalədə Ş. Qurbanov, C. Həsənli və S. Fərəcovun kitablarından istifadə olunub)

Elnur Musayev Bədəl.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG